Cəmiyyət

Təhsil Nazirliyindən daha bir yenilik

19 İyul 2014 14:54
1 Şərh     Baxış: 2 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maqsud Nəcəfov: "Müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramlarının tətbiqi gələcəkdə müsbət nəticələr verəcək"

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlərin davamı kimi, 2014-2015-ci tədris ili üzrə pedaqoji ixtisaslar üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq edilib. Belə yeniliklərdən biri də müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramlarının həyata keçirilməsidir. Təhsil Nazirliyinin qərarı ilə bu ixtisasları öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcək. Yəni, ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Əgər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcək.

Təhsil Nazirliyinin bu qərarı ilə bağlı fikirlərini "Kaspi"yə bölüşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Riyaziyyat və informatika" fakültəsinin dekanı, riyaziyyat üzrə elmləri doktoru Maqsud Nəcəfov nazirlik tərəfindən əvvəllər də bir sıra islahatlar həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, islahatların birinci mərhələsində bir sıra ali təhsil müəssisəsi və ali məktəb filiallarına pedaqoji ixtisaslar üzrə, kolleclərə "ibtidai sinif müəllimliyi" və "informatika müəllimliyi" ixtisaslarına qəbul dayandırılıb, kolleclərdə "məktəbəqədər təlim və tərbiyə" ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Onun sözlərinə görə, ilk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində tədris proqramlarının məzmununa yenidən baxılması nəzərdə tutulub: "Bununla yanaşı, müəllimlərin yerdəyişməsi və mərkəzləşdirilmiş qaydada işə qəbulunun elektron mexanizmlər əsasında müsabiqə yolu ilə həyata keçirilməsinə başlanılıb. Ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün də əlavə tədbirlər planı hazırlanmaqdadır. Növbəti tədris ilindən isə müəllimlərin praktik təcrübəsi ilə bağlı da yenilik tətbiq olunacaqdır. Belə ki, müəllim hazırlığı prosesində təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Bu məqsədlə məktəblərdə gələcək müəllimlər üçün təcrübə saatları artırılacaqdır. Bu ildən etibarən isə ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir. Əgər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcək. Bu addım müəllimlik peşəsini stimullaşdıracaq, müəllim peşəsinə həvəsi daha da artıracaqdır. Onu da nəzərə almaq lazımdır ki, 500-dən artıq bal toplayan abituriyentlərin dövlət ali təhsil müəssisələrinin pulsuz ixtisaslarında oxumaq şansları çoxdur və bu zaman onlara aylıq təqaüd verilir. Bununla yanaşı, həmin tələbələrə hər ay əlavə 100 manat təqaüdün də verilməsi, ali təhsil alan gəncin hər ay təxminən 200 dollardan çox gəlir əldə etməsi, sosial şəraitini yaxşılaşdırması deməkdir. Eyni zamanda bu addım yüksək potensialı olan abituriyentləri müəllim ixtisasına cəlb edəcək ki, bunun da xeyrini gələcəkdə şagirdlər, bütövlükdə cəmiyyətimiz görəcəkdir".

Təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət də cəmiyyətimizdə müəllim nüfuzunun artırılmasına böyük ehtiyac duyulduğunu bildirib. Bu səbəbdən o, müəllimliyin müqəddəs bir peşə, ad olduğunu qoruyub saxlamaqdan ötrü Təhsil Nazirliyi tərəfindən belə bir qərar qəbul edilməsini müsbət qiymətləndirib. Deyib ki, cari ildən ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd verilməsi də məhz müəllim nüfuzunun artırılmasına xidmət edən amildir: "Bu amil hər bir abituriyentin qarşısında həm həvəs yaradacaq, həm də məsuliyyət. Təbii ki, hər bir şagird öz bilik-bacarıq və potensialına uyğun nəyi isə əldə etməyə can atır. Xüsusi stimullaşdırma proqramlarının tətbiqi yüksək potensialı olan, TQDK-nın qəbul imtahanlarında yüksək bal toplayan bilikli abituriyentləri müəllim ixtisaslarına yönəldəcək. Bu isə gələcəkdə orta təhsil müəssisələrində dərs deyəcək daha intellektual, daha bilikli müəllim kadrların yetişməsinə səbəb olacaq. Bu prosesin davamlı xarakter alması tədricən orta təhsil müəssisələrində təhsilin səviyyəsini daha da artıracaq. Nəticədə övladlarımız, şagirdlərimiz ibtidaidən başlamış, yuxarı siniflərə kimi yüksək səviyyəli təhsil alacaqlar. Fikrimcə, bu, çoxdan həyata keçirilməli idi".

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.