Cəmiyyət

"150 balla ali məktəbə gələn adama təzədən əlifba öyrətmək lazımdır"

17 İyul 2014 18:05
6 Şərh     Baxış: 3 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Professor Əjdər Ağayev: "Təhsil Strategiyası həyata keçirildikcə bu qüsurlar tədricən aradan qalxacaq"

I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün iyulun 12-də keçirilən qəbul imtahanının nəticələri şagirdlərin bilik səviyyəsinin ötən illərdəkindən fərqlənmədiyini ortaya çıxardı. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hər iki qrup üzrə müsabiqə şərtlərini dəyişərək keçid balını 150-ə endirib. Bəs görəsən nə üçün abituriyentlər əvvəldən elan olunan keçid balına qətiyyən yaxın düşə bilmirlər? Suallarımızı tanınmış təhsil eksperti, professor Əjdər Ağayev cavablandırır.

Necə başlanğıc, elə də son...

- Əjdər müəllim, artıq hər il qəbul imtahanlarından sonra keçid ballarının endirilməsi az qala ənənə halını alıb. Sizcə dəyişməyən vəziyyət nəyi diktə edir?

- Bu cavab məntiqi mühakimə ilə bəllidir. Hələ də ali məktəbə yerlər planlı şəkildə - hansı ixtisasasa 50, hansınasa 100 nəfər verilir. Əgər nəzərdə tutulan əvvəlki balla qəbul keçirilsə, yerlər dolmur. Gərək keçid balı abituriyentlər tərəfindən ödənilsin ki, onlar keçsinlər. Ali məktəblərin ixtisaslar üzrə tələbə sayının normal olması vacib şərtlərdən biridir. Bunun müəllimlərin əməkhaqqına və universitetin nüfuzuna təsiri var. Ona görə də bəri başdan keçid balını endirirlər. Təbii ki, 250 bal yığıb keçə bilməyən abituriyent keçid balı 150-ə endiriləndə qəbul olunur və o yerlər dolması təmin olunur. Bunun başqa heç bir elmi, praktiki və keyfiyyət baxımından əhəmiyyəti yoxdur.

- Keçid balının aşağı salınmasının hansısa əks effekti ola bilərmi?

- Biz "keçid balı" deyəndə hər bir abituriyentin biliyinin keyfiyyət dərəcəsini nəzərdə tuturuq. Onların biliyi qazandığı ballarda ehtiva olunur. Əgər imtahan verəndən sonra abituriyentin bilik keyfiyyəti 500-600 bala müvafiq olsa, demək, bu keyfiyyətli bilikdir. Həmin biliklə ali məktəbə qəbul olubsa, onun oxuması da həmin baza üzərində olacaq. Amma ali məktəbə 150 balla gələndə onlara təzədən əlifba öyrətmək lazımdır. Müəllim də məcburdur ki, orta məktəb səviyyəsinə ensin, öyrətsin, ondan sonra tələbə o səviyyəyə qalxsın - buna da filan qədər vaxt gedəcək. Bu sahənin bir mütəxəssisi kimi qəbul ballarının aşağı endirilməsini məqbul hesab etmirəm. Bu, artıq ilk addımdan keyfiyyətsizliyin cığırını açır və bu cür səviyyə axıracan da gedəcək. Ali məktəbdə də o tələbəyə nisbi qiymət veriləcək. Beləcə o, məktəbi başa vuracaq. Bu başlanğıc son nöqtədə də keyfiyyətsiz, formal qiymətləndirməyə gətirib çıxaracaq.

- Sizcə, 150 keçid balı ilə ali məktəbə daxil olan abituriyent necə mütəxəssis olacaq? Yəni onun kadr kimi yetişəcəyinə ümid varmı?

- Gəlin belə götürəkə işə qəbul imtahanı verən 10 balı qazanmalıdır, ancaq 7-10 bal qazansa qəbul olunur. Orada bal endirmə yoxdur. Əgər ali məktəbə aşağı balla qəbul edib sonra da işə qəbulda 10 bal əvəzinə 5 bal toplayacaqsa, o, çöldə qalacaq. Yəni indidən onun uğursuzluğuna şərait yaradılır. Ona görə planlaşdırma elə aparılmalıdır ki, bu gün bir, sabah başqa bir söz deyilməsin. Ortada inam itir. İnsanın bir şeyə inamı yoxdursa, onun fəaliyyəti normal ola bilməz. Mən elə bir neçə gün bundan əvvəldən eşidirəm ki, abituriyentlər bir-birinə "narahat olmayın, keçid balları endiriləcək" - deyə təsəlli verirlər. Onlar da artıq başa düşürlər ki, burada qeyri-ciddi münasibətlər var. Bu münasibət təkcə biliyin səviyyəsizliyini meydana çıxartmır, həmçinin insanların xarakterində bütövlüyü, perspektivi dəqiq bilmək bacarığını pozur. Ona görə bu, psixoloji, intellektual cəhətdən ziyanlıdır. Ümumtəhsilin vəziyyəti bəllidir. Qəbul imtahanlarına qədər sınaq imtahanları keçirirlər. Həmin sınaq imtahanları bir növ "xəstəlik və səviyyə nədir?"- deyə diaqnoz qoyur. Ona uyğun da qəbul balları müəyyənləşdirilir. Əgər bu ballar da endirilirsə, onda bu insanlar nəylə məşğuldurlar? Niyə belə formal işləyir, təhsilə qeyri-ciddi münasibət göstərirlər? İnsanlar məsuliyyət daşımalıdırlar. Heç olmasa, vicdan məsuliyyəti daşımalıdırlar ki, bu qədər ictimai fikrin içində "kefim nə istəyir edirəm" deyilməməlidir. TQDK heç bir elmi əsası və xüsusi göstəriş olmadan, heç bir təlimatı nəzərə almadan, istədiyi formada imtahan keçirir və balları aşağı salır. Məsələn, iki fənn üzrə - Ana dili və riyaziyyat üzrə buraxılış imtahanları keçirir. Ancaq buraxılış imtahanlarının iki fənn üzrə keçirilməsi standartlara cavab vermir. Bunun özü yanlış mövqedir. Orada iki imtahan keçirir, burada isə qrupa dörd fənn salınır - bu, məntiqsizlikdir. Bunun kökündə təhsil elmindən xəbərsizlik, naşılıq dayanır.

150 bal "2" qiymətdir. Bu qiyməti alan uşaq necə oxuya bilər? Təbii ki, oxuya bilməyəcək. Ali məktəb də ödənişliyə keçibsə, həmin ödənişdən pulların əldə ediləcəyini gözləyir. Burada formal qiymət yazılması ehtiyacı yaranır ki, pullar əldən çıxmasın. Beləliklə də bizim gənclərimizin yüksək keyfiyyət hazırlığı pozulur. Nəticədə, biz istedadlara söykənməli oluruq. Onlar yüksək bal da toplayır və instituta keçirlər. Ancaq bir və ya on güllə bahar olmur. Biz istəyirik ki, cəmiyyətimizin bütün insanları həm intellektual, həm mənəvi, həm də münasibətlər mədəniyyəti, dünyaya bələdçilik baxımından yüksək olsunlar.

Biz iki il öncə ümumtəhsil məktəblərində təhsilin keyfiyyətsizliyindən daha çox danışırdıq. Bir ilə və ya beş ilə keyfiyyət arta bilmir. Biz illərlə bu haqda danışa-danışa müxtəlif nizamnamə hazırlayır, imtahan edirik və s. Ancaq gedib məktəbin içinə girmirik ki, orada nə var? Orada təhsil alan insanın hazırlığı və fəaliyyəti necədir? İbtidai sinif müəlliminin səviyyəsi aşağıdırsa, onun dərs dediyi şagird də o səviyyədə orta məktəbə gəlib çıxacaq. Kompleks yanaşma olmalıdır ki, ibtidai sinif müəllimlərindən başlayaraq yuxarı siniflərədək müəllimlərin səviyyəsi ixtisasartırmalar, təlim məşğələləri, müəyyən tapşırıqlarla qaldırılsın. Hər şeyi müəllimdən başlamaq lazımdır. Nə qüsurumuz olubsa, keçib. İndi elə etmək lazımdır ki, səviyyəni artıraq, insanlarımız bəsitlikdən, avamlıqdan çıxsın. Təhsil insanı həyata hazırlamalıdır. Tədrisin içindən gələn bu məsələlər yüksək səviyyədə qurulmalıdır ki, uşaqlarımız ayrı-ayrı mədəniyyət sahələrinə baxışın necə olmalı olduğunu başa düşsün. Dini münasibət məsələsini götürək. Buradan gedib Suriyada vuruşurlar. Bu, onu göstərir ki, məktəb həmin adamda boşluq yaradıb. Ürək boş olanda onu nəyləsə doldurmaq istəyirsən. Demək, məktəb onunla məşğul olmayıb, şəhidlərimizi tanıtmayıb, mədəniyyətimizdən dərs keçməyib, ədəbiyyatımızı öyrətməyib. Hər şeyin kökü məktəbdən gəlir.

Repetitorluq məktəbinin nəticələri


- TQDK sədri hər il açıqlamasında test imtahanlarına salınan sualların kifayət qədər asan olduğunu deyir. Ancaq həm müəllimlər, həm şagirdlər, həm də valideynlər sualların çətinliyindən şikayətlənirlər. Sizcə, hansı fikirdə həqiqət var?

- Mən ötən illərdə suallara baxıb təhlil etmişdim. Dolaşıq, məntiqsiz suallar vardı. Ali məktəbə qəbul imtahanının sualları orta məktəbin son buraxılış sinfinin proqramı üzrə qurulmalıdır. Həqiqətən də qəbul imtahanlarında elə suallar qoyulur ki, onlar orta məktəbdə keçilməyib. Orta məktəbdə keçirilməyən sualları TQDK ilə əlaqə saxlayan repetitorlar bilirlər və onlar repetitorluq vasitəsilə öz şagirdlərinə çatdırırlar. Həmin şagirdlər də üstünlük qazanır. Ancaq əlavə hazırlığa getməyən və ya oradan xəbərsiz repetitor yanına gedənlər geridə qalır. Düzdür, testlərdə asan suallar da var, ancaq daha çox məntiqsiz, dolaşıq və orta məktəbdən kənar suallar da var. Bu fikirlər hər il təkrar-təkrar deyilir, amma yenə də davam edir. Burada fərdi maraqlar da var.

- Təcrübələr sübut etdi ki, son illər 700 bal toplayan abituriyentlər yüksək nəticəni repetitor yanına getməklə əldə edirlər. Onda belə çıxır ki, orta məktəb təhsilinin şagirdlərə verdiyi hər hansı bir bilikdən ümumiyyətlə, danışmağa dəyməz?

- Müşahidələr göstərir ki, yüksək bal toplayanların hamısı repetitor təlimindən keçir. İçərilərində 3-5 nəfər tək-tək ola bilər ki, repetitorsuz yaxşı nəticə göstərsin. Hətta, rayon yerlərindən də qəbul olunan abituriyentlərlə söhbət edəndə görmüşəm ki, onlar da repetitor yanından çıxanlardır. Deməli, hər bir məktəbdə yaxşı müəllimlər var, ancaq onun varlığı, məktəbin varlığı demək deyil. Müəllimlərin böyük əksəriyyəti dərsi başdansovdu keçir. Şagirdləri onun öz yanına repetitorluğa gəlməyə məcbur edir. Bunun kökündə həm də sosial vəziyyətin ağırlığı dayanır. Çünki müəllimin maaşı onu dolandırmır.

Bir çoxlarının bu fikirləri ilə mən də şərik olmaq istərdim ki, bu gün repetitorluq məktəbi ümumtəhsil məktəbinin ümumi fəaliyyətini üstələyir. Çünki nəticələr repetitorluq məktəbinin nəticələridir. Onda elə olmazmı ki, Çingiz Aytmatov demişkən: "İbtidai təhsili möhkəm quraq, ondan sonra da kim hansı ixtisas üzrə gedəcək, 5-6 il hazırlaşıb qəbul olsun və institutu qurtarsın". Elə isə nə üçün şagirdlərin illəri boşa getməlidir? Hər hansı bir məktəbə dərs vaxtı gedin, 10-11-ci siniflərdə yalnız 1-2 şagird görəcəksiniz, qalanları repetitor yanındadır. Buna da məktəbin rəhbərliyi şərait yaradır. Deyir ki, "Mən də istəyirəm, məktəbin adı pis çəkilməsin. Məzunlar çox qəbul olsun". Direktor da öz mənafeyini bu cür güdür. Çünki sabah "filan məktəbin qəbulu bu səviyyədədir" deyəcəklər. Ancaq mən ümumiyyətlə, məktəbin keyfiyyətini onun şagirdlərinin ali məktəbə qəbulu üzrə ölçmürəm. Orta məktəb məzunları tanıyıram ki, zəif qurtarıblar, ancaq məktəbdə onların içində nə var açılmayıb. Sən demə, onlar gözəl idmançıdır, qəhrəmanlıq iradələri var. Elə bilirsiniz, döyüşlərdə qəhrəmanlıq göstərənlər, milli qəhrəmanlarımız "5"-lə oxuyanlardır? Onlar ümumi hazırlıqla vətən üçün, həyat üçün özlərini hazırlayan insanlardır. Məsələn, mən Mübariz İbrahimovun atası ilə söhbət elədim. Dedim ki, burada məktəbin də rolu var. O isə dedi ki, məktəbin rolu yoxdur, məktəb onu ağıllı-başlı tanımadı, bizim genetik imkanlarımız var, mən özüm də belə olmuşam". Ona görə də məktəbin məzunlarının qiymətini yalnız ali məktəbə daxil olmaqla ölçmək düz deyil. Bu sahədə çoxlu problemlər var və bunları da mütəxəssislərlə təhlil etmək lazımdır.

- Necə bilirsiniz, bəlkə ali məktəblərin qəbul yerlərini doldurmaqdansa, 30-40 faiz tələbə çatışmazlığının yaşanması daha məqsədəuyğun olar?

- Bu fikirlə 1-2 illik razılaşmaq olar. Ancaq hər il bu qayda ilə davam etmək olmaz. Bu şərtlə razılaşmaq olar ki, o biri tərəfdən tədrisin səviyyəsi qaldırılsın. Təbii ki, hamının pulu yoxdur ki, əlavə hazırlığa getsin. Orada səviyyəni yüksəltmək üçün 2 il belə əziyyətə dözmək olar. Qoy ali məktəbin 50 yerinin əvəzinə 30 yer olsun. Yox, əgər məktəbin fəaliyyəti elə-belə, formal gedəcəksə, onda bu, həm maddi cəhətdən ziyandır, həm də təhsilin genişlənməsini sıxlaşdırır. Ancaq keyfiyyət baxımından 2 il əziyyət çəkmək olar. Mən özüm də şəxsən o fikirdəyəm ki, keçid balını dəyişmədən abituriyentləri qəbul etmək və sonra nəticəsinə baxmaq lazımdır. Təcrübə göstərir ki, zəif uşaqlar zəif də oxuyurlar. Tutaq ki, mən ali məktəbdə pedaqogikadan dərs verirəm. Estetik tərbiyədən danışanda "Süleyman Ələsgərovun əsərləri" deyirəmsə qrupdakı bütün tələbələr "O kimdir?" deyə soruşurlar. Az qala Səməd Vurğunu tanımayan tələbələr var. Əgər onlar mədəniyyətimizi, bəstəkarlarımızı, incəsənətimizi tanımırlarsa, necə vətəndaşdırlar? Kim onları bu günə qoyub? Şagirdin hazırlığı sinifdənkənar tədbirlərdir. İndi məktəblərdə bu yoxdur, ona görə də uşaqlar yarımçıqdır. Şagirdlər test imtahanlarını əzbərləməklə daxil olurlar. Öz ixtisaslarını az-çox bilsələr də, geniş dünyagörüşə malik olmurlar. Kurikulum 7 ildir tətbiq olunur, ancaq hələ də bu proqramı normal anlayan yoxdur. Hər şey kağızlardadır, ancaq bu, həyatdan gəlməlidir. Bu da ümumi səviyyəni endirir. Bu problemlər gərək peşəkarlıqla həllini tapsın. Bütün bunlar Təhsil Strategiyasında yer alıb. Ancaq bunun həyata keçirilməsi üçün mexanizm lazımdır. Əgər strategiya real və şəffaf olaraq həyata keçiriləcəksə, yəqin ki, bu qüsurlar tədricən aradan qalxacaq.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.