Cəmiyyət

Gülhanə Hərbi Tibb Akademiyasında oxumaq istəyənlərin nəzərinə

16 İyul 2014 11:45
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə daxil olmaq istəyən oğlan abituriyentlər üçün tələbə qəbulu elan edir

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xətti ilə 2014/2015-ci tədris ili üçün Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə tələbə qəbulu elan edilir.

Müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 9 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göndəriləcək. Daxili Qoşunların Baş İdarəsində aparılacaq müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 3 nəfər namizəd Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində tam dövlət təminatındadırlar.

I kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin olunacaqlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 16-dan 24-dək (şənbə və bazar günləri istisna olmaqla) TQDK-ya müraciət edə bilərlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.