Cəmiyyət

Azərbaycanda qəbul imtahanı keçiriləcək

11 İyul 2014 11:23
0 Şərh     Baxış: 1 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 12-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Trend-in məlumatına görə, bununla bağlı cümə günü keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada keçiriləcək.

İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2429 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanın gedişini işıqlandırmaq üçün 50-dən artıq KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib. İmtahanda 28955 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 21828 abituriyent I qrup üzrə, 7127 abituriyent IV qrup üzrə imtahan verəcək.

TQDK sədrinin sözlərinə görə, Bakı şəhərində 12843, Naxçıvanda 1469, Gəncədə 3482, Sumqayıtda 1844, Mingəçevirdə 1334, Şəkidə 1834, Ağcabədidə 954, Göyçayda 1410, Şirvanda 1076, Lənkəranda 1554, Xaçmazda isə 1155 abituriyentin imtahan verəcəyi gözlənilir.

Abituriyentlərdən 26160 nəfəri (I qrup üzrə 19656 nəfər, IV qrup üzrə 6504 nəfər) Azərbaycan bölməsinin, 2795 nəfəri (I qrup üzrə 2172 nəfər, IV qrup üzrə 623 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 17703 nəfəri (I qrup üzrə 13472 nəfər, IV qrup üzrə 4231 nəfər) oğlanlar, 11252 nəfəri (I qrup üzrə 8356 nəfər, IV qrup üzrə 2896 nəfər) isə qızlardır.

M.Abbaszadə bildirib ki, 16 nəfər ali təhsil müəssisələrinin, 791 nəfər orta ixtisas təhsili müəssisələrinin məzunudur. 184 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1988-ci ildən, ən gənci isə 1997-ci ildəndir. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 4-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaq.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.