Cəmiyyət

AMEA elm sahəsi üzrə yeni dövlət proqramının qəbul edilməsini təklif edir

25 Aprel 2014 13:49
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkədə elm sahəsi ilə əlaqədar yeni dövlət proqramının qəbul olunmasını təklif edir

AMEA-nın akademik katibi, İnformasiya Texnologioyaları İnstitutunun direktoru Rasim Əliquliyev Trend-ə bildirib ki, "Elmin informasiyalaşdırılması haqqında Dövlət Proqramı"nın qəbul edilməsi elektron elmin qarşısında duran çoxsaylı problemlərin həll olunmasına yardım edər.

İnstitut direktoru hesab edir ki, elektron elmin müasir tələblərə cavab verəcək səviyyədə formalaşdırılması üçün dövlət dəstəyinə ehtiyac var. Məhz buna görə də ayrıca olaraq "Elmin informasiyalaşdırılması haqqında Dövlət Proqramı"nın qəbul edilməsi məqsədəuyğun olar.

R.Əliquliyevin sözlərinə görə, AMEA-nın elmi müəssisələrinin İKT ilə təminatı vəziyyətinin monitorinqi nəticəsində müəyyən edilib ki, ümumilikdə əməkdaşların 42%-i kompüterlə təmin olunub.

Akademik katib qeyd edib ki, AMEA-da aparılan islahatlar, həmçinin ölkə səviyyəsində İKT-yə böyük diqqət "Elektron Azərbaycan"ın tərkib hissəsi kimi elektron elmin formalaşması və inkişafına zəmin yaradıb.

Alimin bildirdiyinə görə, bu gün AMEA-da elektron elmin elmi-nəzəri əsasları tədqiq olunur, onun şəbəkə platforması olan AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir, elmi qurumların beynəlxalq elmi şəbəkələrlə inteqrasiyası işləri davam etdirilir: "Bununla əlaqədar Elmlər Akademiyasında kompleks tədbirlər həyata keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 36 km-ə yaxın fiber-optik kabel çəkilib və bunun da nəticəsində elmi müəssisələrin 88%-i fiber-optik xətlər vasitəsilə İnternetə qoşulması təmin edilib".

R.Əliquliyev əlavə edib ki, ötən il ərzində alimlərimizin İnternet trafikə olan tələbatı təxminən 3 dəfə, yəni 75 Mb/san-dən 230 Mb/san-yə qədər artıb. "İKT ili" çərçivəsində Rəyasət Heyətinin əməkdaşlarının kompüter avadanlıqları ilə təminatı 100%-ə çatdırılıb. Əvvəlki ildə isə bu göstərici 37% təşkil edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.