Cəmiyyət

Gəncə darvazası aid olduğu torpağa nə zaman qayıdacaq?

24 Aprel 2014 16:40
2 Şərh     Baxış: 9 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Azərbaycana məxsus bir çox tarixi incilər xarici ölkələrin muzeylərində qorunur. Belə incilərdən biri də qədim Gəncə darvazalarıdır ki, Gürcüstandakı monastrda saxlanılır. Gəncə darvazasının bir tayı 12-ci əsrdə qənimət kimi Gürcüstana aparılıb.

9-cu əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmış Gəncə qapıları nadir sənət incilərindən hesab edilir. 1139-cu ildə məlum Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən darvazanın bir tayı Gürcüstana aparılıb və hazırda Gürcüstanın Helat monastrında saxlanılır. Müxtəlif vaxtlarda darvazanın Azərbaycana gətirilməsinə cəhd göstərilsə də, müəyyən səbəblərdən bu mümkün olmayıb.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, tarixçi Samir Pişnamazzadənin sözlərinə görə, darvazaları verməyə əslində kilsə razılaşmır: "Gürcüstan höküməti bir neçə dəfə bu istiqamətdə öz razılığını verib. Sadəcə, orada struktur elə qurulub ki, kilsə daha müstəqildi. Ona görə də bu məsələdə Gürcüstanın baş keşişinin razılığı olmalıdı və əlbəttə, kilsə razılıq vermədiyinə görə hələlik həmin darvaza qalıb Helati monastrında. Amma əlbəttə, biz səbrlə, ağılla necə ki, Nizaminin vaxtı ilə bizim əlimizdə olmayan əlyazmalarını əldə elədik, mərhələ-mərhələ bu məsələ də öz həllini tapacaq".

Maraqlıdır ki, Helati monastrına gələnlərə guya Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılansa da, o vaxt gürcülərin Səlcuq hökmdarlarına qarşı mübarizə apara biləcək qüvvəsi olmayıb. Tarixçilər də bildirirlər ki, qapı əslində Gəncədə 12-ci əsrdə baş vermiş məlum zəlzələdən sonra dağılmış şəhərə qarət məqsədi ilə edilən hücum zamanı aparılıb.

Azərbaycana məxsus bir çox tarixi nümunələr xarici ölkələrdə qorunduğu kimi tarixi Gəncə darvazasının da bir tayı qonşu Gürcüstan dövlətində qorunur. Lakin müstəqil dövlətimizin artan nüfuzu bir çox tarixi nümunələrin Azərbaycana gətirilməsi ilə nəticələndi. İnanırıq ki, yaxın gələcəkdə Gəncə darvazası da aid olduğu torpağa gətiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.