Cəmiyyət

Səttar Mehbalıyev təmizləmə əməliyyatı aparır

24 Aprel 2014 14:57
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycanda sanatoriyaların 99 faizində təmir-abadlıq işləri görülüb

Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev Trend-ə müsahibəsində deyib.

Konfederasiyanın 2014-cü ilin yay mövsümünə ciddi hazırlaşdığını qeyd edən S.Mehbalıyev bildirib ki, bu il sanatoriyaların təmirinə, abadlıq işlərinin görülməsinə daha çox vəsait ayırlıb.

AHİK sədrinin sözlərinə görə, təmir işləri çərçivəsində sanatoriyaların mətbəxləri də yenidən qurulub, mətbəxdə yemək hazırlamaq üçün bütün avadanlıqlar müasir tipli yeni avadanlıqlarla əvəz edilib, bəzi sanatoriyalarda idman qurğuları bayırda da qurulub: "Bəzi sanatoriyalarda köhnə hasarların sökülüb yeniləri ilə əvəz edilməsinə başlanılıb. Eyni zamanda yeni, müasir tipli tibb avadanlıqları alınıb və vahid tibb mərkəzi yaradılıb".

S.Mehbalıyev qeyd edib ki, bəzən insanlar sanatoriyalara tibbi arayış olmadan gəlirlər: "Bu insanların hansı istiqamətdə müalicə almaları barədə sənədləri olmadığına görə, biz onları həmin tibb mərkəzinə göndəririk, orada onlar müayinədən keçir və hansı istiqamətdə müalicə alması bildirilərək, lazımi sanatoriyaya göndərilir. Yəni əlində tibbi arayışı olmadan sanatoriyaya gələn insanların düzgün təyin edilməyən sanatoriyada müalicə alması onların səhhətinə əks təsir göstərə bilər, vəziyyətlərini daha da pisləşdirə bilər. Biz həmin insanların xəstəliyi dəqiqləşdiriləndən sonra hansı sanatoriyada müalicə almasının uyğun olduğunu göstəririk".

Eyni zamanda, S.Mehbalıyev qeyd edib ki, yeni istirahət mərkəzləri də tikilib. Bunlardan biri 2013-cü ildə Nabranda təhsil işçiləri üçün inşa edilib istifadəyə verilən 288 nəfərlik istirahət mərkəzidir: "İstirahət mərkəzi 10 hektar ərazini əhatə edir, orada 50 metrlik qapalı hovuzdan tutmuş idman qurğularına qədər bütün lazım olan avadanlıqlar təchiz edilib. Yəni orada müasir standartlara uyğun istirahət mərkəzi yaradılıb. Eyni zamanda, sanatoriyanın tikintisi zamanı ekoloji qaydalara əməl olunub, orada müasir təmizləyici qurğular qurulub. Kanalizasiya sistemi ilə axıdılan bütün çirkab sular həmin qurğuya daxil olur, orada təmizlənir və ondan sonra çaya axıdılır".

AHİK sədrinin sözlərinə görə, həmin istirahət mərkəzində həm 40-dan artıq kotec, həm də 3 mərtəbəli evlər var: "Həyətində 300-ə qədər insanın istifadə edə biləcəyi yay hovuzu, uşaqlar üçün isə əlavə kiçik hovuz tikilib. Eyni zamanda, orada istirahət edən insanların ekskursiyalarını təşkil etmək üçün 2 ədəd yeni avtobus alınıb".

S.Mehbalıyev qeyd edib ki, bununla yanaşı, dəmiryolçuların, rabitə işçilərinin, dövlət idarələri işçilərinin müasir tipli pansionatları tikilib: "Bundan əlavə, ötən il səhiyyə işçiləri həmkarlar ittifaqı təşkilatı özəlləşdirmə yolu ilə Qusarın keçmiş mərkəzi xəstəxanasını alıb, yəni Qusar rayonunda yeni xəstəxana tikilib, köhnə xəstəxananı isə səhiyyə işçilərinin həmkarlar ittifaqı təşkilatı özəlləşdirmə yolu ilə Dövlət Əmlak Komitəsindən alıb və oranın istirahət mərkəzinə çevrilməsi üçün rekonstruksiya işləri aparılır. Yəqin ki, gələn il həmin istirahət mərkəzi istifadəyə veriləcək. Hazırda orada işlər davam etdirilir".

Komitə sədrinin sözlərinə görə, ümumilikdə ötən il 5 yeni pansionat tikilib və hazırda bu proses davam etməkdədir. S.Mehbalıyev onu da qeyd edib ki, bu sanatoriyalar həmkarlar ittifaqı təşkilatlarının öz vəsaitləri hesabına inşa edilib: "Qeyd etmək istərdim ki, keçmiş Sovet respublikalarının heç birində həmkarlar ittifaqı təşkilatları bir dənə də olsun yeni pansionat tikə bilməyib. Ancaq biz Konfederasiya olaraq həmkarlar ittifaqı təşkilatlarından tələb edirik ki, onlara daxil olan vəsaitlərdən qənaətlə istifadə edib istirahət mərkəzləri tiksinlər. Misal üçün, mədəniyyət işçilərinin həmkarlar ittifaqı təşkilatı öz vəsaiti hesabına 2 hektar torpaq sahəsi alıb".

S.Mehbalıyev vurğulayıb ki, 2013-cü ilin yekunlarına görə, 50 min 500 nəfərdən artıq Azərbaycan vətəndaşı öz istirahətlərini təşkil edə bilib. Bundan əlavə, 18 min uşaq istirahətə göndərilib. Onlardan 3200 nəfəri yay uşaq düşərgələrində, digərləri isə ailəvi sanatoriyalarda ailə ilə birgə istirahətə gedib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.