Cəmiyyət

Dustağın informasiya payı necə kəsilir?

23 Aprel 2014 18:26
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aleksandr Dümanın "Üç muşketyor" əsərində çox koloritli Miledi obrazı var. Bu xanım həyatı boyu onlarla cinayət törətsə də, cəzadan qaça bilirdi. Hətta əsərin qəhrəmanlarından biri, Miledinin keçmiş əri - Atos ləqəbli qraf de La Fer onu qətlə yetirmək istəsə də, bu xanım dar ağacından belə xilas ola bilmişdi. Atos sevimli xanımının çiynində zanbaq şəkilli damğa görəndən sonra onu öldürmək qərarına gəlmişdi.

O dövrdə zanbaq Fransa krallarının rəmzi idi, adətən pozğun qadınları və oğruları bu cür damğalayırdılar, elə bil onları paklığı ifadə edən güllə "təmizləyirdilər". Əlbəttə, bu damğanı gəzdirən insan ömrünün sonuna qədər ləkəli sayılırdı, ölənədək bu rüsvayçılıq işarəsini canında gəzdirməli idi.

O zamanlar məhbusların da vəziyyəti yaxşı olmayıb. Ən dəhşətli cəzaların tətbiqi, ölüm hökmləri, fiziki və mənəvi təzyiq formaları belə cinayətin sayını azalda bilməyib.

Cəmiyyət inkişaf etdikcə, liberal dəyərlər hakim mövqe tutduqca cəzaçəkmə müəssisələrində da vəziyyət dəyişməyə başlayıb. Daha mükəmməl sistem qurmağa çalışan islahatçılar müxtəlif üsullara əl atıblar. Həbsxanalarda keçirilən təcrübələrin bəzisi uğurlu olub, bəzisi yox.

ABŞ-ın Filadelfiya ştatındakı məşhur Şərq zindanının tarixi maraq doğurur. 1787-ci ildə Filadelfiyada Benjamin Franklinin evində toplaşan insanlar yeni tip cəzaçəkmə müəssisəsi qurmağa qərar verdilər. O zaman həbsxanalarda kişi, qadın və uşaqlar bir yerdə saxlanırdı, zorakılıq, çirkab, xəstəliklər baş alıb gedirdi.

Yeni inşa olunan Şərq həbsxanası isə 1829-cu ildə təhvil verildi. Islahatçıların ilkin düşüncəsinə görə, çox baha başa gələn həbsxanaya yerləşdirilən hər bir cinayətkarın məhz dəyişdirilməsi, düzgün yola yönəldilməsi kimi cəsarətli plan ortaya qoyulmuşdu.

Məhbuslar ayrı-ayrı kameralara yerləşdirilir, onlar üçün qapalı, səssiz şərait yaradılırdı. Cəzaya məhkum edilmiş insanın uzun müddət heç kəslə ünsiyyət qurmaq imkanı olmurdu. Onları qoruyan nəzarətçilərə isə danışmaq qadağan idi.

Məhbusları uzun müddətə təcrid etmək praktikası əslində əks-effekt verdi, çünki insan üçün ünsiyyət qurmaq, informasiya almaq, bilik qazanmaq hava-su kimi vacibdir. Bunsuz həyat yoxdur. Səssizlikdən bezən məhbuslar dəlilik həddinə çatır, qışqırır, qarabasmalarla çarpışırdılar.

Həbsxana rəhbərliyi belə məhbusları çox ciddi cəzalandırırdı. Onlara yemək verilmirdi, səs salanların əl-ayağı bir neçə həftə qayışla bağlanırdı. Hərəkətsizlikdən, qan dövranının pis işləməsindən insanların əl-ayağı qaralırdı. Qışın soyuğunda başına asta-asta soyuq su endirilən məhbus dəli olmaq dərəcəsinə çatırdı. Çox səs salan məhbusların ağzına dəmir metal vurulur, iki tərəfdən də zəncirlə əllərə bağlanırdı. Əlini yüngülcə tərpədən məhbusun dilini bu metal parçası doğram-doğram edirdi.

Illərlə davam edən bu təcrübənin mənasızlığı bir daha təsdiqləndi. 1913-cü ildə Amerika hökuməti qaydaları dəyişdi, ümumi yeməkxana, emalatxana yaradıldı. Bir neçə məhbusun bir kamerada yerləşməsinə icazə verildi.

Kamerada televizora baxmaq pulludur - ayda 6 avro

Belə sərt qərarlar müasir insana qəddar görünə bilər. Amma nə etməli, hər dövrün öz qanunları, öz imkanları vardı. Hazırda hətta ölüm hökmü kəsilmiş insana belə cəza metodunu seçmək imkanı verilir. Indiki sivilizasiyanın imkanları böyükdür deyə məhbuslara qarşı daha liberal qanunlar tətbiq olunur.

Ən mükəmməl həbsxanalar da elə Avropa Birliyi ölkələrindədir, çünki insan haqları ilə bağlı bütün yeniliklər məhz buradan yayılır. Avropa təcrübəsindən dünyanın bir çox yerində yararlanırlar.

Məsələn, Hollandiyanın "Penitentiary Maashegge" həbsxanasının saxlanma şəraiti ortabab oteldən fərqlənmir. Təmiz kameralar, gözəl parklar, idman meydançaları, müasir kitabxana burada adi haldır. Qohumlarla ayda bir dəfə 2 saatlıq görüşə icazə verilir, hər həftə telefonla 10 dəqiqə danışmaq olar, amma pulludur. Məhbuslara işləmək imkanı yaradılıb - hər gün 4 saat, cəmi 25 avro pul verilir. Hər otaqda radio-televizoru qoşmaq üçün ştepsel, mühafizə xidməti ilə əlaqə vasitəsi var.

Kamerada televizora baxmaq pulludur - ayda 6 avro. Pulu olmayan ümumi istirahət otağındakı televizordan havayı yararlana bilər. Özünü yaxşı aparan məhbuslara televizorda oyun oynamaq üçün qurğu da pay edilir. Hər kamerada mütləq saat olmalıdır. Məhbuslara şəkil çəkmək üçün tabaşir verilir. Qapıların quruluşu üzərində rəsm işləməyə imkan yaradır. Futbol, basketbol meydançaları, dini mərasim otağı, müxtəlif stolüstü oyunların olduğu məkan da var. Xüsusi kompüter otağında işləmək də olar.

Məhbuslar mətbəxdə özlərinə yemək hazırlaya bilərlər. Bəzi məhbuslara otaq gülləri yetişdirməyə də icazə verir, xəstəliyi olan məhbusları havayı müalicə edirlər. Yaxşı həkimlər və tibb bacıları var. Hollandiya qanunvericiliyinə görə, həbsxanadan qaçan və ya qaçmağa cəhd edən məhbusa əlavə iş kəsilmir. Ayda bir dəfə məhbus evinə bir günlük gedə bilər.

Zorakılıq və ya qətl törətmiş şəxslə kiçik oğurluq etmiş insanı bir korpus və ya bir kamerada saxlamaq qadağındır. Hollandiyada həbsxana yerlərinin cəmi 86 faizi dolub.

77 insanın qətlində günahkar bilinən norveçli Anders Breyvik isə elə bil "cənnət"də yaşayır. Norveç qanunlarına görə, Breyvik yanına ayda bir dəfə ona ayrılan pullardan fahişə çağıra bilər, əgər qaçmağa cəhd etsə, yalnız rezin güllələrdən istifadə olunmalıdır. Ona qarşı kobud rəftar olsa, şikayət edə bilər, otağı gündə iki dəfə yığışdırılmalı, yataq dəsti hər gün dəyişməlidir, kompüter və trenajordan istifadə etməyə icazə veriblər.

Onun saxlanmasına ildə 2 milyon avro xərclənir. Breyvik daim şikayət məktubları yazır, müxtəlif yerlərə yollayır, mətbuatın gündəmində olmağa çalışır. Hər şikayətində bir məqam diqqəti cəlb edir: o, tənhalıqdan əziyyət çəkdiyini bildirir.

Qanun məhbuslara yalnız televiziya verilişlərinə baxmağa icazə verir

Azərbaycanın cəzaçəkmə müəssisələrini, məhbusların saxlanma şəraitini Avropa ölkələri ilə müqayisə etmək çətindir. Problem çoxdur, onların hamısı həllini gözləyir. Hətta ən gözəl saxlanma şəraiti olan Breyvik belə qapalı saxlanmasından, ünsiyyətin olmamasından şikayətlənirsə, Azərbaycan həbsxanalarında da eyni problem yaşanır.

Internet dövrünün insanına qapalı yaşamaq lap çətindir, informasiya almamaq, dünyada baş verənlərdən xəbərsiz olmaq, texniki yeniliklərdən istifadə imkanının məhdudluğu, yəqin, işgəncə kimi qiymətləndirilə bilər.

Azərbaycan məhbusunun bu sahədə hansı hüquqları var? Məhbus hansı texniki vasitələrdən yararlana, həbsdə ola-ola informasiya, bilik ala bilər? Bu sualların cavabı qanunda əks olunubmu?

Azərbaycanın cəzaçəkmə müəssisələrində müasir texniki vasitələrdən istifadə qaydaları həbs yerlərində saxlanan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

Qanunun 15.2.7. maddəsinə görə, həbs edilən şəxslərin "Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada televiziya verilişlərinə baxmaq" hüququ var. Həmin qanunun 19.7. maddəsinə görə isə "tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. Həbs edilmiş şəxsin həftədə iki dəfə 15 dəqiqəyədək telefonla danışmaq hüququ var. Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı həbs edilmiş şəxsin, onun yaxın qohumlarının və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərin vəsaiti hesabına ödənir".

Deməli, qanun məhbusa yalnız televiziya verilişlərinə baxmağa, bir də həftədə 2 dəfə 15 dəqiqəyədək mobil və ya şəhərlərarası danışıqlara icazə verir. Qanunda müasir zamanda özünə yer eləmiş internet, kompüter, MP3 qurğu, "bukrider" kimi vasitələrin adı hallanmır. Qanunda hətta radio dinləmək imkanı belə qeyd olunmayıb. Yəni televizora baxmaq olar, amma radio dinləmək nədənsə olmaz, çünki burada əks olunmayıb.

Pressforum.az saytının "Həbs yerlərində saxlanan şəxslərin müasir texniki imkanlardan istifadə hüququ varmı" sualını cavablandıran Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə islahatların getdiyini bildirib: "Yavaş-yavaş məsələlər tənzimlənəcək. Cəzaçəkmə müəssisələrində müəyyən internet kursları açılıb. Məhbuslar kompüterdən istifadə qaydasını öyrənir və nəticədə sertifikat əldə edirlər. Ümumilikdə yüzlərlə insan belə kursları bitirib.

Əvvəllər məhkumların televizora baxması qadağan idi. Indi isə televizordan rahat istifadə mümkündür. Məhkumların öz yaxınları ilə görüşlərinin vaxtı uzadılıb. Telefon danışıqları iki dəfə artırılıb, internet və digər texniki avadanlıqların istifadəsi məsələsinə də baxılacaq.

Yaxın zamanlarda bəzi cəzaçəkmə müəssisələrinin köçürülməsi planı var. Şəkidə, Naxçıvanda və bir neçə başqa regionda yeni cəzaçəkmə müəssisələri inşa edilib. Elə həmin regional cəzaçəkmə müəssisələrində yeni qaydalar tətbiq olunacaq. Bizdə Cəzaların Icra Məcəlləsi var, sadəcə köhnə, təmirsiz və yeni standartlara yaramayan cəzaçəkmə müəssisələrində lazımi şərait düzəltmək mümkün deyil. Yeni müəssisələrə keçid zamanı hər cür imkan yaradılacaq".

Hazırda həbsdə olan hüquqşünas Qurban Məmmədov "Bizim Yol" qəzetində dərc etdirdiyi "Penitensiar sistemə daxildən baxış" yazısında Bakı Istintaq Təcridxanasından bəhs edir. Bildirir ki, burada həftədə 2 dəfə 15 dəqiqəlik telefonla danışmaq imkanı var, istədiyin vaxt yatmaq, istədiyin vaxt qalxmaq olar.

O, yazıda məhbusun informasiya alması, qapalılıqdan uzaq olması üçün bəzi təkliflər də verib: "TV saat 23:00-da söndürülməməli, bu, məhbusların özlərinə buraxılmalıdır. Telefon danışıqlarındakı "həftədə 2 dəfəlik" məhdudiyyəti götürülməli və ya 2 dəfədən artıq pullu danışıq təmin edilməlidir. Çünki bu, həm də azadlıqda olan insanların hüququdur. Kameralarla nəzarətçi otağı arasında selektor əlaqəsi qurulmalıdır. Dəmir qapıların döyülməsi bəzi adamların əsəbinə pis təsir edir".

Qurban Məmmədovun təklif etdiyi daimi selektor əlaqəsi Hollandiya həbsxanalarında var, amma orada telefonla danışmağın şərtləri bir az sərtdir.

Azərbaycan qanunvericiliyi texniki vasitələrin cəzaçəkmə müəssisələrində tətbiqi imkanlarının genişləndirilməsi məsələsində gecikir. Xüsusilə də barəsində hələ məhkəmə hökmü olmayan, istintaq təcridxanasında saxlanan şəxslərə daha yaxşı imkan yaradılmalıdır, çünki onlar məhkəmədə bəraət də ala bilərlər. Belə olan halda bu insanların ən azı bilik qazanmaq, informasiya almaq imkanları artırılmalıdır. "Günahı sübut olunmayıbsa, deməli, insan günahkar deyil" çünki...

"Mediaforum"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.