Cəmiyyət

"Sizdən soruşsalar, heç kəsin adını çəkməyin"

23 Aprel 2014 21:55
3 Şərh     Baxış: 1 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Şikayət" deyəndə, ilk növbədə, ağlımıza "Şikayətnamə"nin müəllifi, qəm dəryasının qəvvası, zaman keçdikcə gəncləşən "Füzuli dərd əlindən dağa çıxdı; dedilər, bəxtəvər yaylağa çıxdı", "Salam verdim, rüşvət deyildir deyə almadılar" aforizmlərinin sahibi Füzuli babamız gəlir. Qismətinə düşən qəmin ağırlığını bizlərə "Olsaydı məndəki ğəm Fərhadi-mübtəladə; bir ah ilə verərdi min Bisütuni badə" misraları ilə çatdıran şair daşımalı olduğu qəm yükünü başqalarına həvalə etmək, onu yetim qoymaq istəmir sanki: 

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,

Nalə tərkin qılmazam ney tək kəsilsəm bəndübənd...

Şəm yandıran kimsə nurdan başqa bir şey görə bilmədiyi kimi, Füzuli də ona cəfa çəkdirənləri vəfası ilə silib təmizləməyi üstün tutur:

Nə görər əhli-cəfa məndə vəfadan qeyri,

Nə bulur şəmi yaqan kimsə ziyadan qeyri...

M. Füzulinin yaşadığı qəmi oxşamasından, tərənnüm etməsindən mənim kimi sıravi adamın uzun danışmağa haqqı olmadığını bilirəm. Ona görə də: "Ruhun şad olsun, baba", - deyib sözümüzə davam edək.

***

Keçən əsrin 60-cı illərinin ikinci yarısından başlayaraq kəndimizə çəkilən yeni yol, avtobus marşrutunun açılması, tikilməyə başlayan yeni məktəb, mədəniyyət evi və mexanikləşdirilmiş ferma binası insanların gələcəyin daha yaxşı olacağına ümidlərini artırırdı...

Ferma binası tikilməyə başlayanda atamdan o dövr üçün bu böyük tikinti meydanına gözətçi olmağı xahiş etdilər. Bina tikilib istifadəyə veriləndən sonra da onu bu işdə saxladılar. Özümüz də hiss edirdik ki, atamın yerinə göz dikənlər vardı. Bəziləri çəkinmədən ona işdən çıxmasını, sovxoz rəhbərliyinə özlərinin namizədliyini bildirməsini də tələb edirdilər. Atam dəfələrlə işdən çıxmaq istəsə də, müsbət cavab ala bilməmişdi.

Fermanın yerləşdiyi geniş sahənin böyük bir hissəsinə nəhəng ot tayaları yığardılar. Avqustun sonunacan ot yığımı tamamlanardı. İlk vaxtlar sarımtıl, yaşıl rəngdə olan tayalar günəşin, yağışın təsirindən qaralar, ətrafın yaşıllığında dağlar kimi xeyli uzaqdan seçilərdi. Ferma yayda yaylağa gedərdi. Şəxsi təsərrüfatımızda saxladığımız qoyun-quzu fermanın ərazisində otlayıb bəslənərdilər. Qohum-qonşu uşaqları da heyvanlarını gətirib orada saxlayar, bizimlə oynayar, vaxtımızı şən keçirərdik. Atam hərdən fermanı bizə tapşırıb evə gedər, həyətimizdə işləyərdi.

Bir gün yenə oynayırdıq ki, uşaqlardan biri: "Dayanın, o tüstü nədir, elə?" - deyəndə oyunumuzu saxladıq. Ferma binalarından birində montyor, rəhmətlik Əziz dayı yarmaçəkən dəyirmanı təmir edirdi. Tayalardan birinin yandığını gördük. Onu ustalıqla, külək istiqamətində odlamışdılar ki, söndürmək mümkün olmasın. Montyor və biz tayaya tərəf qaçdıq, lakin yaxın dura bilmədik. Göydə oynayan acı, qalın tüstü və iri alov dilləri sürətlə tayanı udmağa çalışır, əjdaha kimi ətrafı da yalayırdı. Ferma kəndə yaxın olduğundan poçt işçiləri yanğınsöndürmə idarəsinə zəng etmişdilər. Bir müddətdən sonra ürpərdici səsli maşınlar gəlib çıxdı. Digər tayaları qorumaq üçün tədbirlər görüldü. Atamız gələn kimi yanğından yarım saat əvvəl oradan keçən adamın adını çəkdik. O, çox ciddi şəkildə bir daha həmin adamın adını çəkməməyi tapşırdı bizə. O özü soruşanlara qəribə bir arqument söylədi: "Bu tayaya tam qurumamış ot yığılmşdı, istidən qızışıb odlanıb".

Milis dindirənəcən atam bizi təlimatlandırmışdı: "Sizdən soruşsalar, heç kəsin adını çəkməyin. Mən onu Allaha tapşıracağam. Hər şeyi haqqı ilə bilən, cəza və mükafatı layiqincə verən Odur. Bu işi görən günahkar olsa da, ölüb gedənəcən bizi düşmən tutacaq. Özü bir yana, bütün qohum-əqrəbası da düşmənçilik edəcək bizə".

Milis bizi bir-bir dindirdi, pioner, komsomol vicdanımıza da and içdirdi. Bir ipucu tapa bilmədi. Sovxoz rəhbərliyini fermanın həyətində su ehtiyatı saxlamadığı üçün məzəmmət etdilər, atamı da işinə məsuliyyətsiz yanaşdığı üçün işdən çıxarmaqla cəzalandırdılar. İllər boyunca işlədiyi, gecə-gündüz keşiyini çəkdiyi, doğmalaşmış bir məkandan ayrılmaq atam və bizim üçün ağır olsa da, o, şükür edir, bizə də ürək-dirək verirdi.

İllər keçdi. Hərdən ürəyimizdə kin, nifrət hissi oyansa da, atamın andına sədaqətimizi poza bilmirdik. Günlərin bir günü o adamın həyətində elə bir faciə baş verdi ki, ölüb gedənəcən ona yoldaşılq etdi...

***

Bir neçə il əvvəl oğlumun həyətyanı sahəsində bir az kartof əkmişdim. Yaxşı məhsul olmuşdu. Məhsulu daşımaq üçün nəqliyyat vasitəsi axtarmalı olduq. Yaxınlıqdakı Baba adlı qonşu düşdü yadımıza. At arabası vardı. Dedim, üç-beş manat onun olsun. Bağında çalışan Babanı çağırıb xahiş etdim. Bir azdan gəldi. Atın qəşəng bir qulunu da vardı. O qədər qəşəng idi ki, gəl görəsən. Bu kiçik varlığın hər bir cizgisi atı xatırlatsa da, at deyil, qulun idi, özü də nə qədər sevimli.

Kartof dolu kisələri arabaya qoyub, yola düşdük. Qulun hərdən bir az geri qalır, sonra xoş bir əda ilə qaçaraq anasına çatır, onun nəvazişini alıb yenə yubanırdı. Bir ara o, anasına çatıb, sakitcə onunla yanaşı getməyə başladı. Biz də arxayın söhbət edərək qısalmaqda olan yolumuza davam edirdik. Birdən bu gözəl varlıq durdu, arxa ayaqlarını qoşalayıb möhkəm bir şıllaq atdı üstümə. Şıllaqlarından biri sağ dizimi tutdu. Elə göynətdi ki, az qaldım ağlayam. Babadan bunun nə demək olduğunu soruşanda o gülümsəyərək qulunun belə bir xasiyyəti olduğunu izah etdi və acığımı bir az da artırdı. Artıq iş-işdən keçmişdi. "Şükür Sənə, Ya Rəb!" - deyib qəzəbimi uddum. Zərbə alan dizim bir qədər ağrıyıb yerişimi də dəyişdirdi. Məmməd Aslanın o illərdə əzbərlədiyim misraları ilə təsəlli verdim özümə:

Zəhər dolu çiçəklər var,

Aldanma, könül, aldanma.

Qəlbi çirkin göyçəklər var,

Aldanma, könül, aldanma...

...Qaranlıqdan işıq gələr,

Bəxt gətirər, tale gülər.

Qurd gözü də ola bilər,

Aldanma, könül, aldanma.

Günlərin bir günü Baba kişiyə rast gəldim. Qulunu anasının yanında görməyib soruşdum: "Dostumu görmürəm axı". Babanın cavabı məni məyus etdi: "Müəllim, onu canavar yedi",- dedi...

***

Başımıza gələnləri çoxumuz sonu görünməyən yol, çarəsiz bir dərd hesab edib məyus oluruq. İradəsi zəif olan yeniyetmə və gənclər isə dinimizdə yasaqlanan intiharda qurtuluş görürlər. Bu durumun həlli üçün Həzrəti Mövlanəyə üz tutaq:

- Çarəsizlik Allahdan gələn ən gözəl işarədir,

Duanın vaxtının gəldiyini göstərər ...

- Süzülürsə gözündən yaşlar, hüznlüdürsə gözəl üzün,

Rəbbin sənin üçün darıxmış, səsini eşitmək istəmiş deməkdir ...

Yazıya bir az da N. F. Qısakürəyin qızıl misraları ilə dad, ruh vermədən nöqtə qoya bilmədim, çünki "şükür" sözünün leksik mənası "edilən yaxşılığa qarşı minnətdarlıq, təşəkkür, razılıq ifadəsi" olsa da, ulularımızın böyüklüyü yamanılğa da, şirk və küfrdən başqa hər hala şükür edib Allaha sığınmalarında olub:

Səbrin sonu səlamət,

Səbir xeyirə əlamət.

Bəla sənə qəhr etsin;

Sən bəlaya salam et!..

Allah bizləri səbir, şükür içində, səhhətlə yaşayıb, əbədi səadətə qovuşanlardan eyləsin. Amin!

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.