Cəmiyyət

Deputat: "Oğlum yumruq hesabına çempion olub"

23 Aprel 2014 12:21
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən yaxşı bilirəm, bunu yazanlar da, yazdıranlar da kimdir. Bu, mənə və övladlarıma qarşı təşkil edilmiş məqsədyönlü kampaniyadır"

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a millət vəkili Elton Məmmədov mediada oğlu Elnur Məmmədovun da avtoxuliqanlığı ilə bağlı yayılan videogörüntülər haqda danışarkən dedi.

Millət vəkili bildirdi ki, bu hadisələrə mənim açıqlamamı öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: "Bu atılan addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır. Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyiblər".

Elton Məmmədov qeyd etdi ki, onun övladları Azərbaycan gəncliyi üçün nümunə olduğuna görə də gözü götürməyənlər əl-ayağa düşüblər: "Mənim oğlum yumruq hesabına Avropa çempionu olub. Rinqdə bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib. Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də bütün dünyaya 155 kanalla canlı yayımlanan beynəlxalq miqyaslı kiq-boksinq üzrə turnirin qalibidir. Bəs bundan niyə danışan olmadı? Xocalı faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdən çox ölkəyə tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbər deyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada bilməyəcəklər".

Millət vəkilinin sözlərinə görə, o, övladlarına və özünə qarşı olan bu kampaniyanın kimlər tərəfindən təşkil edildiyini bilir: "Mən yaxşı bilirəm, bunu yazanlar da, yazdıranlar da kimdir. Əgər bunları yazan insanın vicdanı hələ də qalıbsa, onu Allaha həvalə edirəm. Bunu təşkil edənlərin kim olduğunu siz də yaxşı bilirsiniz. Mən də yaxşı tanıyıram bu işlərin sifarişini verən insanı. Təsadüf deyilən bir şey yoxdur. Bu videoları da mənim övladlarım adı ilə redaksiyalara göndərənlər təsadüfi adamlar deyil. Bu, məqsədyönlü kampaniyadır. Bunu təşkil edənlərin də iç üzünü Allah özü açıb göstərəcək".

E.Məmmədov ona qarşı kampaniya təşkil edənlərlə mübarizə aparmaq fikrində olmadığını bir daha xatırlatdı: "Bu insanlarla mübarizə aparmaq fikrində deyiləm. Mən düşmənimlə, erməni ilə mübarizə apararam. O kimdir ki, onun yalanlarına qarşı da mübarizə aparım?"

Qeyd edək ki, ötən gün mediada millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova aid olduğu deyilən 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline GTR35" markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən videosu yayılıb. Bu gün isə millət vəkilinin digər oğlu Elnur Məmmədova aid olduğu deyilən növbəti avtoşluq videosu mətbuatın əsas mövzularından birinə çevrilib. Həmin videoda 10 AZ 458 nömrəli "Mersedes S klass" markalı avtomobilin 260-a yaxın sürətlə yarışdığı əks olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.