Cəmiyyət

Fatimənin (s.ə) elmi

20 Aprel 2014 18:45
2 Şərh     Baxış: 1 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
(20 aprel - mövludunun ildönümü münasibəti ilə)

Həzrət Fatimeyi-Zəhra (ə) həm iman və ibadətdə, həm iffət və həyada, həm də səxavət və bəxşişdə bütün qadınlardan üstün idi. Bu müqəddəs qadının özəllikləri haqqında nə qədər danışılsa və yazılsa, yenə azdır. Böyük alimlərdən birinin dili ilə desək, "əgər Fatimə kişi olsaydı, mütləq peyğəmbər olardı".

Fatimənin (ə) üstün və özəl xüsusiyyətlərindən biri də uca elmi məqama malik olması idi. Onun evi Mədinənin müsəlman qadınları üçün məktəb sayılırdı. Sualı olanlar, çətinliyə düşənlər o həzrətin qapısına pənah gətirir, sual verib cavabını alırdılar. Fatimə (ə) qadınlar üçün bir ülgü idi. Atasından eşidib-öyrəndiklərini başqaları ilə səxavətlə bölüşür, söz və davranışı ilə onlara yol göstərirdi.

Fatimənin (ə) elmi məqamını nişan verən nümunələrdən ikisini təqdim edirik.

*

Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələrdən soruşdu: "Deyin görüm, qadın üçün ən üstün və xeyirli əməl hansıdır?" Səhabələrni hərəsi bir cür cavab verdi. Söhbətin şahidi olan Həzrət Əli (ə) evə gəlib, bu məsələ barədə Fatimənin (ə) fikrini soruşdu. Həzrət Zəhra (ə) buyurdu: "Qadın üçün ən yaxşı olan budur ki, nə bir naməhrəm onu görsün, nə də o bir naməhrəmi görsün". Əli (ə) bu cavabı Peyğəmbərə çatdırdı. Allahın elçisi bu mükəmməl cavabı haradan öyrəndiyini soruşanda, Əli (ə) həqiqəti açıb-dedi. Peyğəmbər buyurdu: "Həqiqətən, Fatimə mənim bir parçamdır". Bu hadisə Fatimənin (ə) məntiqinin Peyğəmbər məntiqinə hamıdan daha yaxın olduğunu göstərir.

*

Bir gün Həzrət Fatimənin (ə) yanına bir qadın gəlib dedi: "Mənim anam qoca və zəif qadındır. Namaz qılmaq qaydalarında çətinliyə düşüb, bəzi sualları var. Özü sizin yanınıza gələ bilmədiyi üçün məni göndərdi ki, sualların cavabını sizdən soruşum". Fatimə (ə) mehribanlıqla buyurdu: "Hər nə sualın varsa, çəkinmədən soruş".

Qadın suallarını verməyə başladı. Fatimə (ə) bütün sualları tələsmədən, dəqiq şəkildə cavablandırırdı. Qadın hər sualın cavabın alandan sonra yenisini verirdi. Onuncu suala çatanda qadın utanıb durdu. Dedi: "Ay Allah Rəsulunun qızı! Mən sənə zəhmət verdim. Bu qədər bəsdir". Fatimə (ə) isə zərrəcə narahatlıq əlaməti göstərmədən buyurdu: "Xeyr, mənim üçün heç bir zəhməti yoxdur. De görüm, əgər bir nəfərə ağır yük verib hündür bir yerə aparıb qoymasını istəsələr, əvəzində isə yüz min dinar verəcəklərini desələr, o adam razı olmazmı?" Qadın düşünmədən cavab verdi: "Əlbəttə ki, razı olar. Bu qədər böyük məbləğin əvəzində bu nə işdir ki?" Fatimə buyurdu: "Sənin hər sualına verdiyim cavaba görə Allah mənə yerlə göyün arasını dolduracaq ləl-cəvahirat qiymətində savab verir. Ona görə də bu işin çətinliyi məni qorxutmur". Sonra o həzrət buyurdu: "Atamdan eşitmişəm ki, belə buyurub: "Bizim tərəfdarlarımız içindən olan alimlər qiyamət günü məhşərə gələndə, malik olduqları elmin miqdarına və Allah bəndələrini həqiqətə yönəltmək yolunda səylərinə uyğun olaraq, onların əyninə kəramət xələtləri geyindiriləcək. Onların hər birinə nurdan min-min xələt verilər..."

Daha sonra Fatimeyi-Zəhra (ə) qadına müraciət edərək buyurdu: "Ey Allahın bəndəsi! Bu xələtlərin bir sapı bu dünyadakı bahalı və zərli geyimlərdən min-min dəfə daha gözəldir. Çünki bu dünyanın libasları zaman keçdikcə köhnəlib korlanar".

İslam.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.