Cəmiyyət

Bəzilər üçün müqəddəs əşya, bəziləri üçünsə adi suvenir

19 Aprel 2014 17:30
1 Şərh     Baxış: 6 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təsbeh insan diqqətini çəkən əşyalardan biridir. Hansı ki, bəzi insanlar üçün dini baxımdan müqəddəsdir, bəziləri üçün isə hədiyyə olaraq əvəzedilməzdir. İstənilən halda bu gün təsbehə maraq, belə demək mümkünsə, varla yox arasındadır. Nə çox tələbat var, nə də tamamilə imtina olunur.

Bu gün əksər suvenir dükanlarında təsbeh satılsa da, əl işi olan təsbeh tapmaq çətindir. Bu isə təsbeh ustalarının azlığı ilə əlaqəlidir. Pənah Kərimli isə yaşı az olmasına baxmayaraq, təsbehə maraq göstərir. Kompüter elmləri ixtisası üzrə təhsil alan həmsöhbətimizin maraqlı hobbisi var; təsbeh hazırlamaq. Deyir ki, gəncləri bu cür əl işlərinə yönləndirmək çox çətindir. Çünki xüsusən oğlan uşaqlarını saatlarla muncuq üzərində çalışdırmaq mümkün deyil. Təsbehə maraq və bunun üçün insan çalışmaq həvəsində olmalıdır: "Rayon yerində böyüdüyüm üçün yaşlı insanların yanında daha çox vaxt keçirmişəm. Babamla birlikdə axşamlar nərd oyununa yığılan yaşlı insanların əllərindəki təsbeh hər zaman diqqətimi çəkib. Baxmadan əldə fırladılan təsbehlərin formaları da fərqli və maraqlı olurdu. Babam da bu marağımı görüb mənə təsbehlərindən birini vermişdi, amma mən tezliklə təsbehin özümə məxsus olmasını istəyərək ipini dəyişmək qərarına gəldim. Təsbehin ipini kəsdim və onu yerinə yenidən əvvəlki kimi yığa bilmədim. Bundan sonra təsbehə marağım daha da artdı. Demək olar ki, hər gün dərsdən qayıtdıqdan sonra saatlarla təsbeh üstündə çalışırdım. Daha sonra babamın təsbeh ustası olan dostunun yanına getdim. Beləcə, təsbeh düzəltməyin sirlərini öyrəndim. İndi düzəltdiyim təsbehləri dost-tanışlara hədiyyə edirəm".

P.Kərimli deyir ki, təsbeh hazırlamaq üçün əl qabiliyyəti vacibdir. İncə hərəkətli olmaq, səbr və sevgiylə çalışmaq şərtdir. Təsbeh hazırlamaq fərqli bir hissdir. Məsələn, əhvalın pis olanda təsbeh alınmır. Ya əyri alınır, ya muncuqlar fərqli olur. Təsbehin özəlliyi də bundadır. Standart zavod istehsalı kimi təsbeh üçün xoş əhval lazımdır: "Təsbehin materialı müxtəlifdir. Taxtadan, daşlardan, fil dişindən, şüşədən, gümüşdən, hətta qızıldan hazırlanan təsbehlər var. Yəni təsbeh hazırlamaq üçün materialda sərhəd yoxdur" deyən müsahibimiz hesab edir ki, indi təsbeh sənəti ölmüş vəziyyətdədir. Çünki olduqca ucuz olan təsbehləri qoyub heç kim bahalı əl işi olan təsbehlərə maraq göstərmir. Təsbeh zövq işidir, odun parçasından gözəllik yaratmaq üsuludur.

İlk xristian təsbehləri 33 muncuqdan ibarət olub. Çünki o dövrdə Fələstin xristianları arasında bu rəqəm İsa Məsihin bu dünyada 33 il ömür sürməsini xatırlatdığından müqəddəs sayılırmış. Buddist ölkələrdə əl təsbehləri ilə yanaşı iri məbəd təsbehləri də mövcuddur. Onların ipinin uzunluğu 5 metr, taxtadan olan dənələrinin böyüklüyü isə dəvəquşu yumurtası boydadır. Onlardan yalnız xüsusi bayram və mərasimlərdə istifadə edilir. İslam ölkələrində isə təsbeh dini ibadət zamanı işlədilən əşyadır. İslam aləmində zikir əşyası da sayılır. Müsəlman təsbehləri 11, 33 və 99 muncuqdan ibarət olur və bu say Allahın doxsan doqquz adının rəmzi kimi qəbul edilir. Ümumiyyətlə isə müsəlmanlar arasında iki təsbeh növü yayılıb. Biri ənənəvi formaya malik olub, sapa düzülmüş muncuq halqadan, digəri isə yastı düzbucaqlı dənələrdən yığılmış, iki başlıqlı aşırma təsbehlərdən ibarətdir. İkincisi, əsasən, Qafqazda yaşayan dağ xalqlarının nümayəndələri arasında geniş yayılıb. Birinci növ təsbehlərdən dindarlar ibadətlərin icrasından sonra dua və zikrləri saymaq məqsədilə istifadə edirlər.

Təsbehlərin qiymətinə gəlincə, materialdan asılı olaraq qiymətlər də dəyişir. Ən ucuz təsbehi 60 qəpiyə, ən baha təsbehi isə materialına uyğun olaraq 800 manata qədər almaq mümkündür.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.