Cəmiyyət

Rauf Mirqədirov Türkiyədən qovdular, Bakıda saxladılar - YENİLƏNİB

19 Aprel 2014 17:45
0 Şərh     Baxış: 1 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:45

Bu gün Türkiyədən müəmmalı şəkildə deportasiya olunan jurnalist Rauf Mirqədirovu gətirən təyyarə bir qədər öncə (16.50) Binə aerportuna enib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, müvafiq posedurdan sonra bütün sərnişinlər hava limanını tərk ediblər. Ancaq Rauf Mirqədirov görünməyib.

Onu gözləyən 15-ə qədər jurnalist Mirqədirovun harada saxlanıldığını, yaxud hara aparıldığını öyrənməyə çalışıblar.

"Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunun verdiyi məlumata görə, Rauf Mirqədirovun hava limanında saxlandığı, dindirilməyə aparıldığı təsdiqlənib. Ancaq bu, hələ onun həbs olunması demək deyil.

Reportyorumuz deyir ki, hava limanına bir qrup KİV rəhbəri və vəkil Fuad Ağayev də gedib.

---------
16:56

Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist, "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov Bakı vaxtı ilə saat 14:00-da Ankarada təyyarəyə mindirilib və Bakıya gəlir

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib.

E.Şıxlı qeyd edib ki, R.Mirqədirovun deportasiya olunma səbəbi açıqlanmır: "Ona bildiriblər ki, Türkiyə dövləti və xalqı qarşısında heç bir cinayəti yoxdur, sadəcə tapşırıq belədir. Mən deportasiyanın səbəbini öyrənmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə bir neçə gün əvvəl məktubla müraciət etsəm də, hələlik bir cavab yoxdur. Rauf gəlsin, görək nə baş verir".

E.Şıxlı onu da deyib ki, hadisə qardaş dövlət olan Türkiyədə baş verdiyi üçün çox səs-küy salmaq istəmirlər: "Amma hər halda bunun səbəblərini açıqlamalıdırlar".

Baş redaktor bildirib ki, R.Mirqədirovu saxlayıb, deportasiya edərkən ailəsi ilə görüşə imkan verməyiblər, bu səbəbdən o, Bakıya tək gəlir: "Ailəsi orada qalıb. Dünən Rauf ailəsi ilə birgə avtobusla gəlmək istəyirmiş. Saxlayıb, ailəsindən ayırıb, bu gün də tək yola salıblar. Dünəndən də ailəsi ilə əlaqə yaratmağa imkan verməyiblər. Ailə üzvlərinə isə bildiriblər ki, sabaha kimi Türkiyədən çıxmasalar, tutacaqlar. Onlar da yəqin bu günlərdə Azərbaycana qayıdarlar".


---------
12:51

"Ayna-Zerkalo" qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov Türkiyədən deportasiya edilib

Milli.Az xəbər verir ki, bu barədə məlumatı modern.az-a Türkiyədə yaşayan jurnalist Şeyda Nəsibli verib. Bir müddət əvvəl tanınmış jurnalistin Türkiyədə mətbuat təmsilçiliyi ləğv edilib. Ötən gecə isə Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Lakin yola düşəndən 15 dəqiqə sonra avtobus saxladılıb, jurnalistə və ailə üzvlərinə qarşı kobudluq edilib. Heç bir səbəb göstərilmədən Rauf Mirqədirov avtobusdan endirilib.

Jurnalistin deportasiya proseduru üçün Əmniyyət İdarəsinin xarici vətəndaşlar şöbəsinə aparıldığı bildirilir. Hazırda deportasiya üçün sənədlər hazırlanır və jurnalist Azərbaycana göndəriləcək. Ailə isə görüşə icazə verilmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.