Cəmiyyət

Kamran Əliyev yeni qanun haqda: "Təqibdən sui-istifadə edən polislər..."

19 Aprel 2014 12:33
4 Şərh     Baxış: 3 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Azərbaycan Respublikası Milli Məclisinin iclasında "Yol hərəkəti haqqında" qanun qəbul olunub

Qeyd edək ki, bu qanun Azərbaycanda yol polisinə daha çox hallarda sürücüləri təqib etmək imkanı verir. Bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər.

Milli.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Kamran Əliyev axar.az-ın suallarını cavablandırdı:

- Azərbaycanda hansı zərurət yarandı ki, bu qanun qəbul olundu?

- Hər hansı bir şəxs polisin qanuni tələbinə məhəl qoymursa, tabeçilik göstərmirsə və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına təhlükə törədirsə, rəhbərliyə məlumat verilməklə və təhlükəsizlik tədbirləri görülməklə həmin nəqliyyat vasitəsi təqib edilə bilər. Yəni burada söhbət tək tabe olmayan real təhlükə yaradanlardan getmir. Əgər avtomobili idarə edən şəxs və ya orada olan sərnişin cinayət hadisəsi törətməkdə şübhəlidirsə, həmin avtomobil də təqib oluna bilər.

- Hansı hallarda polis sürücünü təqib edə bilər?

- Sürücünün vəzifə borcudur ki, yol patrul xidməti inspektorunun əmrinə tabe olsun. Əgər o, saxlamaq işarəsi veribsə, sürücü nəqliyyat vasitəsini saxlamalıdır. Bizdə əsas qayda pozuntuları Amerika və Avropa ölkələrində olduğu kimi cinayətkar tərəfindən olmur. Burada qəza törədənlər arasında azyaşlılar da var. Əmrə tabe olmayan avtomobili yol polisinin istənilən halda təqib etməsi mümkündür.

- Bu vaxta qədər bu proses yol polisi tərəfindən necə tənzimlənirdi?

- Bu günə qədər qanunvericilikdə təqibolunmayla bağlı müddəa var idi. Yol hərəkətinin 82-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü insan həyatına real təhlükə yaratdıqda, təhlükəsizlik şərtlərinə əməl etmədikdə təqib oluna bilər. Bu zaman nəqliyyat vasitəsinin dayandırılmasına imkan və ya şərait olmadıqda həmin nəqliyyat vasitəsini məcburi dayanma vasitələrindən istifadə etməklə saxlamaq olar.

- Qanun nə zaman icra olunmağa başlanılacaq?

- Milli Məclisdə qanun qəbul edildikdən sonra cənab Przident tərəfindən təsdiq olunmalıdır. Sonra isə qanunun tətbiqi ilə bağlı fərman verilməlidir. Yəqin ki, bundan sonra biz mətbuata daha ətraflı açıqlama verəcəyik. Bütün bunlara baxmayaraq, qanun vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Polis tərəfindən qanundan sui-istifadə halları olarsa, həmin əməkdaş məsuliyyətdən kənar qalmayacaq. Belə bir hal olduğu halda isə həmin əməkdaş mütləq şəkildə cəzalandırılacaq. Heç bir halda məsuliyyətdən kənar qalmayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.