Cəmiyyət

Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirilib

18 Aprel 2014 19:53
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun Xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum edilmiş şəxslərin ümumi orta təhsilinin vəziyyətinə və yeni cəzaçəkmə müəssisələrinin inşası ilə bağlı məsələlərə həsr olunmuş müşavirə keçirilmişdir.

Milli.Az xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə Baş idarənin və Bakı Şəhər Baş Təhsil İdarəsinin məsul əməkdaşları, tabe qurumların rəhbərləri, cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən orta məktəblərin direktorları iştirak etmişlər.

Nazir müavini çıxış edərək, Azərbaycan Respublikası Konstitusiyası ilə bütün ölkə vətəndaşları kimi azadlıqdan məhrum edilmiş şəxslərin də təhsil hüquqlarının təmin olunmasının zəruriliyini, mövcud cəza-icra qanunvericiliyində ümumi orta təhsilin əsas islah vasitələrindən biri kimi nəzərdə tutulduğunu vurğulamış və penitensiar müəssisələrdə təhsilin təşkili məsələlərinin daim Ədliyyə Nazirliyi rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirmişdir.

Müşavirədə aidiyyəti xidmət sahələrinin və Bakı Şəhər Baş Təhsil İdarəsinin məsul əməkdaşlarının, bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları rəislərinin, cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən orta məktəb direktorlarının çıxışları dinlənilmişdir.

Təhsil müəssisələrİndə məhkumların ümumi orta təhsilə cəlb olunması işində mövcud olan çətinliklərlə yanaşı müəyyən nəticələrin də əldə olunduğu, cəzaçəkmə müəssisələrindəki ümumi orta məktəb məzunları arasında orta ixtisas və ali təhsil müəssisələrinə daxil olma hallarının da istisna olmadığı diqqətə çatdırılmışdır.

Eyni zamanda, penitensiar müəssisələrdə orta təhsilin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, məktəblərin pedaqoji kollektivinin tərbiyə işinin təşkilində iştirakının təmin olunması, tədrisin təşkilinə, o cümlədən pedaqoji kollektivin fəaliyyətinə əlverişli şəraitin yaradılmasına diqqətin artırılması ilə bağlı cəzaçəkmə müəssisələrinin rəislərinə müvafiq tapşırıqlar verildi.

Müşavirədə yeni cəzaçəkmə müəssisələrinin inşası ilə bağlı məsələlər ətrafında da müzakirələr aparılmış, inşası davam etdirilən müəssilələr barədə aidiyyəti xidmət sahəsinin hesabatı dinlənilmiş, artıq bu sahədə əldə olunmuş təcrübəyə əsaslanaraq tikinti-quraşdırma işlərinin daha mükəmməl yerinə yetirilməsinin təmin olunması tövsiyə olunmuşdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.