Cəmiyyət

Maşınların qəniminə çevrilən ağaclar niyə kəsilmir? - VİDEO

18 Aprel 2014 18:17
0 Şərh     Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi rayonunda ağaclardan qorxan valideynlər uşaqlarını həyətdə oynamasına belə, icazə vermirlər

Qanunsuz şəkildə ağacların kəsilməsi qəti qadağandır. Ölkə başçısının bu barədə sonuncu xəbərdarlığından sonra çətin kimsə risk edib belə bir cinayətə əl atar. Amma ağac əgər həyat üçün təhlükə törədibsə, o zaman bu barədə müəyyən qurumlara müraciət edib, ağacların kəsilməsini istəyə bilərsiz.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Nəsimi rayon, Cavadxan 18 ünvanının sakinləri yaşadıqları binanın qarşısında olan saysız-hesabsız qurumuş ağacların kəsilməsini tələb edirlər. Deyirlər ki, artıq 20 ildən çoxdur ki, bu ağaclar buradadır və onlardan bəzilərinin yaşı artıq ötüb. Heç şübhəsiz, yaşı çox olan ağacsa zamanla quruyur, çürüyür və bu da hər an təhlükə mənbəyi deməkdir. Elə bina sakinləri də az qala hər gün bu təhlükə ilə üz-üzə qaldıqlarını deyirlər. Təhlükəyə məruz qalan təkcə özləri deyil.

Hündürlüyü 15-20 metr olan ağacların bəziləri evlərə bitişik, bəziləri isə mənzillərə o qədər yaxın məsafədədirlər ki, sakinlər həmin ağaclarda bir balaca yanğın olsa, bədbəxt hadisənin qaçılmaz olduğunu deyirlər.

Ağacların budaqları dəfələrlə qırılaraq yerə düşdüyündən valideynlər uşaqların təkbaşına həyətdə oynamalarına icazə vermirlər. Deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara və ərazi üzrə MİS-ə müraciət ediblər. Lakin onlara ağacların kəsilməyinin mümkünsüz olduğunu deyiblər. Bizə də, öz növbəmizdə, bina sakinlərini hər an təşvişdə saxlayan bu ağacların nə zaman kəsmək mümkün olacağı sualını, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi bitkilərin mühafizəsi şöbəsinin rəisi Nurəddin Rzayevə ünvanladıq.

Qurum rəsmisi bu günədək sözügedən ünvandan onların idarəsinə nə bir zəng, nə də ərizə daxil olduğunu bildirərək əlavə etdi ki, sakinlər müvafiq qaydalara əməl edərək bu qurumuş ağaclardan canlarını qurtara bilərlər.

Odur ki, sakinlər çox yubatmadan aidiyyəti orqanlara yazılı şəkildə üz tutmalıdırlar. Əks halda avtomobillərin üzərinə düşən ağac budaqları insanları da hədəfə ala bilər.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.