Cəmiyyət

"Azərbaycanda satılan dərmanların 30-35 faizi saxtadır"

18 Aprel 2014 17:37
0 Şərh     Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ilin üç ayında Azərbaycanda dərmandan 70 nəfər zəhərlənib

Milli.Az xəbər verir ki, modern.az-ın apardığı araşdırma zamanı məlum olub ki, zəhərlənənlərin 49 nəfəri qadın, 20-si kişi, 11-i uşaqdır. Həmin müddətdə dərmandan zəhərlənən 3 kişi və 1 qadın dünyasını dəyişiblər.

Dərman zəhərlənmələrinin qarşısının alınması üçün monitorinqlər necə təşkil olunur? Saxta dərman dövriyyəsi Azərbaycanda hansı səviyyədədir?

Milli.Az xəbər verir ki, modern.az-ın suallarını cavablandıran Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, əksər dərman zəhərlənmələri intihar məqsədilə qəbul nəticəsində baş verir:

"Qanunvericiliyə görə Azərbaycana qanunsuz yəni, qeydiyyatdan keçməmiş dərmanların gətirilməsi qadağandır. Bildiyimə görə bu müddəaya kifayət qədər əməl olunur. Bazardakı dərmanların beş-altı faizi qeydiyyatdan keçməyə bilər. Amma qeydiyyatdan keçən dərmanların hamısı gələndə onlardan nümunələr götürülür, analiz olunur. Ondan sonra aptek şəbəkələrinə buraxılır. Dərmandan zəhərlənmə müxtəlif səbəbdən ola bilər: Aptekdə dərmanların saxlanılma şəraitinə uyğun normativlər pozular, dərmanın müddəti keçmiş olar, dərmanı işlədən vətəndaşlar onu həkim təlimatına uyğun olmayan şəkildə işlədə bilər, yəni dozasını lazım olan qədər və ya uyğun seçməzlər, dərman onunla ziddiyyət təşkil edən başqa dərmanla bir yerdə qəbul oluna bilər. Zəhərlənmə intihar məqsədi ilə içilən dərmanlardan da ola bilir. Toksikoloji mərkəzə düşən dərman zəhərlənməsi olan xəstələrin böyük faizi özləri qəsdən yəni, intihar məqsədilə dərman içənlərdir. Bu, statistikadır. Amma bütövlükdə Azərbaycanda dərman maddələrindən zəhərlənmə halları, yaxud fərdin pisləşməsi hallarının artması barədə məndə məlumat yoxdur".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda 30-35 faiz saxta dərman dövriyyəsi var: "Həftədə 2-3 dəfə bizə zəhərlənmə yox, dərmanın keyfiyyətsizliyi ilə bağlı, qeydiyyatdan keçib-keçməməsi, qalaqramının olub-olmaması xarakterli telefon zəngi gəlir. İnsanın dərmandan zəhərləndiyini müəyyən eləmək asan məsələ deyil və bunun diaqnozunu qoymaq çox çətindir. Ümumiyyətlə, Azərbaycanda kütləvi istehsal malları ilə zəhərlənmələrin qeydiyyatı çox cidd-cəhdlə gizlədilir. Çünki bütün mallara Səhiyyə Nazirliyi "hər şey yaxşıdır" və buna bənzər gigiyenik sertifikat verir. Bunu müəyyənləşdirmək əsas məsələ deyil. Dövlət orqanlarının verdiyi sertifikatı təkzib edən müstəqil laboratoriyalar yoxdur. Lakin onu deyə bilərəm ki, Səhiyyə Nazirliyi bu işlə ciddi məşğul olur, qarşısını almaq istəyir. Bu da istisna olunmur ki, Azərbaycanda ən azı 30-35 faiz saxta dərman dövriyyəsi var. Bütün dünyada isə bu göstərici 50-60 faizə qədərdir, Azərbaycanda da istisna olunmur. Biz dərman zəhərlənməsi ilə bağlı halların monitorinqini aparıb müəyyən edə bilmərik. Bu, çətin məsələdir".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin fikrincə, zəhərlənmələrin hamısı dərmanların keyfiyyəti ilə bağlı deyil:

"Araşdırmaların nəticəsi göstərir ki, zəhərlənmə ya sui-qəsd halı, ya da dərmanların həkimin nəzarəti olmadan qəbul edilməsi ilə bağlı olur. Təyinatsız, yaxud evdə saxlayıb vaxtı keçəndən sonra qəbul edirlər. Keyfiyyətsiz mal respublikaya buraxılmır. Biz apteklərdə də monitorinqlər aparırıq. Qeydiyyatdan keçməyən dərmanın apteklərə buraxılması baş verir. Onu monitorinq nəticəsində müəyyən edir, tədbir görürük. Bu səbəbdən ildən-ilə belə faktların sayı azalır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.