Cəmiyyət

Uşaqlar itən zaman necə hərəkət edilməlidir?

18 Aprel 2014 18:22
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqların çoxu evdən kənara çıxdıqda valideynlərinin əlini buraxmamaqda israr edir

Elə valideynlər də bu məsələdə olduqca diqqətcildirlər. Xüsusən azyaşlı olan və artıq yeriməyə başlayan uşaqların əlindən tutmaq, evdən kənarda onları nəzarətsiz buraxmaq olduqca təhlükəlidir. Çünki bu cür ehtiyatsızlıqdan itən uşaqlar az deyil.

Bəzən valideyn də istəmədən nəzarəti itirir. Yanında körpəsini görmədikdə isə qorxuya düşür. Əslində bütün bu qorxuların səbəbi uşaqların məlumatsız və bilgisiz böyüdülməsidir. Valideynlərin əksəriyyəti uşaqları tərbiyə edərkən onun sakit durması, ağıllı olması, böyüklərlə münasibəti və s. mövzularla çalışırlar. Lakin çox az valideyn sırf övladının təhlükəsizliyi üçün tərbiyə edir. Əslində elə tərbiyənin başında özünümüdafiə durur. Tanımadıqları insanlara yaxınlaşmamaq, onlarla söhbət etməmək, onlara inanmamaq, göstərdikləri yerə getməmək və s. İtən zaman necə davranmaq, hara yaxınlaşmaq, kimdən kömək istəmək haqqında isə uşaqların ümumiyyətlə məlumatı olmur. Çünki valideyn heç vaxt uşağının tək ola bilmə ehtimalını qəbul etmir. Hadisə isə gözlənilmədən baş verir.

Pedaqoq Suğra Əfəndiyevanın sözlərinə görə, valideynlərin səhvi ondadır ki, onlar hər hansı bir pis hadisənin məhz onların uşaqlarının başına gəlmə ehtimalının sıfır olduğunu düşünürlər. Halbuki, hadisə insan seçmir. Tədbirli və ehtiyatlı olmaq daha yaxşıdır. Ola bilər ki, valideyn uşaq üzərində nəzarətini saxlayır, lakin onun daha məlumatlı olmasında ziyan yoxdur: "Azərbaycanda "böyüyün əli geri qaytarılmaz" deyə bir fikir var. Tamamilə səhvdir. Böyüyün əli valideyn yanındaykən geri qaytarılmaz. Əks halda böyüklərin verdikləri bütün şirniyyatlar ya alınmamalı, alındığı halda isə yeyilməməlidir. Böyüklərin göndərildiyi yerə qətiyyən gedilməməli, valideyndən icazəsiz verilən tapşırıqlar edilməməlidir. Uşağa bu yöndən məlumatlandırma heç bir ailə tərəfindən demək olar ki, verilmir. Halbuki bu işdə valideynlə uşaq çalışması birlikdə olmalıdır. Valideyn üzərinə düşən məsuliyyət ondan ibarətdir ki, o, öz uşağını məlumatlandırsın. Qohumluq dərəcəsindən asılı olaraq böyüklərlə münasibətinə sədd çəkilsin. Uşaq telefon nömrəsi, ünvan, ad, soyad və bu kimi məlumatları bilməlidir. Valideynlərin bütün ehtimalları nəzərə alaraq evdən kənara çıxdıqda, hətta özləri yanlarında olsalar belə uşağın cibinə kart-vizit yerləşdirməkləri məsləhətdir. Məktəbli uşaqların dəftərlərinə mütləq əlaqə telefon və ya ünvanlar qeyd olunmalıdır".

Uşaqların itmə ehtimalları zamanı isə uşağa daha soyuqqanlı olmağı öyrətmək lazımdır. Uşaq heç vaxt itmədiyi, itmənin nə demək olduğunu dərk etmədiyi üçün bu iş uzunmüddətli proses olacaq. Lakin valideyn nəzərə almalıdır ki, uşaq iki günə bunu öyrənməyəcək. Daimi məlumatlar verərək onu baş verə bilmə ehtimalı olan hadisələrə qarşı hazırlamaq lazımdır. Uşaqlara başa salmaq lazımdır ki, əgər onlar anidən valideynlərini itirdiklərini görsələr həyəcana qapılmasınlar. Olduqları yerdə gözləmək və ya daha çox insan toplaşan yerə itdiyi haqqında məlumat vermək daha düzgündür. Uşaqlara başa salmaq lazımdır ki, onların cibinə qoyulan əlaqə nömrələri qeyd olunmuş kartlar onları valideyn olmasa belə qoruya bilər. Mağaza, dükan, itdikləri yerdə hər hansı bir obyektə həmin kartın verilməsi və zəng etdirilməsi halında uşaqların tapılma ehtimalı daha çoxdur.

Pedaqoq bildirir ki, uşaqların ən çox itmə riski onların maraqları ucbatından yaranır. Pişiyin, quşun və ya ona maraqlı gələn nəyinsə arxasınca getmək və valideyndən uzaqlaşmaq itmə ilə nəticələnir. Uşaqlara başa salmaq lazımdır ki, əslində gözəl və maraqlı görünən bir şey onun üçün təhlükəli ola bilər. Buna görə də bilmədən valideyndən uzaqlaşıb marağının arxasınca getmək düzgün deyil.

Valideyn nəzərə almalıdır ki, o hər zaman uşağının yanında olmaya, ona kömək etməyə bilər. Buna görə uşağın azyaşlı olması onun başa düşməyəcəyi mənasına gəlməz. Onları qorumaq və pis hadisələrdən sığortalamaq üçün səbrlə öyrətmək və baş verə biləcək pis hadisələrdən qorumaq lazımdır.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.