Cəmiyyət

"Hər yoldan ötən dərslik yazmamalıdır" - MÜNASİBƏT

18 Aprel 2014 16:39
0 Şərh     Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər təhsil nazirinin Nazirlər Kabinetinin toplantısında toxunduğu problemlərin aktual olduğunu deyirlər

"Əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmamış, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülmüşdür. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlamışdır. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranmışdır. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir". Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarovun səsləndirdiyi bu fikirlər Azərbaycanda təhsil sahəsində qazanılan uğurlarla yanaşı, mövcud problemləri də ortaya çıxarıb. Belə ki, hazırda məktəb müəllimlərinin işə qəbulunun mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirildiyini qeyd edən nazir sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan olduğunu təəssüflə bildirib: "Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görür, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaq". Nazir məktəb direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslərin yalnız müsabiqə yolu ilə seçilməsi və peşə təlimlərinə cəlb olunmasını da yeni atılan addım kimi diqqətə çatdırıb. M.Cabbarov dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi bir vaxtda, hələ də təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdlərinin baş verdiyini qeyd edib: "Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır. Göstərilən halların qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata keçiririk".

Təhsil naziri dərslik siyasəti sahəsində müsbət irəliləyişlərin olması ilə bərabər problemlərin mövcud olduğunu da diqqətə çatdırıb: "Təhsilin məzmunun təkmilləşdirilməsindən söhbət düşürsə, bu sahədə dərslik mövzusuna toxunmamaq olmur. Problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır". Nazir bildirib ki, görülən tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artıb: "Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də öz təsirini göstərəcəkdir. Müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsini nəzərdə tutmuşuq".

20 il məktəb direktoru işləyən insanlar var ki...

Qeyd edək ki, müəllimlərin işə qəbulu prosesində məktəb direktorları yaxından iştirak etmək istədiklərini bildirsələr də, ekspertlər birmənalı şəkildə mərkəzləşdirilmiş qaydanı dəstəkləyirlər.

Təhsil eksperti Şahlar Əsgərov bizimlə söhbətində bu vaxta qədər bir çox müəllimlərin müxtəlif yollarla işə qəbul olunduğunu qeyd etdi: "Ya hardansa zəng vurulub işə götürülüb, ya da "hörmət" edib götürüblər. Nazirliyin mərkəzləşdirilmiş qaydada müəllimləri işə götürməsi əslində işin xeyrinədir. Müəllimlər attestasiyadan keçməlidirlər ki, "zəng"in, "hörmət"in əhəmiyyəti olmasın. Qoy müəllim müsabiqədən keçsin və yüksək əməkhaqqı alsın. Əgər keçə bilməsələr yəqin ki, nazir onlara şərait yaradacaq və onlar kurslarda, seminarlarda iştirak edib peşəkarlıqlarını artıracaqlar". Ekspertin fikrincə, müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması müsbət addımdır: "Müəllimlər könüllü əsaslarla attestasiyadan keçməlidirlər ki, əmək haqları artsın. Müsbət tərəflərdən biri də odur ki, keçənlər differensiallaşmış əməkhaqqı alacaqlar, keçməyənlər isə yox". Ekspert işə qəbulda məktəb direktorlarının iştirakını məqbul hesab etmir: "Nazirdən qabaq hansısa bir məktəb direktoru hər hansı bir təşəbbüslə çıxış edirmi? 20 il məktəb direktoru işləyən insanlar var ki, indiyə qədər bircə təşəbbüs də göstərməyiblər". Ş.Əsgərovun fikrincə, müəllimlərin təhsil sistemində işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və s. yeniliklər və dəyişikliklər təhsil sisteminin inkişafına müsbət təsir edəcək: "Təhsil sisteminin inkişafında min faktordan asılılıq var. Bunlardan biri də işə qəbuldur". Dərsliklərdəki qüsurları təhsil sisteminin əsas problemi adlandıran ekspert qeyd edib ki, bu sahə xüsusi diqqət tələb edir. Belə ki, hər yoldan ötən dərslik yazmamalıdır: "Dərsliklər mükəmməl, bilikli, müdrik insanlar tərəfindən yazılmalıdır".

Yeniləşdirmək lazımdır

Professor Əjdər Ağayev "Kaspi"yə açıqlamasında işə qəbul zamanı ənənəvi təcrübədən də istifadə etmək lazım olduğunu bildirib: "Saxta diplom məsələləri meydana çıxdı. Bunlar hamısı təhsil sisteminə qanunazidd işə qəbullarla birbaşa əlaqəlidir. İnterneti, kompyuter texnologiyalarını, xarici dilləri bilən, ancaq şagirdlə işləmək həvəsi olmayan, ləyaqətini gözləməyi bacarmayan müəllim bizim nəyimizə lazımdır? Yoxlamalarda texniki səviyyə, ümumi anlayış, bilik əsas götürülür, bəs insanlıq necə nəzərə alınsın?" Ə.Ağayev hesab edir ki, müəllimlərin işə qəbulunda ictimai fikir də rol oynamalıdır. Belə ki, ali məktəbi bitirən müəllim bir il işləməli, həmin müddət ərzində həmkarlarının, valideynlərin, dərs dediyi şagirdlərin onun haqqında fikirləri öyrənilməlidir. O fikir müəyyənləşdiriləndən sonra ümumi yoxlamadan keçirilməli və səviyyəsinə uyğun yerə göndərilməlidir: "Elə hallar da olur ki, nazirliyin xəbəri olmur, həmin yerə müəllim götürürlər". Ekspertin fikrincə, Təhsil Nazirliyinin məktəbəqədər ümumtəhsil şöbəsi məktəblərlə ciddi işləməli, oradakı faktları müəyyənləşdirib nazirliyin aparatına çatdırmalı olsa da, bu iş zəif həyata keçirilir. TŞ sədri qeyd edib ki, bəzi təcrübəli və müəyyən yaşa çatan müəllimlərin yoxlanılmasına ehtiyac yoxdur: "Onları el-oba tanıyır və müəyyən təcrübə qazanıblar. Onların yoxlanılması gülüncdür. Ona görə bu iş könüllü əsaslarla həyata keçirilməlidir".

Dərslik siyasətindən danışan ekspert bu problemlə bağlı nazirə verilən məlumatları tam hesab etmir. Onun fikrincə, kifayət qədər müəllif tapmaq olar. Belə ki, müəllifləri işə cəlb etmək üçün müsabiqə elan olunmalıdır. "Dərslikləri müsabiqə ilə yazdırmaq lazımdır. Həmin müsabiqədə ən yaxşı müəllim də, metodist də, ali məktəblərdə dərs verən müəllimlər də iştirak edəcəklər. Söhbət sağlam müsabiqədən gedir. Dərsliklər yazılsın, müvafiq, ədalətli komissiya onları yoxlasın. Birinci yer tutan dərslik kimi qəbul edilsin. İki və üçüncü yeri tutan və əhəmiyyəti olanlar da əgər proqramı tam əhatə edirsə, alternativ nəşr oluna bilər. Amma birinci yer tutan dövlətin təsdiqi və vəsaiti ilə nəşr olunsun. Qalanı isə müəllif özü nəşr etdirə bilər. Rusiyada eyni sinif üçün məsələn, fizika üzrə 8 dərslik var. Başqa ölkələrdə də belədir". Ekspert hesab edir ki, bizdə də belə bir müsabiqə təşkil olunsa, nailiyyətlər meydana çıxacaq: "İndi müəllif ona görə görünmür ki, onları çox sıxışdırıb yaxına buraxmadılar. Özlərinin bildikləri müəyyən adamları dəvət etdilər, o birilərsə küsdülər. Müsabiqə ilə olsa müəllifləri tapmaq mümkündür". Dərsliklərin tender yolu ilə nəşrinə toxunan ekspert son Tender Komissiyasının üzvü olduğunu bildirib: "Əgər bir sinifdə 6 və 7 fənn varsa, hər biri Tender Komissiyasına gəlməlidir. Komissiyaya cəmi 2 fənn gəldi. Bəs qalanları haradan meydana çıxır? Tenderdən kənar dərsliklər haradan gəlir? Müəlliflər kifayət qədər var. Təhsilin xarakteri, kurikulumun məzmununa, dünya təcrübəsinə bələd olan, ənənəni də bilən yaxşı müəllimlərimiz var. Onları tapıb meydana çıxarmaq lazımdır". TŞ sədrinin fikrincə, Təhsil Nazirliyində bu işlə məşğul olan adamlar yeniləşməlidir: "Əgər köhnə qayda ilə məşğul olanlar orada oturubsa, yeniliyə necə nail olmaq olar? Təhsildə rəhbər kadrları tam yeniləşdirmək lazımdır. Bu işə sahəni bilənlər, peşənin həvəskarı olanlar, sevənlər gəlsin. Bilmirsə öyrənəcək, amma saf və ləyaqətli olsun".

İstər müəllimlərin işə qəbulu, istər dərslik siyasətindəki problemlər və s. ekspertlərin dediyi kimi, mükəmməl əllərə tapşırılmalıdır. Hər mənada. Bəlkə onda yeni islahatların uğurlu nəticələrindən də danışmaq olar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.