Cəmiyyət

Əli dəyənəklilər Bakı küçələrindən nə vaxt yığışdırılacaqlar? - FOTO

18 Aprel 2014 15:52
0 Şərh     Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Və ya Abutalıbovun sərəncamı nələri dəyişdirdi?

"Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər". Bu fikirləri Prezident İlham Əliyev keçirdiyi son müşavirədə səsləndirib.

Prezident qeyd edib ki, Bakıda yeraltı parkinqlər tikilib. Bu da tıxac probleminin həllinə bir dəstəkdir: "Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaqdır ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir".

Prezidentin müşavirədə çıxışından sonra əli dəyənəkli parkinqçilərin Bakı küçələrindən yığışdırılması gözlənilirdi. Elə bunu yoxlamaq üçün Bakının gediş-gəlişli bir-iki küçəsində olub, müşahidə apardıq. Şəhərin mərkəzində, Nizami küçəsinin sağ və sol tərəfində maşınların saxlanıldığının şahidi olduq. Halbuki, həmin ərazinin yaxınlığında iki böyük yeraltı dayanacaq yerləşir. Eyni zamanda bu küçədən keçən yol polisinin "dayanmaq və durmaq qadağandır" yol nişanının əhatə dairəsində aparılan qanunsuz parkinqlə göz yumduğunun şahidi olduq.

Gecə saat 11-ə kimi parkinqlə məşğul olan Amil Qocayevdən prezidentin müşavirədəki çıxışından xəbəri olub-olmadığnı soruşduq. O isə acıqlı tonda "Mən televizora baxmıram, vaxtım yoxdur" deyərək, tez getmək istəyən bir sürücünün qabağını kəsib, avtoparkinqin haqqını aldı.

Amil bildirdi ki, onsuz da, gündəlik gəlirləri 10 manatı keçmir: "Onun da 2 manatını yol polisi alır, 3 manatını isə nəqliyyat müfəttişləri... Elə vaxt olur ki, gün ərzində iki dəfə gəlib, pul alırlar. Biz özbaşına deyilik ki, burada dayanıb, parkinqlə məşğul olaq. Küçə kənarında maşınını saxlayan sürücülərin çoxu yaxınlıqdakı mağazalara gedirlər. İşləri qısa olduğundan maşınlarını bizə həvalə edirlər. Birdə ki, biz bu yolda səliqə-sahman yaradırıq. Kim necə gəldi saxlasa, bura keçilməz olar".

Zərifə Əliyeva küçəsində, "Medikal Center"in qarşısında parkinqlə məşğul olan Seymur isə bunları dedi: "Mən olmasam, bir başqası gəlib, bu işlə məşğul olacaq. Yol polisi və nəqliyyat müfəttişləri özləri bizə icazə verir. Maşınını yol kənarında saxlayan bütün sürücülərdən avtomobilinin hansı müddətə burda qalacağını soruşuram. Əgər çox qalacaqsa, deyirəm ki, yer yoxdur. Bunu həm də ona görə edirəm ki, bir də görürsən, prezident keçir. Polis yolun sağında, solunda nə qədər maşın varsa, yığışdırır".

Məlumat üçün bildirək ki, aprelin 17-də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov paytaxtda yaradılmış qeyri-qanuni avtomobil duracaqlarının ləğv edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda şəhərdə müasir tələblərə cavab verən avtomobil dayanacaqlarının yaradılmasına baxmayaraq, hələ də şəhərin bəzi küçə və prospektlərində yol kənarlarında sürücülər tərəfindən bir-iki, hətta üç sıra avtomobillərin saxlanılması hallarına yol verildiyi bildirilir. Bu da həmin küçə və prospektlərdə uzun tıxacların yaranmasına, nəqliyyatın hərəkətinin iflic vəziyyətinə düşməsinə, xüsusi avtomaşınların (təcili yardım, yanğınsöndürən və s.) hərəkətlərində çətinliklər yaranmasına və vətəndaşların haqlı narazılığına səbəb olur.

Qeyd olunur ki, Bakı şəhəri ərazisinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin dayanacaq yerlərinin müəyyən edilməsi və dayanacaqlarda işin təşkili müstəsna olaraq, BŞİH-in səlahiyyətinə aiddir. Bunu nəzərə alaraq, BŞİH başçısı Bakı şəhərinin küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan bəzi dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektləri sahibləri tərəfindən qeyri-qanuni yaradılmış dayanacaqların (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş dayanacaqları istisna olmaqla) ləğv edilməsi barədə sərəncam verib.

Tabeçiliyindən asılı olmayaraq, qeyri-qanuni fəaliyyət göstərən dayanacaq və ya belə fəaliyyəti təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı tədbirlər görüləcək. Qurumun Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırılıb ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi və Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin. Bununla bağlı daxili işlər naziri Ramil Usubova da müraciət edilib.

Bakı merinin sərəncamından sonra paytaxtın yalnız mərkəzi küçələrində reydlərin keçirildiyinin şahidi olduq. Heydər Əliyev Sarayının qarşısında keçirilən reyddə Dövlət Yol Polisi ilə Nəqliyyat Nazirliyinin əməkdaşları yol kənarında maşınlarını saxlayaraq, hərəkətə mane olan sürücüləri cərimələnməklə yanaşı, avtomobillərini "Qış bulvarı"nın altındakı yeraltı dayanacağa aparırdı.

Yol polisləri bildirdilər ki, şəhər kameraları vasitəsi ilə qadağan olunmuş yerlərdə parkinq edilən avtomobillər müəyyən olunduqdan sonra əraziyə evakuator göndərilir və lazımı tədbir görülür. Polis əməkdaşları isə bildirdilər ki, reydlər sutkanın bütün saatlarında həyata keçiriləcək. Yəni, bundan sonra gecə saatlarında da qadağan olunmuş yerlərdə parkinq edilən maşınlar cərimə meydançasına aparılacaqlar.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.