Cəmiyyət

AMEA-nın fəaliyyətini tənzimləyən sənədlər yenidən hazırlanacaq - YENİLƏNİB - FOTO

18 Aprel 2014 17:23
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətini tənzimləyən bir sıra zəruri və vacib sənədlərin dəqiqləşdirilərək yenidən hazırlanacaq və təsdiq ediləcək.

Trend-in məlumatına görə, bu, AMEA-nın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncaqda qəbul olunan qərarda öz əksini tapıb.

Qərara əsasən, AMEA-nın Rəyasət Heyətinə tapşırılıb ki, ümumi yığıncaqda irəli sürülən təkliflər və tövsiyələr fəaliyyət zamanı nəzərə alınsın, AMEA-nın 2020-ci ilədək İnkişaf Konsepsiyası işlənib hazırlansın və onun icrasına nəzarət edilsin, Konsepsiyada elmin prioritet istiqamətləri müəyyənləşdirilsin. Bundan əlavə, elmi proqramların müsabiqə əsasında maliyyələşdirilməsinin təmin edilməsi, iki və daha artıq elmi sahədə aparılan tədqiqatlara həsr olunmuş proqramlara üstünlük verilməsi qərara alınıb.

Qərarda, həmçinin qeyd edilib ki, gənc alimlərin Akademiyaya cəlb olunması siyasətinin əsas prinsipləri işlənib hazırlansın, elmi fəaliyyətdə İKT-nin tədbiqi daha da genişlənsin. Qərara əsasən, Azərbaycanda keçirilən fənn olimpiadalarında və ixtisaslaşmış məktəblərin qurulmasında alimlərin geniş iştirakı təmin edilməli, elm və təhsilin inteqrasiyası daha da gücləndirilməlii, AMEA-nın institutlarında və elmi mərkəzlərində baza kafedraları inkişaf etdirilməli və genişləndirilməli, 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar akademiyanın innovasiya fəaliyyətinə diqqət artırılmalıdır.

Akademiya həm də "Elm haqqında" qanunun qəbulunun sürətləndirilməsi barədə Milli Məclis qarşısında vəsatət qaldıracaq.

---------
16:45


Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı işə başlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin rəhbərləri, dövlət və hökumət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak edirlər.
Akademik Ramiz Mehdiyev və elmi ictimaiyyətin nümayəndələri əvvəlcə AMEA-nın ayrı-ayrı bölmə və institutlarının ötənilki fəaliyyətini, yerinə yetirilən elmi tədqiqat işlərini əks etdirən sərgi ilə tanış olublar.

AMEA-nın müvafiq institutlarının, digər elmi tədqiqat müəssisələrinin son bir ildə qazandığı uğurları əks etdirən sərgi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Ümumi yığıncağı açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-da il ərzində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 49 həqiqi (akademik) və 97 müxbir üzvdən ibarətdir. İclasda 135 nəfər iştirak edir. İclas öz işinə başlamağa səlahiyyətlidir.

Sonra AMEA-nın ötən il keçirilmiş illik ümumi yığıncağından sonra Akademiyanın dünyasını dəyişmiş yeddi üzvünün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti qeyd edib ki, illik yığıncağın gündəliyində iki məsələ var: Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2013-cü ildəki fəaliyyəti və görkəmli alimlərin adına təsis edilmiş mükafatların təqdim olunması.

Gündəlik səsə qoyulmuş və qəbul olunub, reqlament müəyyənləşdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ötənilki ümumi yığıncaqdan keçən dövr ərzində ölkəmizin həyatında baş vermiş ən mühüm hadisənin prezident seçkiləri olduğunu diqqətə çatdırıb. Akademik Azərbaycan xalqının ümumi iradəsi nəticəsində bu ali dövləti vəzifəyə seçilmiş Prezident İlham Əliyevi elmi ictimaiyyət adından təbrik edib.

Akif Əlizadə AMEA-nın dövlətimizin başçısının elmə dair qərarlarını rəhbər tutaraq 2013-cü ildə də uğurla fəaliyyət göstərdiyini bildirmiş, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə olunmasını, elmi infrastrukturun müasirləşdirilməsini və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən əsas prinsip kimi qeyd etmişdir. AMEA prezidenti Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahib olduğunu, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş, bölgədə ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını bildirib.

Yığıncaqda Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ətrafında müzakirələr aparılaraq səsə qoyulacaq, elmin müxtəlif sahələrində xidmətlərinə görə fərqlənmiş alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyacaq mükafatlar təqdim ediləcək.


---------
13:13

Azərbaycan Milli Elmlər Akademiyası institutlarının elmi-tematik proqramlarını yeni formada maliyyələşdirməyi planlaşdırır. Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilatı fəaliyyətinə həsr olunmuş yığıncaqda bildirib.

A.Əlizadə deyib ki, bəzi institutların elmi-tematik proqramlarında gerilik var. Onlar bu proqramlarında çox primitiv məsələrə toxunurlar. Bunun qarşısını almaq üçün AMEA tərəfindən xüsusi komissiya yaradılıb. Həmin komissiya institutların proqramlarını müsabiqə əsasında qəbul edəcək. Müsabiqədən keçmiş elmi proqramlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycanda elmi ekspedisiyalar genişlənməkdədir: "Ancaq bir problemimiz var. Ekspedisiyaların xüsusi maliyyələşdirilməsinə ehtiyac var. Buna görə də Nazirlər Kabinetinə müraciət etmişik".

A.Əlizadə qeyd edib ki, AMEA-nın bir neçə institutunun adı dəyişdirilib. Onların adlarının dəyişdirilməsinin məqsədi institutların işinin məzmununu yeni formaya salmaq, elmi tədqiqatları yeni formada istiqamətləndirmək, enerjilərini səfərbər etməkdir.

A.Əlizadə onu da əlavə edib ki, bu il sentyabrda I Bakı Elm Festivalının keçirilməsi planlaşdırılır. Bu isə Azərbaycan elminin təbliğ olunmasına imkan yaradacaq. Bu ilin dekabr ayında isə Azərbaycan alimlərinin I qurultayının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, iclasda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edir.

Milli.Az

----------
16:45

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: AzərTAc
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.