Cəmiyyət

Bakı Metropoliteni: təhlükəsizliyimizə nə qədər təminat verilir? - VİDEO

18 Aprel 2014 11:52
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Metropoliteni" idarəsinin baş mühəndisi Fuad Tağızadə ANS-in əməkdaşının suallarını cavablandırıb

Uzun müddətdir müşahidə elədiyimiz bir hadisəyə, Bakı metrosunda tez-tez baş verən texniki nasazlığa nəhayət ki, bu gün cavab aldıq. Bakı Metropoliteni idarəsinin baş mühəndisi Fuad Tağızadə ANS-in əməkdaşının suallarını cavablandırıb.

Bakı Metropolitenindən hər gün azı 700-750 min insan istifadə edir. Bu, haradasa az qala bir milyona yaxın insanın təhlükəsizliyi deməkdir. Bəs Metropoliten təhlükəsizliyimizə nə qədər təminat verir?

Son günlərin hadisələri göstərdi ki, metroda problemlər hələ də qalmaqdadır. Uzağa getməyək, cəmi bir gün əvvəl "Əhmədli" və "Həzi Aslanov" stansiyaları arasındakı tuneldə yenə həyəcanlı anlar yaşandı. Qatarın düz yarım saat ləngiməsi vaqondakı sərnişinlərin narahatlığına səbəb oldu. Bəzi informasiyalara görə, buna qədər də qatar 2 dəfə dayanıbmış. Hərçənd, metroya təzə rəis təyin ediləndə problemlərin aradan qaldırılacağına bir ümid vardı. Düzdür, Zaur Həsənov belə bir vəd verməmişdi, amma onun gələn kimi metroda başladığı islahatlar bu qənaəti formalaşdırmışdı. O isə işə metronu ticarət obyektlərindən və reklamlardan təmizləməklə başladı. Əlbəttə, təqdirəlayiqdir, amma hər gün metrodan istifadə edən 750 min sərnişini bundan da çox, metrodakı ləngimələr, tuneldə qalmaq təhlükəsi və s. bu kimi məqamlar narahat edir. Təsəvvür edin, hər gün axşam saatlarında metronun əksər stansiyalarında bu cür basabas yaşanır.

"Sərnişin qatarlarının intervallarını çox edirlər. Adamlar bir-birinin belində gedir".

Elə metropolitenin baş mühəndisi Fuad Tağızadə də metrodakı problemləri inkar etmir. Xüsusilə, qatarların vaxtaşırı tuneldə qalmasına qurum rəsmisinin münasibəti necədir?

Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə: "Çalışacağıq ki, belə hallar aradan götürülsün. Bilirsiz, texniki nasazlıq həmişə ola bilər. Ancaq heç vaxt razı ola bilmərik ki, texniki nasaz qatarda sərnişin daşıyaq. Heç bir kilometr də daşımağa nə mənəvi, nə qanuni ixtiyarmız var. Ona görə də məcbur oluruq sərnişinləri stansiyalarda boşaldıb qatarı depoya çıxardaq. Hər bir qatar yola salınmamışdan qabaq tam yoxlanılır, baxılır, sürülür. Ancaq onu da bilin ki, qatar gün ərzində 14-16 saat işləyir. Yəni bu, gün ərzində əmələ gələn nasazlıqlardır".

Yeri gəlmişkən, bu gün Metropolitenin istismar parkında 235 qatar var. Bu həm də xətdə olan qatarların sayı deməkdir. Onların 60 faizi yenilənib. Xatırladım ki, bir qatarın istismar müddəti 31 ildir. Baş mühəndis deyir ki, istismar müddəti bitməkdə olan qatarlar da var ki, bu gün nasazlıqlar da xüsusilə həmin qatarlarla bağlı ortaya çıxır.

"Bakı Metropoliteni"nin baş mühəndisi Fuad Tağızadə: "5 il də çalışacağıq ki, bu qatarları modernizasiya edib, yeni qovşaqlarla və yeni aparatlarla təchiz edək. Sərnişinlərə tam əmin edə bilərik ki, heç nədən qorxmasınlar".

Sərnişinlərin qorxmaması üçün isə gərək qorxu hissi yaradan hadisələr olmasın. Hər halda buna ümid edək, həm də Metropolitenin mətbuatla müntəzəm işləməsinə. Çünki gün ərzində 750 min sərnişinin mənzil başına çatmasına cavabdehlik daşıyan qurum çox ciddi strateji obyekt kimi qapılarını mətbuatın üzünə açmalıdır. Nə olsun ki, burada "qapılar bağlanır" ifadəsi daha işləkdir?

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.