Cəmiyyət

Bakıda tikilən yol kompleksi istifadəyə verilməmiş sürücüləri dolaşıq salıb

18 Aprel 2014 01:00
1 Şərh     Baxış: 3 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda inşa olunan yol qovşağı istifadəyə verilməmiş narazılıq yaradıb.

Oxucular Mili.Az-a yazırlar ki, Xutor dairəsində tikilən yol qovşağında hal-hazırda səki daşlarının düzülməsi işləri aparılır. Bu işlər zamanı Rəşid Məmmədov küçəsini Abdulvahab Salamzadə küçəsi ilə birləşdirən körpünün sağ yan tərəfindəki paralel yolun Ziya Bünyadov prospektinə çıxışı səki daşları ilə bağlanıb. Ona görə də, Rəşid Məmmədov küçəsi ilə gələn avtomobillər Ziya Bünyadov prospektinə çıxmaq üçün uzun yol qət edib Abdulvahab Salamzadə küçəsini (korpünün üzərinə çıxmaqla) və ya Alı Mustafayev üçüncü mikrorayon dairəsini dövr etməli, yaxud da daima tıxac olan "Yeganə" şadlıq sarayının önündən keçməklə Eldar Babayev küçəsi ilə Ziya Bünyadov prospektinə (keçmiş Karl Marks dairəsinə) istiqamətlənməlidir.

Oxucu əsaslandırmağa çalışır ki, əvvəl burada dairə olduğundan nəqliyyat vasitələri asanlıqla Ziya Bünyadov prospektinə çıxa bilirdilər. Hazırda isə 2, 3 və 4-cü mikrorayonlar istiqamətindən gələn avtomobillərin Rəşid Məmmədov küçəsi ilə qovşaq vasitəsilə Ziya Bünyadov prospektinə çıxışı layihədə nəzərə alınmayıbsa, bu, ciddi nöqsandır və buna görə yenə sürücülər əziyyət çəkəcəklər. Tunellərin üzərindəki boş sahədən səmərəli istifadə olunmalı və Rəşid Məmmədov küçəsinin yol qovşağı vasitəsilə Ziya Bünyadov prospektinə çıxışı təmin olunmalıdır.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, oxucu üçün sual yaradan yer Hüseynbala Əliyev - Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişdiyi ərazidir. Həmin ərazidə də müxtəlif səviyyəli yol qovşağı kompleksi inşa olunur. Kompleksə 3 tunel, 1 yolötürücü qovşaq daxildir. Rəşid Məmmədov küçəsi hazırda H.Əliyev küçəsidir. Yol ötürücüsü vasitəsilə Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin H.Əliyev küçəsi və əks istiqamətdə maneəsiz, fasiləsiz hərəkəti təmin ediləcək.

Qurum rəsmisi qeyd etdi ki, istənilən qovşaq tikiləndə orada böyük araşdırma aparılır. Müxtəlif vaxtlarda hərəkət şiddəti ölçülür, avtomobillərin hərəkət şiddətindən asılı olaraq layihələndirilir. H.Əliyev küçəsindən gələn nəqliyyat vasitələri Salamzadə küçəsinə və əks istiqamətdə gedə biləcək, çünki orada ikizolaqlı yol ötürücüsü inşa olunur. Sürücülərin H.Əliyev və digər küçələrə çıxması üçün köməkçi yollar olacaq. Sürücülər köməkçi yol vasitəsilə bir qədər qabağa gedib körpünün yanından 3-cü mikrorayon bazarı istiqamətindən dönmə əməliyyatı etməklə Salamzadə və Ziya Bünyadov prospektinə çıxa bilərlər. Buna görə bir neçə yerdə dönmə əməliyyatı üçün imkanlar yaradılacaq. Keçmiş Karl Marks heykəli istiqamətindən gələn nəqliyyat vasitələri də, köməkçi yol vasitəsilə gəlib H.Əliyev küçəsinə normal hərəkət edə biləcək. Eyni zamanda, Salamzadə küçəsindən gələn avtombillər Ziya Bünyadov prospektinə, həmçinin dönmə əməliyyatı edərək 3-cü mikrorayon bazarı istiqamətinə gedə biləcək.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.