Cəmiyyət

Nəbatat Bağında ağac kəsilməsi faktı ilə əlaqədar cinayət işi açıldı

17 Aprel 2014 17:11
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA-nın Mərkəzi Nəbatat Bağında ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb

Milli.Az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin Səbail RPİ-yə ünvanlanmış müraciətinə əsasən, 5 aprel 2014-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abasqulu Abbaszadə19/25 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatət bağında 0.30 hektar ərazidə köküstü yaş halda 40 ədəd 4-7 illik həmişəyaşıl Eldar şamı və Sərv növündə ağacların qanunsuz kəsilməsi, habelə kökündən çıxarılaraq məhv edilməsi faktı aşkar edilib. Ağacların məhv edilməsi nəticəsində dövlətə 360 manat ziyan dəyib.

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə, meşələrdə və ya qoruqlarda ağacların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz qırılması və çıxarılması hallarını kəskin tənqid edib. Prezident qeyd edib ki, nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər: "Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu vicdansızlıqdır, bu biabırçılıqdır, bu cinayətdir".

Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident İ.Əliyev aidiyyəti qurumları təkliflərini təqdim etməyə çağırıb: "Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun, ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.