Cəmiyyət

Məmurlarımız niyə gəlirlərini gizlədirlər?

17 Aprel 2014 16:35
1 Şərh     Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında" qanun tətbiq edilmir

Rusiya Prezidenti və Baş naziri 2013-cü ildə qazandıqları pulları və malik olduqları əmlakı açıqladılar. Bu barədə məlumatın geniş xalqa çatdırılması üçün Kremlin rəsmi saytında xüsusi informasiya da yerləşirildi.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, indi hətta Azərbaycanda da çoxları bilir ki, Rusiya Prezidenti keçən il 58 min dollar geri düşüb - 2012-ci ildə illik gəliri 160 min dollar olduğu halda, 2013-cü ildə bu, 102 min dollara düşüb. Arvadından bu yaxınlarda boşanmış Vladimir Putin pis yaşamır - tək başına iki mənzili, iki qarajı və hətta "M-21" olsa da, iki "Volqa"sı var. Kremlin saytı Baş nazir Dmitri Medvedevin də keçən il geri düşdüyünü ortaya çıxarıb - 2012-ci ildə 161 min dollar qazanmış Baş nazir 2013-cü ildə 43 min dollar geriləyərək cəmi 118 min dollar qazanıb. Amma yenə də Baş nazir şükür içində olub, hər halda, Prezidentdən 16 min dollar çox pul qazanıb.

Bunlar dünyanın ikinci supergücü və 15 min nüvə başlığına malik bir dövlətin 1-ci və 2-ci şəxsləri barədə informasiyadır. Bütün səlahiyyət və güclərinə, Krım ilhaqından sonra ətraflarında yaranmış bir mifik qorxuya baxmayaraq, Putin və Medvedev öz gəlirləri kimi ikinci dərəcəli bir məlumatı arxa planda saxlamaq barədə düşünmürlər və geniş ictimaiyyətlə bölüşüməyin qayğısına qalırlar. Amma Azərbaycanda belə deyil və hətta kiçik bir MİS məmurunun belə gəlirlərini açıqlaması üçün imkan yoxdur. Bu, ilk növbədə, cəmiyyətdə, qonum-qonşu arasında sabitliyin və qarşılıqlı inamın ortadan qalxmasına səbəb olur. Məsələn, MİS-də işləyən Ağabala (adlar şərtidir - red.) babasından miras qalmış mənzilin kirayə pulunu alıb evinə geninə-boluna bazarlıq edəndə, qonşu Fatmanisə ürəyinin dərinliyində "bu, yenə JEK-i dağıdır" deyib tində oturan "bitikçi Mamed"in üstünə cumur, ona bir qara xoruz verərək xahiş edir ki, bir bitik yazıb "korrupsioner" Ağabalanın xoruzunu qoltuğuna versin. Amma Fatmanisə bilsəydi ki, Ağabala da onun kimi kirayə qazancı ilə yaşayır, MİS-dən aldğı 250 manat məvacibin üstünə 300 manat da aldığı kirayə pulu ona bəy balası kimi yaşamaq imkanı verir, heç vaxt bəd-gümana düşməzdi. Əsla. Amma vəziyyətin bu şərtlər arasında dəyişməsi üçün "JEK" Ağabalanın öz gəlirləri barədə bəyannamə imzalayıb, onun da bir surətini işlədiyi idarənin qabağından asması vacibdir ki, sadə vətəndaş olan Fatmanisələr Nuh əyyamından qalan eynəkləri ilə məsələdən hali ola bilsinlər.

Əlqərəz, məsələ on ilə qədər gündəmdə olan "Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında" qanunun tətbiq edilməsini gündəmə gətirir. Araşdırmaya görə, məmur uşaqlarının bahalı avtomaşınlarla sosial şəbəkələrdə boy verdiyi, şəhərdaxili yolları "Formula 1" pistləri ilə qarışıq salıb qəzalara səbəb olduğu bir zamanda məmurların gəlir bəyyannamələri təqdim etməsi çox vacibdir. Əhali bu bahalı avtomobillərin, yaxtaların və evlərin dövlətdən oğurlanmış pullar hesabına yarandığını güman edir və bəzən də yanılır. Çünki məmurların içində vəzifəyə biznesdən gəlmiş və yetərincə varlı olanları çoxdur. Onların gəlirlərini bəyan etməsi məhz ona görə vacibdir ki, xalq haqqı-nahaqdan, ağı-qaradan seçə bilsin. Əks halda, bu məsələdə vəziyyətin bulanıq olması həmişə sosial gərginlik mənbəsi olaraq qalacaq və bulanıq suda balıq tutmaq istəyənlər çox olacaq.

Bu qanunun tətbiqinin bu qədər gecikdirilməsi anlaşılan deyil. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Antikorrpusiya şəbəkəsinin koordinatoru, sabiq millət vəkili Əliməmməd Nuriyevin bildirdiyinə görə, "Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında" qanun 2005-ci ildən qüvvəyə minib. Həmin ilin avqust ayında xüsusi fərmanla 3 ay müddətində gəlir bəyannamələrinin formasının hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib. "2012-ci ildə bizim tərəfimizdən də gəlir bəyannaməsinin forması hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Eyni zamanda, təşkilat tərəfindən həmin qanuna əlavə və dəyişikliklər barədə qanun layihəsi hazırlanıb və Prezident Administrasiyasına təqdim edilib. Həmçinin həmin gəlir bəyyannaməsini hansı qaydada tərtib etməklə bağlı Nazirlər Kabinetinin qərar layihəsi də hazırlanıb. Bizə həmin zaman Vergilər Nazirliyindən də məlumat gəldi ki, həmin təkliflər nəzərə alınacaq. Amma bu günə qədər gəlir bəyyananməsinin forması təsdiq edilməyib", - deyə Əlimməd Nuriyev vurğulayıb.

Araşdırmaya görə, bu məsələyə cavabdeh olan nazirliklər də bəyannamə formasının çoxdan hazırlanaraq Nazirlər Kabinetinə göndərildiyini bildirirlər. "Biz, bəlkə də, yeddi ildir ki, bu formanı hazırlayıb Nazirlər Kabinetinə göndərmişik, amma fakt budur ki, məmurlar hələ ki, bəyannamə təqdim etmirlər", - deyə mənbə bildirib.

Nazirlər Kabinetinin bu məsələni niyə gecikdirdiyini isə öyrənmək heç cür mümkün deyil. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bunu Maliyyə Amnistisiyasının tətbiqi ilə bağlayır. "Bu məsələni 2004-cü ildə mən parlamentdə qaldırmışdım. Əgər Maliyyə Amnistisiyası tətbiq edilərsə, gəlir bəyyanamələrinin tətbiqinə keçmək asanlaşar. Bu, bütün vəzifəli şəxslərə öz gəlirlərini leqallaşdırmaq imkanı verəcək", - deyən sabiq millət vəkili bu məsələnin sürətləndirilməsinin vacibliyini vurulayır: "Gəlir bəyannaməsi mühüm bir alətdir. Bu, həm vəzifəli şəxslərin gəlirlərinin dinamikasını öyrənməyə imkan verir, şəffaflığın təmin edilməsinə yardımçı olur, həm də qanunsuz varlanmanın qarşısını alır". Əliməmməd Nuriyevin fikrincə, Maliyyə Amnistisiyası investisiyaları artıracaq, yeni iş yerləri açılacaq, əmlaklar leqallaşacaq və təbii ki, ölkə üzrə vergi bazası da genişlənəcək: "Bu, milyonçuların leqallaşmasına da gətirə bilər ki, vergi ödənişi ilə bağlı yeni situasiya yaranar".

Qeyd edək ki, 2012-ci ildə məmurların gəlir bəyannamələrinin elektron formada tətbiq edilməsi üçün başqa bir fərman da verilib. İqtisadiçı ekspert, Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun başçısı Vüqar Bayramovun sözlərinə görə, fərmandan sonra güman olunurmuş ki, artıq 2014-cü ilin yanvar ayının 1-dən artıq məmurla elektron formada gəlir bəyyannamələri təqdim edəcəklər. "Amma buna rəğmən hələ də məmurlar üçün gəlir bəyyannamələri tətbiq edilməsi mümkün olmayıb", - deyə iqtisadçı ekspert bildirib.

Vüqar Bayramov bu məsələnin tətbiqində Maliyyə Amnistisiyası ilə yanaşı başqa bir problemin də olduğunu vurğulayır: "Gəlirlərə və əmlaka amnistiya tətbiq etdikdən sonra məmurların və iş adamlarının vəsaitinin və əmlakının uçotu aparılmalıdır. Həmçinin bütün məmurları gəlir bəyyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan nəzarət sistemi də yaratmaq lazımdır. Praktiki olaraq, indiki halda bir sıra nüfuzlu məmurların gəlirlərinə nəzarət etmək mümkün deyil. Yəni bəlkə də elə bu üzdəndir ki, hökumət gəlirlərin bəyan edilməsi mexanizminin tətbiqindən çəkinir".

İqtisadçı ekspertin fikrincə, məmurları gəlir bəyyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan xüsusi qurumun yaradılması və ona xüsusi səlahiyyətlər verilməsi vacibdir. "Postsosialist ölkələrin təcrübəsi göstərir ki, belə bir nəzarət üçün heç bir nazirliyə, dövlət qurumuna bağlı olmayan xüsusi komissiyanın yaradılması vacibdir. Çünki bununla bağlı hansısa nazirliyə bağlı qurum yaratdıqda, ona təsir etmək imkanları artır. Həmin komissiyaya dövlət məmurları ilə yanaşı cəmiyyətdə böyük nüfuzu olan ictimaiyyət nümayəndələrini də daxil etmək lazımdır", - deyə Vüqar Bayramov vurğulayır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.