Cəmiyyət

İtirilmiş sənədlərimizi haradan tapa bilərik?

17 Aprel 2014 15:04
1 Şərh     Baxış: 2 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda itirilmiş sənəd və ya əşyalar barədə daxil olmuş müraciətlərə 10 gün müddətinədək, xüsusi yoxlama aparılması zəruri hesab edilməyən hallarda isə 3 iş günü ərzində baxılır və bu barədə onlara büro əməkdaşları tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş arayış verilir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, tapılmış əşyalar, adsız və ünvansız sənədlər 1 ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə təhvil verilir. Şəxsi sənədlər (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və sair) 1 ay müddətində saxlanılır və bu müddətdə sahibi müraciət etmədikdə ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarına, hərbi biletlər aidiyyəti üzrə səfərbərlik xidmətlərinə, tələbə biletləri, qiymət kitabçaları, təhsil diplomları və digər sənədlər (xidməti vəsiqələr, təqaüd kitabçaları, plastik kartlar, sürücülük vəsiqələri və sair) sahiblərinə qaytarılması üçün təhsil müəssisələrinə, sahibinin qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də müvafiq təşkilatlara göndərilir.

Qeyd edək ki, Bakı şəhərində Tapıntılar Bürosu Azərbaycan Respublikası DİN-in müvafiq əmri ilə 2006-cı ildə Bakı şəhər Baş Polis İdarəsinə (BPİ) bilavasitə tabe olan struktur hissə kimi yaradılmaqla, fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə, DİN və BPİ-nin hüquqi normativ aktlarına əsasən həyata keçirir.

Büronun əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olmuş tapılmış əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarətdir və qeyd olunan xidmətə görə dövlət rüsumu nəzərdə tutulmur. Büronun əməkdaşları tapılmış əşya və sənədlərin saxlanılmasına cavabdehlik daşıyırlar.

Büro iş günləri saat 10.00-dan 19.00-dək, şənbə günləri isə saat 10.00-dan 18.00-dək fəaliyyət göstərir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.