Cəmiyyət

"Gör mənim sifətimdə "nakişi" sözü yazılıb?" - REPORTAJ - FOTO

17 Aprel 2014 13:32
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bəzən şəhərdəki tıxaclara tab gətirmək mümkün olsa da, "diribaş" sürücülərin tıxacın gətirdiyi gərginliyə əlavə başağrısı olması dözülməz olur. Doğrusu, belə sürücülərin yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn maşınların yoluna çıxması tıxacların uzun zaman davam etməsinə səbəb olur.

Onsuz da o bir elə geniş olmayan paytaxt küçələrinin hər iki tərəfində sıralanan maşınların yolları daha da dar etməsi də maneədir. Həm də küçələrin dayanacaqlara çevrilməsi əlavə problemlərin yaşanmasına səbəb olur. Baxmayaraq ki, son vaxtlar şəhərin bir neçə yerində müasir dayanacaqlar tikilib, lakin bu problem hələ də aradan qaldırılmayıb. Səbəb aydındır. Bir-iki dəqiqəlik park üçün uzaq bir məsafəni qət etmək olmur. Ona görə də ali məktəblərin, metro dayanacaqlarının, apteklərin, bazar və marketlərin, eləcə də digər obyekt və müəssisələrin qarşısında yaranan bu dayanacaqlar həmin yerlərdə arzuolunmaz tıxacların yaranmasına səbəb olur.

Pullardan dövlət büdcəsinə pay düşürmü?

Bəs bu dayanacaqlara nəzarəti hansı qurum həyata keçirir? Sürücülərə edilən "xidmətə" görə ödənilən pullardan dövlət büdcəsinə pay düşürmü?

Əyinlərində yaşıl gödəkcə, qollarına qırmızı sarğı bağlayan, maşınları "qarşılayıb, yola salanlar" kimdir, kimdən göstəriş alır və ya ümumiyyətlə, bunların "böyüyü" kimdir? Bir araşdırma aparmağa çalışdıq.

Bəs əslində necədir?

Nimdaş geyimləri, tüklü sifətləri, əllərindəki çubuqları ilə gözə dəyən bu insanların bəzilərinin yaxalarında tanıtım lövhələri də var. Əslində bütün bunlar onların rəsmi olaraq hansısa qurumun işçiləri olmasından xəbər verir. Bəs əslində necədir?

Musiqili Komediya Teatrının yerləşdiyi küçənin park üçün icazəli yerində maşın saxlamaq mümkün olmadığından Beynəlxalq Bankın ofisinin əks tərəfində özümə yer edirəm. Gənc oğlan maşının dayanmasına yardım göstərir. Maşını rahladıqdan sonra oğlandan:

- Burada saxlamağın qorxusu yoxdur? Aparmazlar ki? - soruşuram.

Gənc oğlan arxayıncasına:

- Nə qorxusu ola bilər ki? Sən pulunu bəri başdan ver, get işinin dalınca.

Ödənişin neçə qəpik olması ilə maraqlanıram. Gənc maşınımın yuyulmasının vacib olduğuna deyir. Razı olmuram. Ödənişlə bağlı sualıma cavab verir:

- Baxır sənin dayanmağına, tez gəlsən, 1 manat bəs edər.

Bir manatın çox olduğunu deməyimə bənddir. And içir ki, burada maşın saxlamağa icazə olmadığı üçün xərcləri çox çıxır.

- Həm də kameralar var, baxırlar, nə qədər maşının dayandığının haqq-hesabı gedir. Bizə qalan qəpik-quruş, bir də yuduğumuz maşınların puludur.

Maraq məni çəkir. Söhbətə tuturam.

- Ötən dəfə MSK-nın köhnə binasının yanında saxlamışdım. Sənin kimi biri məni arxayın saldı. Amma qayıdanda gördüm ki, maşınımı aparıblar.

- O pis oğlan deyil axı, maşını əldən verməzdi, görəsən, nə olub elə?.. Mən elə namərdliyi eləmərəm. Gərək pul verəsən ki, aparmayalar da.

Arxayın ol, sənin maşınına toxunmazlar


Nəzarətçi oğlandan kimə haqq verdiyini soruşuram. Məlum olur ki, küçələrdən maşınları aparan evakuatorlarla bunların razılaşması var. Nəzarətçilərin izni olmadan maşın saxlayanlar bunun ağrısını çəkirlər:

- Özümüz çağırırıq, deyirik ki, maşın dayanıb, gəlib aparırlar. Həm də bizə yer lazım olur axı, "naxalnı" girən maşınları "nakolkalayırıq". Buna görə də sən arxayın ol, sənin maşınına toxunmazlar.

Ödəniş edirəm. Söhbət zamanı onu da öyrənirəm ki, bu oğlan maşınları cərimə meydanına aparanlarla əlbirdir. Bir də yola quraşdırılan kameralara nəzarət edən idarənin hansısa işçisi gəlib aylığını alır, bundan əlavə heç yerə pul ödəmir, qazancları özlərinə qalır. İcazəli yerlərdə dayananlar isə Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinin işçiləri sayılır. Və onlar NN-in yola nəzarət edən əməkdaşlarına pul ödəyirlər.

Gəl indi Qarabağı al da...

Səməd Vurğunun ev muzeyinə çatmamış küçədə hərəkət etmək ümumiyyətlə mümkün deyil. Hər iki tərəfdə saxlanılan maşınlara az qala sürtünərək keçmək olur. Orta yaşlı, ağzında siqaret, yaşıl gödəkcəli kişiyə yaxınlaşıram.

- Mənə yer düzəlt, maşınımı saxlayım.

Saymazyana:

- Yer yoxdur- deyir.

- Mənə vacib lazımdır, bu yaxınlarda işim olacaq, maşını uzaqda saxlamaq istəmirəm, apararlar, - deyirəm, yumşalır.

- Ağsaqqal, inan, yorulmuşam yer düzəltməkdən, mən bəs bunları nə edim? - sıralanmış maşınları göstərir - sənə necə yer düzəldim?

"Evakuatora zəng elə, gəlsin bir-ikisini aparsın, yer boşalsın", - deməyimi görürəm. Nəzarətçi partlayır:

- Pah atonnan, gəl indi Qarabağı al da... bu millət düzəlmədi də... sır-sıfatından mədəni, yeyib içən adama oxşayır, amma mənə deyir, işverənlik elə. Birincisi, evakuator buraya girə bilməz, burada dayanmağa icazə var, ikincisi də... sən allah, get burdan.

Gör mənim sifətimdə "nakişi" sözü yazılıb?

Getmirəm, xətrinə dəydiyim üçün üzrxahlıq edirəm. Axır ki, könlünü alıram.

- O tərəflərdə belə hallar olur, - deyirəm. - Dedim, bəlkə, sən də o cür işləyirsən...

- Yox, mən o cür işləmirəm. Gör mənim sifətimdə "nakişi" sözü yazılıb?

Pərt olsam da, büruzə vermirəm. Bir qədər də söhbət edirəm. İşi, dolanışığı ilə maraqlanıram. Uzun çək-çevirdən sonra dərdinin qaysağını qopara bilirəm:

- Vaxtın olsa, gözlə, hava qaralana yaxın Nəqliyyat Departamentindən gələcəklər. 3 nəfərdilər, hərəsinə 7 manat verirəm. Alıb gedəcəklər. Bu əraziyə baxanlardır. Pis adam deyillər e... onlardan da umurlar da...

- Kim umur ki?

- Guya bilmirsən, onlardan da yuxarılarda oturanlar. Ötür-ötürdür də.

Öyrənirəm ki, Səbayel rayonu üzrə bütün "dayanacaqlardan" haqqı bu "üçlük" yığır.

- Baxma, bu, xeyli pul edir, - bunu da nəzarətçi deyir.

Adını soruşuram. "Adım Raqifdir", - deyir O da məlum olur ki, Raqif heç yerdən maaş almır. Baxmayaraq ki, işə rəsmi düzəlib. Heç vergi də ödəmir. Ödəyəcəyi vergilər ödədiyi gündəlik 7 manatlardan çıxır...

Bura olmaz, buralar tutulub

"Nərimanov" metrosunun üstündəki parkın 4 tərəfi də belə dayanacaqdır və burada işləyən "stoyanşiklər" də dövlətə vergi ödəmirlər. Heç onlar da maaş almırlar. Dolanışıqları hər maşından aldıqları 20 qəpikliklərdən toplanıb özlərinə qalanlardı. Açığı, bu insanların hamısı dolanışıqdan şükürlü idi. Cavad adlı işçidən yaşlı qohumumu bura necə düzəldə biləcəyimi soruşuram.

- Bura olmaz, buralar tutulub. Sən bax, göz gəzdir, gör harada maşın dayanır və orada "stoyanşik" yoxdur, mənə de, adam var, deyim kömək etsin. Pis deyil, daş daşımırsan, hamballıq eləmirsən. Allah bərəkət eləsin, mənə hər gün ən azından 35-40 manat pul qalır. Xərcimdən əlavə ha... Xərc də ki heç nədir. Sadəcə, bura bərəkətli yerdir, elə yer var ki, 10-15 manata işləyirlər...

Şəhərin ayrı-ayrı yerlərindəki müşahidələrim və apardığım araşdırmalardan məlum oldu ki, əslində sürücülərdən toplanan pulların dövlət xəzinəsinə bir şey çatmır. Bu pullar dama-dama göl olub, ayrı-ayrı adamların cibinə axır...

Axar.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.