Cəmiyyət

Çexiya parlamentinin üzvləri ilə QHT-lərə Dövlət Dəstəyi Şurasında görüş keçirilib - FOTO

16 Aprel 2014 19:13
Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ölkəmizdə səfərdə olan Çexiya parlamenti Senatının Avropa İttifaqı məsələləri komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyəti haqqında Çexiya parlamentarilərinə ətraflı məlumat verib, Şuranın əsas məqsədinin vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərini hərtərəfli şəkildə dəstəkləyərək hökumətlə QHT sektoru arasında əlaqələri koordinasiya etmək olduğunu bildirib.

Şuranın yaradılması zamanı ABŞ və Avropa təcrübəsini öyrəndiklərini bildirən A.Quliyev qurumun 2007-ci ildə demokratik prinsiplər əsasında formalaşdırıldığını, 11 üzvündən 8-nin vətəndaş cəmiyyətini təmsil etdiyini qeyd edib. Şuranın ötən 6 illik fəaliyyəti dövründə heç bir ayrı-seçkilik etmədən 2500-dən artıq QHT-nin layihəsini maliyyələşdirdiyini və bunun vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm töhfə olduğunu vurğulayıb. Azərbaycanın QHT sahəsində örnək təcrübəyə malik olduğunu, ölkədə 3 mindən artıq QHT-nin insan haqları, demokratiya, ekologiya, sosial, təhsil və digər sahələrdə fəaliyyət göstərdiyini bildirib.

Çexiya QHT-ləri ilə də əməkdaşlıq etdiklərini deyən Şura sədri xarici QHT-lər üçün qrant proqramı çərçivəsində onlardan ikisinin layihəsinin dəstəkləndiyini bildirib. Çexiya parlamenti Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Miroslav Kreyça səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəmizdə ilk dəfə olduqlarını və gördüklərindən məmnunluqlarını bildirib. M.Kreyça nümayəndə heyətinə daxil olan şəxslərin QHT sektorunda böyük təcrübəyə malik olduğunu bildirib. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərlə tanış olmağa, ölkəmizin təcrübəsini öyrənməyə böyük maraq göstərdiklərini vurğulayıb. Toplantıda qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsi baxımından görüşlərin davam etdirilməsi haqqında razılığa gəlinib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.