Cəmiyyət

Yaşıl soyqırıma son qoyulacaqmı?

16 Aprel 2014 17:58
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər dövlət qurumlarını və ekoloqları hərəkətə keçirib

"Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm". Bu fikirlər prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səslənib. Ağacların qanunsuz kəsilməsinə münasibət bildirən dövlət başçısı müşavirədə vəziyyətin əvvəlki illərə nisbətən daha müsbətə doğru irəlilədiyini və ekoloji vəziyyətlə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulayıb: "Ağacəkmə kampaniyası çərçivəsində on milyondan çox ağac əkilib və bu proses davam etdirilir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir". Ətraf mühitin qorunmasından danışan prezident bir neçə il bundan əvvəl Azərbaycanda "Ekologiya ili"nin elan edildiyini yada salıb: "Xatırlayıram, o vaxt biz "Ekologiya ili"ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, "Ekologiya ili" hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir". Ölkə başçısı ağacları kəsənlərə qarşı daha ciddi tədbir görülməsindən ötrü aidiyyəti qurumlara səslənərək son xəbərdarlığını edib: "Aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz".

4 milyondan 25 min manat

Qeyd edək ki, meşə fonduna daxil olan ağacların mühafizəsi və istifadəsi Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı ilə tənzimlənir. Belə ki, ağacların kəsilməsi yalnız istisna hallarda, yəni yıxılmış, qopmuş və təhlükə törədərsə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə aparıla bilər. Digər hallarda ağacların kəsilməsi birmənalı şəkildə qadağandır.

ETSN-dən aldığımız məlumata görə, 2013-2014-cü ilin birinci rübü ərzində Bakı şəhərində 1200 ədəd ağac kəsilməsi faktı aşkarlanıb. Bununla bağlı nazirlik tərəfindən ayrı-ayrı hüquqi, fiziki və vəzifəli şəxslərə inzibati qaydada cərimələr tətbiq olunub. Belə ki, ağac kəsilməsinə görə, İnzibati Xətalar Məcəlləsində hər bir vətəndaşın, hüquqi və vəzifəli şəxsin məsuliyyəti müəyyənləşdirilib: "Meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin zədələnməsi, kəsilməsi və məhv edilməsinə görə fiziki şəxslər üçün 2200-2500, vəzifəli şəxslər üçün 10000, hüquqi şəxslər üçün isə 40000-50000 manatadək cərimə nəzərdə tutulub. Məcəlləyə edilən əlavə və dəyişikliklərə görə, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan, hər bir ağac və kol bitkilərinin zədələnməsinə, məhv edilməsinə, kəsilməsinə görə, fiziki şəxslər 1300-1500, vəzifəli şəxslər 3500-4000, hüquqi şəxslər isə 20000-25000 manatadək cərimə olunur. Ancaq qanunsuz ağac kəsmələrinə görə 80 nəfər şəxs üçün tətbiq olunan 4 milyon cərimə məbləğinin cəmi 25 min manatı ödənilib.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Kaspi"yə açıqlamasında ödənilməyən cərimələrə münasibət bildirərək "nazirlik cəriməni fiziki təzyiqlər yolu ilə ala bilməz" deyə bildirib: "Bəzən bizi qətiyyət göstərməməkdə ittiham edirlər. Biz məsələni hüquqi çərçivədə həll etməyə çalışır, öz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Biz məhkəmə icraçılarına da deyə bilmərik ki, cəriməni nə üçün ödətdirmirsiniz - bu, bizim səlahiyyətimizdə deyil".

"Müraciətlərimiz çox hallarda cavabsız qalır"

Ağackəsmə faktlarının mövcudluğunu danmayan ETSN Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bizimlə söhbətində bu faktların son dövrlər artdığını qeyd edib. Belə ki, nazirliyin ciddi tədbirlər görməsinə, aidiyyəti qurumlara - polis orqanları, icra hakimiyyətləri, bələdiyyələrə müraciət etməsinə baxmayaraq, problem həll olunmaq əvəzinə davam edir. Nazirlik rəsmisi qeyd edib ki, Nazirlər Kabinetinin (NK) torpaq sahələrinin ayrılmasının ETSN-lə razılaşdırılması ilə bağlı 15 mart 2000-ci il tarixli 42 saylı qərarına əsasən həmin ərazilərdə ekoloji məsələlərin təsirləri qiymətləndirilməlidir. "Çox vaxt bu torpaq sahələri razılaşdırılmır. Ya ağacı kəsib yerində obyekt tikir, ya da sonradan sərəncam verib tikirlər. Nazirlik bununla bağlı aidiyyəti qurumlar qarşısında dəfələrlə məsələ qaldırıb. Biz qanunvericiliyə müvafiq olaraq səlahiyyətimiz daxilində ciddi tədbirlər görürük". R.Mirzəyevin dediyinə görə, bəzən faktlar üzrə ağac kəsənlərin müəyyənləşdirilməsi mümkün olmur. Belə olanda nazirlik nümayəndələri akt yazmaqla kifayətlənir və polis orqanlarına təhvil verirlər ki, təqsirkar tapılsın və barəsində müvafiq qaydada sənədləşmə aparılsın: "Təəssüf ki, həm polis orqanlarına, həm də icra hakimiyyətlərinə müraciətlərimiz çox hallarda cavabsız qalır".

ETSN rəsmisi prezidentin ağac kəsilməsinə son münasibətindən sonra nazirlik tərəfindən yaşıllığın mühafizəsi ilə bağlı konkret istiqamətlərin müəyyənləşdirildiyini - bütün ərazilərdə mövcud yaşıllığın inventarizasiyanın aparılması, aidiyyəti qurumlar qarşısında məsələlərin daha ciddi qaldırılması və nəzarətin daha gücləndirilməsi haqqında təkliflərin olduğunu və hazırda bu istiqamətdə işlər görüldüyünü bildirib: "Nazirlik cərimələri tətbiq edir. Qanunvericiliyə uyğun olaraq icra qurumlarına, məhkəmələrə göndərilir ki, qərarlar icra olunsun. Çox hallarda isə bu məsələlər öz həllini tapmır. Bu da həmin şəxslərin bilərəkdən məsuliyyətdən kənarda qalmasına şərait yaradır. Məhkəmələr çox vaxt müəyyən məbləğdə olan cərimə qərarlarını heç bir əsas olmadan ləğv edir. Ancaq təqsirkar öz cəzasını alsa, bir də onu təkrar etməz. Başqasına da ibrət olar".

Nazirlik rəsmisi hesab edir ki, yaşıllığın məhv edilməsi ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi ilə yanaşı, insanların şüurundan da çox şey asılıdır. Belə ki, müəyyən vəsait hesabına əkilən ağaclara qarşı soyqırımılar həyata keçirmək cinayətdir: "Bəzi işbazlar var ki, özlərinə kommersiya obyekti tikmək üçün ağacları kəsirlər. Ağaclar əsasən gecə vaxtları kəsilir. Ancaq onu da bilməlidirlər ki, təbiətə vurulan ziyanın kompensasiyası ödənilməlidir". Nazirlik rəsmisi qeyd edib ki, ağacların kəsilməsi, köçürülməsi yalnız ETSN-nin razılığı əsasında müvafiq icra hakimiyyətlərinin və bələdiyyələrin qərarı əsasında həyata keçirilə bilər: "Çox vaxt İH və bələdiyyələr bu qərarı icra etmirlər. Nəticədə ağacların özbaşına kəsilməsi hallarına və budanmasına yol verilir. Bakı Şəhər Yaşıllaşdırma Birliyi də qərarları çox vaxt icra etmir".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov ağacların qanunsuz kəsilməsini müvafiq dövlət qurumlarının nəzarətinin lazımı səviyyədə olmaması ilə əlaqələndirib: "Mənə elə gəlir ki, ağacların kəsilməsinə nəzarət edən ayrıca bir qurum olmalıdır. Vətəndaş cəmiyyəti də həmin quruma cəlb olunmalıdır". Ekoloq hesab edir ki, yaşıllığın məhv edilməsində başlıca rolu iş adamları oynayır: "Biznesmenlər harada yaşıllıq varsa həmin ərazini dağıdır, orada özləri üçün şadlıq sarayı, kafe, restoran və ya yaşayış mənzilləri tikirlər. Nəticədə ağaclar qanunsuz kəsilir. Baxaq görək, hər hansı bir şəxs bir ağac əkirmi? Ancaq hamımız sağlamlığımızı tələb edirik".

Ölkə başçısının narahatlıqla dilə gətirdiyi, əlaqədar qurumların hələ tam həllinə nail ola bilmədikləri problemin həllinə hamılıqla çalışmağa ehtiyac yaranıb. Bəlkə yalnız bir araya gələn insanlar yaşıllığa qənim kəsilənlərin qəniminə çevrilər. Hətta icra qurumları cərimələri "ödətdirmək" iqtidarında olmasalar belə, təqsirləndirilənlər cərimələrdən hər vasitə ilə yayınmağa çalışsalar belə...

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.