Cəmiyyət

Böyük İnvestisiya Proqramı, kiçik xarici borc, diqqətdə olan sahibkarlıq

16 Aprel 2014 17:50
Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Builki iqtisadi siyasətin əsas istiqamətləri

"İkinci rübdə və ilin sonuna qədər görüləcək işlər çoxdur. Biz bu işlərin hamısını yüksək səviyyədə görməliyik. İlk növbədə, Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir". Bunu Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş toplantıda prezident İlham Əliyev deyib. Ölkə başçısı bildirib ki, bu il İnvestisiya Proqramı kifayət qədər böyükdür və bu investisiyalar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir və güclü iqtisadi potensialımızın artırılmasına yönəlib: "İnfrastruktur layihələri proqram üzrə aparılır və aparılmalıdır. Hələ ki, biz infrastruktur layihələrini tam şəkildə başa çatdıra bilməmişik. Ancaq bu istiqamətdə müsbət irəliləyiş var. Bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xətlərinin çəkilişi layihələri icra ediləcək və əslində icra edilir. Bəzi rayonlarda bu layihələr başa çatıb. Bəzi rayonlarda isə hələ ki, işlər davam edir. İçməli su və kanalizasiya layihələri hazırda əsas prioritet məsələdir. Çünki elektrik enerjisi ilə təminat, qazlaşdırma sahəsindəki işlərin böyük əksəriyyəti artıq görülüb. Hazırda kənd yolları, içməli su və kanalizasiya layihələri daha da böyük investisiya tələb edir. Eyni zamanda, bu yaxınlarda Prezidentin Ehtiyat Fondundan artezian quyularının qazılması üçün əlavə vəsait ayrılıb. Bu da insanları içməli su ilə təmin etmək üçün çox önəmli bir addım olacaq".

Prezident qeyd edib ki, Dövlət İnvestisiya Proqramında öz əksini tapan məsələlər icra edilməlidir və bunun üçün maliyyə problemi yoxdur: "Eyni zamanda, sosial infrastruktur layihələri icra edilir. Biz burada da keyfiyyətə üstünlük verməliyik. Məktəblərin, xəstəxanaların tikintisi ən yüksək səviyyədə aparılmalıdır. Əminəm ki, Dövlət İnvestisiya Proqramının tam həcmdə icrası bu il də təmin ediləcək.

Sosial proqramların icrası da dövlət büdcəsində nəzərdə tutulub. Bu, dediyim kimi, daimi bir prosesdir. Biz çalışmalıyıq ki, insanlarımız sosial təminat baxımından əziyyət çəkməsinlər. Xüsusilə aztəminatlı ailələr üçün sosial dəstək daha da təsirli olmalıdır.

İnvestisiya Proqramımız böyük olduğuna görə biz əlbəttə ki, makroiqtisadi vəziyyətə də daim diqqət yetirməliyik. Hazırda makroiqtisadi sabitlik təmin edilir, inflyasiya cəmi 2 faizdir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiyanı bu səviyyədə saxlaya biləcəyik. Deyə bilərəm ki, Azərbaycan nadir ölkələrdəndir ki, əhalinin pul gəlirləri inflyasiyanı daim üstələyir - 2 dəfə, 3 dəfə. Amma bu, daimi üstələmədir. Bu göstərici sadəcə olaraq gözəl bir iqtisadi parametr deyil, bu, əslində insanların gündəlik həyatında böyük rol oynayan bir amildir".

Xarici investisiyaları səmərəli sahələrə cəlb etməliyik

Dövlət başçısı xarici investisiyalarla bağlı da bir sıra məqamlara toxunub. Qeyd edib ki, xarici investisiyaları ölkəmizin inkişafı üçün lazım olan, prioritet təşkil edən sektorlara cəlb etmək lazımdır. İ.Əliyev vurğulayıb ki, hazırda bizdə xarici investisiyalar daha çox neft-qaz sektoruna qoyulur: "Bu da təbiidir. Artıq 20 ildir bu, belədir. Nəzərə alsaq ki, biz indi böyük enerji layihələrini icra edirik, belə də olacaq. Ancaq biz çalışmalıyıq ki, digər sektorlara da xarici və özəl investisiyaları daha böyük həcmdə cəlb edək. Çünki hazırda infrastruktur layihələrinin icrasına dövlət investisiyaları qoyulur. Biz dövlət kreditlərindən istifadə edərək iqtisadiyyatın real sektorlarını da canlandırırıq. Ancaq çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da cəlb edək. Əlbəttə ki, bu, o qədər də asan məsələ deyildir. Çünki hələ ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranının fəsadları yaşanır, hələ aparıcı dünya iqtisadiyyatlarının iqtisadi inkişafı onlar üçün lazımi səviyyədə təmin edilməyib. Ona görə xarici investisiyaları cəlb etmək o qədər də asan məsələ deyil. Nəzərə almalıyıq ki, dünyanın əksər ölkələri bu işlərlə məşğuldur. Ancaq biz elə bir şərait yaratsaq və ümumiyyətlə, Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik. Biz bu məsələlər ətrafında işləməliyik".

Sahibkarlığa böyük dəstək

Prezident sahibkarlığın inkişafı sahəsində görülən və görülməli olan işlərdən danışıb. Bildirib ki, sahibkarlığın inkişafı ilə əlaqədar işlər artıq yolundadır. Həm maliyyə resursları, həm məsləhət, tövsiyə xarakterli tədbirlər görülür ki, sahibkarlar aldığı güzəştli kreditlərdən daha da səmərəli şəkildə istifadə etsinlər. Bu isə emal sənayesinin, kənd təsərrüfatının inkişafında özünü gələcəkdə də göstərəcək.

Yeri gəlmişkən, qeyd edək ki, bu ilin birinci rübdə sahibkarlığın inkişafı istiqamətində əlavə tədbirlər görülüb. Ölkə başçısı biznes mühitinin yaxşılaşdırılması üçün çox önəmli sərəncam imzalayıb. Bu sərəncamın icrası bizə imkan verəcək ki, Dünya Bankının "Doing Business" reytinqində yerimizi daha da yüksəklərə qaldıraq. Eyni zamanda, sərəncam şərait yaradacaq ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün əlavə addımları atılsın. Bu, aparılan iqtisadi siyasətin əsas məqamıdır. Bu gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcək. Biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması daim diqqət mərkəzindədir. Sərəncamda nəzərdə tutulan müddəaların icra edilməsi nəticəsində bu sahədə daha da yaxşı nəticələr əldə ediləcək.

Ümumiyyətlə götürdükdə sahibkarlıqla bağlı məsələlər Azərbaycanda uğurla həll edilir. Ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır. Daha bir müsbət məqam ondan ibarətdir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, xarici investisiyaları üstələyir. İndi qarşıda duran əsas məsələ ondan ibarətdir ki, ölkə iqtisadiyyatına qoyulan vəsait artsın və bu vəsait hökumətin iqtisadi siyasətilə tam uzlaşsın.

Keçirilən müşavirədə ölkə başçısı da bu məsələyə toxunaraq bildirib ki, xarici investorların öz maraqları ola bilər: "Ölkəmizin də öz maraqları var. Biz bunları bir-biri ilə bağlamalıyıq, bağlayırıq. Bugünkü Azərbaycan artıq dünya miqyasında biznes aparmaq üçün çox gözəl ölkə kimi tanınır. Təsadüfi deyil ki, aparıcı maliyyə qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla bağlı çox müsbət rəy mövcuddur. İqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi yüksək səviyyədə saxlayır. Biz bu gün xarici maliyyə bazarlarından istənilən məbləğdə vəsait cəlb edə bilərik və bunu artıq bu yaxınlarda etmişik. Çox məhdud sayda etmişik. Ancaq tələbat və ya sifariş təklif etdiyimiz imkanlardan təqribən 4-5 dəfə artıq olub. Biz ən məqbul şərtlərlə əlavə maliyyə resursları cəlb etmişik".

Xarici borcumuz ideal səviyyədədir

Dövlət başçısı ölkənin xarici borcundan da danışıb. Bildirib ki, əslində Azərbaycanın maliyyə vəziyyəti beynəlxalq bazarlardan istənilən məbləğdə limitsiz, məhdudiyyətsiz, kredit resursları almaq üçün imkan verir: "Sadəcə olaraq, bunu böyük dərəcədə etmirik. Çünki buna ehtiyac yoxdur. Ancaq bu gün Azərbaycan xarici borcun səviyyəsinə görə, deyə bilərəm ki, dünyada aparıcı yerlərdədir. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında bəlkə də ən aşağı göstəricidir.

Bir sözlə, bu gün bizim öz maliyyə imkanlarımız var. Onları biz yaratmışıq, gərgin iş, düşünülmüş siyasət nəticəsində, enerji sektorunun inkişafı sayəsində. Eyni zamanda, biz bu gün istənilən məbləği ölkə iqtisadiyyatına cəlb edə bilərik. Ancaq bir daha demək istəyirəm və hesab edirəm ki, xarici borcumuzun ümumi daxili məhsulumuzda səviyyəsi bir rəqəmlə ölçülməlidir. Bu gün bu, 8 faizdir. Yəni, bu səviyyədə qalsa, hesab edirəm ki, gələcək üçün də və imkanlarımızın genişlənməsi üçün də bu, məqbul bir səviyyədir".

Qeyd edək ki, müşavirədə 1-ci rüb üzrə iqtisadi göstəricilər də açıqlanıb. Bildirilib ki, bütövlükdə ölkə iqtisadiyyatı 2,5 faiz artıb. Qeyri-neft sektoru keçən il 10 faiz artdığı halda, bu ilin birinci rübündə 8,8 faiz artıb. Əhalinin pul gəlirləri 4,5 faiz artıb. İnflyasiya isə cəmi 2 faiz təşkil edib. Beləliklə, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Kənd təsərrüfatında artım 3 faizdən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız birinci rübdə xeyli artaraq 53 milyard dollara çatıb.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.