Cəmiyyət

"Məşhurların övladları": Aslan İsmayılovun oğlu kimdir? - FOTO

16 Aprel 2014 12:20
3 Şərh     Baxış: 16 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harada çalışırlar, nə işlərlə məşğuldurlar...

Modern.az saytı "Məşhurların övladları" adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız tanınmış hüquqşünas və ictimai fəal Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılov barəsindədir.

Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olmuş Aslan İsmayılov əmək fəaliyyətinə 1975-ci ildə Rusiyanın Krasnodar şəhərinin kompressor zavodunda tokar işləməklə başlayıb. 1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1983-1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib.

1986-1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989-1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993-1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

1996-2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildən "Viza" Hüquq Firmasını, 2006-cı ildən "Aslan İsmayılov və Partnyorları" vəkil bürosunun təsis edib.
Uzun illərdir vəkilliklə məşğuldur.

Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olarkən məhkəmə prosesində şahidi olduğu prosesləri "Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı" kitabında əks etdirib. Kitabda bu hadisələrlə bağlı bir sıra qaranlıq məsələlərə aydınlıq gətirilir.

Fəlsəfə üzrə fəlsəfə doktorudur. Ailəlidir, iki oğlu, bir qızı var.

Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılov 21 yanvar 1989 tarixində Stavropol diyarının Zelençuk şəhərində anadan olub. 1-ci sinfə Bakıdakı 39 saylı məktəbdə gedib, 2-ci sinifdən isə 43 saylı liseydə təhsil alıb.

Məktəbi bitirdikdən sonra 2006-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Təhsiliylə paralel olaraq atasının "Viza" Hüquq Firmasında iş təcrübəsi keçib.
Bakalavr təhsilini 2010-cu ildə uğurla bitirdikdən sonra Ziyəddin İsmayılov 1 il müddətində hərbi xidmətdə olub.

Hələ BDU-da oxuduğu dövrlərdən Almaniyada təhsilini davam etdirmək qərarına gəldiyindən əsgərliyi bitincə, Düsseldorf şəhərində alman dili kurslarına başlayıb.

"Dil biliklərimi təkmilləşdirdikdən sonra 2012-ci ilin oktyabr ayından Münhenin Ludviq Maksimilian Universitetində Avropa və Beynəlxalq Kommersiya hüququ üzrə magistr təhsili alıram. Hal-hazırda təhsilimi bitirmək üzrəyəm. Mart ayından başlayaraq isə İPS (Beynəlxalq Parlament Təqaüdü) Proqramı çərçivəsində Almaniya Parlamentində (Bundestaq) Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı (CDU/CSU) fraksiyasının müavini Dr. Frans Yozef Yunqun (keçmiş müdafiə naziri) deputat bürosunda təcrübə keçirəm", - deyə Ziyəddin Modern.az-a müsahibəsində bildirib.

"Burada parlamentin iş prinsipini, Almaniyanın qanunvericilik sistemini öyrənirəm. Təbii ki, xaricdə olduğum müddətdə maksimum dərəcədə təcrübə toplayıb vətənimə dönməyi düşünürəm" deyən Z.İsmayılov Azərbaycanda sırf ixtisası üzrə vəkil kimi fəaliyyət göstərməyi planlaşdırır.

"Atam kimi öz sahəmdə uğurlu olacağımla bağlı yekdil fikir söyləyə bilməsəm də, ən azından onun məktəbinin yetirməsi kimi yolunu layiqincə davam etdirəcəyimə əminəm. Tək arzum isə bütöv Azərbaycanda həqiqi hüquqi dövlətin qurulmasıdır. Çünki hesab edirəm ki, bütün yaşanan problemlərimizin həlli məhz hüquqi dövlət quruculuğundan keçir. Bu yolda isə bir gənc vətəndaş kimi əlimdən gələni etməyə hazıram".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.