Cəmiyyət

Bakı Ali Neft Məktəbində əfsanəvi Pavel Pototskinin anadan olmasının 135-ci ildömününə həsr olunmuş konfrans keçirilib - FOTO

16 Aprel 2014 10:24
Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprel ayının 15-də Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri Polşa Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları ilə birgə XX əsrin əvvəllərində Bibi Heybət ərazisində dənizin bir hissəsinin torpaqlanmasında fövqəladə rol oynamış polşalı mühəndis Pavel Nikolayeviç Pototskinin "Bayıl limanı" ərazisindəki qəbrini ziyarət etmiş və məzarın üstünə gül dəstələri qoymuşlar.

BANM-dən Trend-ə verilən məlumata görə, sonra Bakı Ali Neft Məktəbinin akt zalında əfsanəvi mühəndis Pavel Pototskinin anadan olmasının 135-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan rektor Elmar Qasımov müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi irsimizin öyrənilməsinə və təbliğinə, Azərbaycanın tarixində əhəmiyyətli rol oynamış şəxslərin xatirəsinin yad edilməsinə xüsusi önəm verdiklərini qeyd etmiş, ölkəmizin neft tarixinə şanlı səhifələr yazmış polşalı mühəndis Pavel Pototskinin Bibi Heybət ərazisindəki dənizin bir hissəsində torpaqlama işlərinə rəhbərlik etdiyini, bu hadisənin dünya tarixində dənizdə neft hasilatının başlanğıcı kimi tanındığını, qədirbilən Azərbaycan xalqının bu işdə böyük fədakarlıq göstərmiş Pavel Pototskinin xatirəsinə hörmət və ehtiram bəslədiyini qeyd etmişdir.

Konfrans iştirakçıları Pavel Pototskinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru professor Ramiz Hümbətov "Bayıl limanı" ərazisində neft hasilatının tarixi və polşalı mühəndis Pavel Pototskinin ərazinin torpaqlanmasında və neft hasilatında rolu" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Pototskilər nəslinin mənşəyi, bu nəslin görkəmli nümayəndələrinin həyat yolu, təhsili, fəaliyyətləri, 1803-cü ildən başlayaraq Bibi Heybət ərazisində dənizdə neft hasilat etmək üçün müxtəlif zamanlarda təşəbbüs göstərmiş mütəxəssislər, onların irəli sürdüyü layihələr, qarşılaşdıqları çətinliklər, bu işlərə hökumət orqanlarının münasibəti haqqında məlumatlar öz əksini tapmışdır.

Polşalı mühəndis Pavel Pototskinin 1911-1932-ci illər ərzində Bibi Heybət ərazisinin bir hissəsinin torpaqlanmasında fövqəladə rol oynadığı tarixi faktlar əsasında şərh edilmiş, onun dünya miqyasında analoqu olmayan torpaqlama layihələrinin müəllifi və bilavasitə icraçısı olduğu haqqında məlumatlar diqqətə çatdırılmış, Pavel Pototskinin rəhbərliyi altında mürəkkəb mühəndis qurğularının və texnologiyaların yaradılması nəticəsində dünyada ilk dəfə olaraq dəniz ərazisində neft hasilatına nail olunduğu qeyd edilmişdir.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Polşadakı Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Həsənov müstəqil Azərbaycanla Polşa Respublikası arasında diplomatik əlaqələrin qurulmasının tarixi, bu əlaqələr çərçivəsində siyasi, iqtisadi və mədəni əməkdaşlıq istiqamətlərində həyata keçirilmiş layihələr, onların hər iki ölkənin həyatına verdiyi töhfələr, Azərbaycan-Polşa əlaqələrinin bugünkü vəziyyəti və perspektivləri haqqında məruzə etmişdir. O, Bakı Ali Neft Məktəbinin kollektivi tərəfindən görkəmli mühəndis Pavel Pototskinin xatirəsinin yad edilməsinin təqdirəlayiq olduğunu və Polşa- Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulamışdır.

Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Mixail Labenda Polşa-Azərbaycan əlaqələrinin uzun tarixə malik olduğunu, XIX əsrdən başlayaraq bir çox polşalı mütəxəssislərin Azərbaycanda, Bakıda fəaliyyət göstərdiklərini, polşalı memarların müəllifləri olduğu çoxsaylı binaların unikal memarlıq abidələri kimi indiyə kimi qorunub saxlandığı, Azərbaycanda işləmiş polyak mənşəli mütəxəssislərin sırasında yol mühəndisi Pavel Nikolayeviç Pototskinin şəxsiyyətinin və fəaliyyətinin xüsusi qiymətə layiq olduğunu vurğulamış, Pavel Pototskinin Bibi Heybət ərazisində torpaqlama işlərində rolundan danışmış, bu şəxsin həm polşalı, həm də azərbaycanlılar üçün qürur mənbəyi olduğunu qeyd etmiş və Pavel Pototskinin xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan hökumətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə və Bakı Ali Neft Məktəbinin kollektivinə minnətdarlığını bildirmişdir.

Konfransda rejissor Ziya Şıxlinskinin "Şopenin qayıdışı" qısametrajlı filmi nümayiş etdirilmişdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.