Cəmiyyət

Lisey və gimnaziyaların I sinfinə şagird qəbulunda yenilik

11 Aprel 2014 19:39
0 Şərh     Baxış: 1 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi bu il Azərbaycanda şagirdlərin I sinfə qəbul qaydalarında ediləcək dəyişiklərə aydınlıq gətirib

Bakı şəhərində lisey və gimnaziyalara şagird qəbulu prosesinin optimallaşdırılması nəzərdə tutulur. Milli.Az-ın məlumatına görə, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, dəyişikliyə əsasən lisey və gimnaziyalarda xüsusi qrafikin tərtib olunması planlaşdırılır. O bildirib ki, I sinfə uşaq qəbul edəcək lisey və gimnaziyalarda bu işi nizamlamaq, tənzimləmək, qəbul prosesində aşkarlığı və obyektivliyi təmin etmək üçün nazirliyin nümayəndələri seçim prosesində iştirak edəcək: "Müəyyən lisey və gimnaziyalara şagird qəbulu müəyyən müsabiqə və ya müsahibə əsasında aparılır. Mövcud qaydalar bu il də qüvvədədir və liseylər, gimnaziyalar həmin qaydalar əsasında şagirdləri seçəcəklər".

Təhsil Nazirliyi bu il Azərbaycanda şagirdlərin I sinfə qəbul qaydalarında ediləcək dəyişiklərlə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib. A. Əhmədov qeyd edib ki, cari il istər vaxtından əvvəl I sinfə qəbulda, istərsə də I siniflərə kütləvi qəbulda hansısa dəyişiklik yoxdur. Onun sözlərinə görə,  Nazirlər Kabinetinin təsdiq etdiyi "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi"nə əsasən hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar I sinfə qəbul olunur. "Təhsil haqqında" qanunda, eyni zamanda həmin nizamnaməyə əsasən xüsusi istedadı ilə fərqlənən, lakin məktəb yaşı qeyd olunan müddətədək tamam olmayan uşaqlar da xüsusi formada I sinfə qəbul oluna bilər: "6 yaşı müəyyən olunmuş vaxta qədər tamam olmayan istedadlı uşaqların I sinfə qəbulu haqqında təhsil nazirinin əmri ilə təsdiqlənmiş qaydalar var. Sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olacaq və özlərinin təfəkkür tərzi ilə fərqlənən istedadlı uşaqlar yalnız müvafiq komissiyadan keçdikdən sonra onların I sinfə qəbuluna ya icazə verilir, ya da icazə verilmir. Qaydalara görə, təhsil şöbələrinin nəzdində yaradılan komissiyalar vasitəsilə onlar yoxlanılır və müvafiq qərar qəbul olunur. Ötən il Bakı şəhərində 5 belə xüsusi komissiya yaradılmışdı və uşaqlar müəyyən olunan qrafik əsasında gələrək öz bacarıqlarını nümayiş etdirirdi. Bunun nəticəsində onlara qəbul olunmaları haqqında sertifikat verilir. Qəbul olunmayanlara isə bunun səbəbləri izah olunur".

Altı yaşının tamam olmasına bir neçə gün qalan uşaqlara xüsusi güzəştlərin verilməsinə gəlincə, Aydın Əhmədov deyib ki, 1-2 gün fərq olan uşaqlar üçün hansısa güzəştlər nəzərdə tutulsa, digər valideynlərdə narazılıq yarana bilər. Şöbə müdiri bildirib ki, qanun müəyyən məhdudiyyət qoyur və onun pozulmasına yol verilmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.