Cəmiyyət

Bakıda "Kaspi" Təhsil Mərkəzinin təşkilatçılığı ilə növbəti - VI Beynəlxalq təhsil sərgisi açıldı - FOTO

7 Aprel 2014 13:13
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "Kaspi" Təhsil Mərkəzinin təşkilatçılığı ilə növbəti - VI Beynəlxalq təhsil sərgisi açılıb

Trend-in məlumatına görə, Azərbaycanda beynəlxalq təhsil sərgilərinin keçirilməsi artıq ənənə halı alıb. Bu ənənənin təməli indiyədək 500-dən çox tələbənin xaricdə təhsil almasına geniş imkanlar yaratmış "Kaspi" Təhsil Mərkəzi tərəfindən qoyulub. Azərbaycan gənclərinin daha yaxşı təhsil almalarına təkan verən belə sərgilər onlara dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanı yaradır. Məhz bunun nəticəsidir ki, hər il sərgidə iştirak edənlərin sayı artır.

Tədbirdə çıxış edən "Kaspi" Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva bildirib ki, sərginin məqsədi xarici mütəxəssislərin iştirakı ilə dünyanın qabaqcıl universitetlərindəki təhsil imkanları barədə tələbə və gəncləri maarifləndirmək və mərkəzin köməyi ilə onların həmin universitetlərə çıxışlarını təmin etməkdir. Əvvəlki təcrübələrə əsasən demək olar ki, builki sərgi də Azərbaycan gənclərinin arzularının reallaşmasında mühüm rol oynayacaq.

Gənclərimiz heç bir məsafə qət etmədən, əlavə xərc çəkmədən Avropanın ən nüfuzlu təhsil müəssisələri barədə ətraflı məlumat əldə edəcəklər.

S.Vəliyeva deyib ki, istər çar Rusiyası, istərsə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlıların xaricdə təhsil almaq təcrübəsi olub: "Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə 100 nəfərdən çox azərbaycanlı gənc xaricə ali təhsil almağa göndərilib. Sovet dövründə bu proses dayanmışdır. Yalnız ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu sahədə dirçəliş olmuş və yüzlərlə gənc respublikadan kənarda təhsil almağa göndərilmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu məsələ yenidən diqqət mərkəzində olmuşdur. Xaricdə təhsil siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkəmizdə uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bunun bariz nümunəsidir. Dövlət Proqramı özəl təhsil müəssisəsi olaraq "Kaspi" Təhsil Mərkəzinə də öz işini səmərəli qurmağa imkan verir. "Kaspi" Təhsil Mərkəzi fəaliyyəti dövründə 500-dən çox gəncin xaricdə təhsil almasını təmin etmişdir. Bundan əlavə, mərkəz bu gənclərin sonrakı taleləri ilə də maraqlanır və üzləşdikləri problemləri həll edir".

Tədbirdə bildirilib ki, "Kaspi" Təhsil Mərkəzi 2007-ci ilin mayında təhsil sahəsinə yeniliklər gətirmək və beynəlxalq standartlara cavab verən təhsil sistemi yaratmaq məqsədilə qurulub. Mərkəzin əsas vəzifəsi gənclərdə maarifçi təfəkkürün inkişaf etdirilməsi, gələcək kadrların yetişdirilməsidir.

"Kaspi" Təhsil Mərkəzi savadlı müəllim kollektivi, münbit dərs şəraiti, zəngin avadanlığa malik sinif otaqları ilə təmin olunmuşdur. Mərkəzdə dərslərin keyfiyyətinin artırılması məqsədilə xüsusi laboratoriyalar və kabinetlər abituriyentlərin istifadəsinə verilmişdir. Bundan əlavə, mərkəzin minlərlə kitaba, DVD və CD-lərə malik zəngin kitabxana və oxu zalı da vardır. Mərkəzdə mütəmadi olaraq hər rübün sonunda sınaq imtahanları və hər ay valideyn iclası keçirilir. Mərkəzi bitirən gənclərin əksəriyyəti ABŞ, Böyük Britaniya, İsveçrə, Rusiya və s. ölkələrin nüfuzlu universitetlərində təhsil alırlar. Hazırda "Kaspi" Təhsil Mərkəzində xarici dillər, kompyuter kursları, 7-12 yaş arasında uşaqlar üçün xüsusi ingilis dili, TOEFL və DAAD proqramları, magistraturaya hazırlıq kursları fəaliyyət göstərir.

Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar. Sərgi 10-dək ölkəni təmsil edən 80-dən çox universitet və təhsil müəssisəsini Azərbaycanın paytaxtında bir araya gətirmişdir. Sərgidə dünyanın nüfuzlu xarici təhsil müəssisələri barədə məlumat kitabları, bukletlər və s. nümayiş etdirilmiş, ekspertlər tərəfindən qəbul şərtləri, təhsil proqramları barədə məlumat verilmişdir.

Bütün sərgi ziyarətçilərinin təhsil ocaqlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, təhsil müəssisələri, universitetlərə qəbul, ödənişsiz təhsil, təqaüdlər, tələbə vizalarının verilməsi qaydaları, tələbə həyatının xüsusiyyətləri və digər vacib detallar barədə məlumat almaq imkanları olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.