Cəmiyyət

ABŞ səfirliyi GIPA-nın jurnalistika üzrə magistr proqramına tələbə qəbulu elan edir

2 Aprel 2014 18:27
Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GIPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunu elan edir.

Trend-in ABŞ səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumta görə, proqram üzrə dərslər ABŞ, Avropa İttifaqı, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən keçirilir. Proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətlərdə medianın gücləndirilməsidir.

Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak etmək üçün seçiləcək. Proqram dörd semestr ərzində, sentyabr 2014 - may 2016 tədris illərində keçiriləcək. Birinci və dördüncü semestrlər yerli universitet və mətbuat orqanlarının dəstəyi ilə Bakıda keçiriləcək. Tələbələr 2015-ci ilin yanvar-dekabr aylarında, ikinci və üçüncü semestrlərdə Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2016-cı ilin may ayında isə onlar diplom işlərini müdafiə etmək üçün yenidən GIPA-ya qayıdacaqlar. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr "Brosse Street Journal" adlı jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GIPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Həm çap, həm də teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktik yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərlərin çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. Adıçəkilən məktəbin müəllim heyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində IREX-in Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.

Bütün namizədlər ali təhsilə malik olmalıdır. Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərin ingilis dilini bilməsi şərtdir.

ABŞ-ın Azərbaycandakı səfirliyi azərbaycanlı tələbələrin Gürcüstanda təhsil alması, onların tədris haqları və yaşayış xərclərini maliyyələşdirəcək. ABŞ səfirliyi, həmçinin Azərbaycanın regionlarından olan tələbələrə Bakıda təhsil aldıqları zaman maliyyə yardımı göstərə bilər.

Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin sentyabrında Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi (ingilis dilində) müsahibədir. Sənədlərin qəbulu üçün son müddət 31 may 2014-cü ildir.

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai İşlər İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçular və jurnalistlər yetişdirən institutdur.

Qeyd edək ki, Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi 2001-ci ildə jurnalistika və media idarəçilyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Məktəbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

2002-ci ilin yanvarında məktəbin açıldığı vaxtdan bəri 130-a yaxın məzun ingilisdilli regional proqramı bitirərək jurnalistika və media idarəçilyi üzrə magistr dərəcəsinə yiyələnib. Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışmaqdadırlar. Onların 87%-i hazırda müxtəlif sahələrdə çalışırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.