Cəmiyyət

İcbari tibbi sığortanın tətbiqinin faydaları: hansı dəyişikliklər gözlənilir?

29 İyun 2013 13:46
Baxış: 10 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın səhiyyə sisteminin inkişafına xidmət edəcək bu sistem səhiyyəmizi köklü surətdə dəyişəcək.

Bu sistemin tətbiqi ilə səhiyyə sistemində islahatlar aparmaq istəyən Azərbaycan onun tətbiqi üçün artıq müəyyən hazırlıq işləri də görüb.

Bəzi insanlar üçün tamamilə yeni olan icbari tibbi sığorta nədir? Sadə dillə desək, bu, daha çox adi vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin etməyə yardım edən bir sistemdir.

Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayevin Trend-ə bildirdiyinə görə, icbari tibbi sığorta işçilərin əməkhaqqından, əməkhaqqından ayırmalardan tutmuş tibb müəssisələrinin akkreditasiyasına kimi müxtəlif parametrləri əhatə edən çoxşaxəli prosesdir. Ona görə də bütün bunlar tam öz həllini tapdıqdan sonra Nazirlər Kabinetinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərar verəcəyi gözlənilə bilər: "Ümumiyyətlə, hər bir ölkə tibbi sığortaya fərqli şəkildə yanaşır. Səmimi bildirim ki, ölkələrin əksəriyyətində tibbi sığorta problemlə qarşılanır. Mənə elə gəlir ki, Azərbaycanda da icbari tibbi sığortanın tətbiqinə hərtərəfli, bütün parametrlər nəzərə alındıqdan sonra başlamaq lazımdır. Ancaq bu, yalnız səhiyyənin və yalnız Səhiyyə Nazirliyinin əlində olan məsələ deyil".

Səhiyyə sektorunda çox böyük dəyişikliklər olacaq

İcbari tibbi sığortanın Azərbaycanda tətbiqini səhiyyə sisteminin inkişafı üçün çox əhəmiyyətli sayan Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, bu sistem tətbiq edildikdən sonra səhiyyə sektorunda çox böyük dəyişikliklər olacaq.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi icbari tibbi sığorta vasitəsilə həyata keçirilir: "Bəzi ölkələrdə bizim sovet dövründə olan model fəaliyyət göstərir - səhiyyə xidmətləri tam pulsuz olur və bütün xərclər tam olaraq, dövlət tərəfindən ödənilir. Məsələn, Norveçdə, İngiltərədə sistem belədir. Ancaq bəzi ölkələrdə dövlət və bələdiyyə səhiyyə sistemi pulsuz, özəl səhiyyə isə tam pulludur. Bunlardan ən yaxşısı icbari tibbi sığorta modelidir ki, burada həm özəl, həm bələdiyyə tabeliyində olan tibb müəssisələri icbari tibbi sığorta vasitəsilə maliyyələşə bilər".

Millət vəkilinin sözlərinə görə, ölkədə gələn ildən icbari tibbi sığortanın tətbiq edilə bilməsi üçün lazımı şərait var. Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik baxımından da heç bir problem yoxdur və bu sahədə qanunvericilik bazası kifayət qədər mükəmməldir: "1999-cu ildə Milli Məclis tərəfindən "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub. 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. Bu iş üçün hər il büdcədən maliyyə vəsaiti ayrılır. Ölkədə bu sistemin tətbiq edilməməsi üçün iki obyektiv səbəb ola bilər ki, onların da hər ikisi artıq aradan qalxıb. Bunlar səhiyyə müəssisələrinin maddi-texniki bazasının zəif olması, ölkənin hər yerində kifayət qədər keyfiyyətli xidmət göstərə biləcək səhiyyə müəssisələrinin olmaması idi. Ancaq artıq son illər ərzində bu sahədə çox ciddi islahatlar aparılıb. Demək olar ki, ölkənin bütün regionlarında, hətta rayonlarında müasir tələblərə cavab verən Müalicə-Diaqnostika mərkəzləri, klinikalar var. Yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələrinin də müasir avadanlıqlarla təminatı yüksək səviyyədədir. Eyni zamanda, ölkədə kifayət qədər kadr potensialı var. Bu baxımdan icbari tibbi sığortanın tətbiqi üçün olan maneələr artıq aradan qaldırılıb. Ancaq başqa maneə sığorta şirkətlərinin şəbəkəsinin zəif olmasıdır. Bu halı da aradan qaldırmaq üçün kifayət qədər işlər görülür".

İcbari tibbi sığorta sisteminin tətbiqindən kimlər qazanacaq?

Musa Quliyev hesab edir ki, bu sistem tətbiq olunduqda tibbi xidmətin keyfiyyəti istər-istəməz yüksələcək. Çünki bu sistemin tətbiqi ilə bu prosesdə iştirak edən tərəflərin də maraqları artacaq.

İcbari tibbi sığortanı səhiyyə sisteminin maliyyələşməsinin ən mükəmməl forması sayan millət vəklilinin sözlərinə görə, işəgötürən müəssisə icbari tibbi sığorta ayırmalarının sərfəli xərclənməsində, işçinin çox xəstələnməməsində, işçi xəstələndikdə də onun çox qısa vaxt ərzində müalicə olunması və işə geri qayıtmasında maraqlı olacaq. İcbari tibbi sığorta agentliyi xəstə olan şəxsin əlavə müayinələrə cəlb olunmamasına, onun reseptində əlavə dərmanların yazılmamasına, müalicə müddətinin həddindən artıq uzadılmamasına, bir sözlə əlavə vəsaitlərin xərclənməməsinə çalışacaq. Səhiyyə müəssisəsinin marağı isə yaxşı, keyfiyyətli tibbi xidmət göstərə bilmək olacaq. O çalışacaq ki, icbari tibbi sığorta şirkəti yaxşı xidmət göstərən tibbi müəssisəsi kimi onunla yenidən müqavilə bağlasın, seçim zamanı başqa tibb müəssisəslərinə üstünlük verməsin. Nəticədə isə bu sistemin tətbiqindən tərəflərin hər biri fayda götürəcək və "udacaq".

M.Quliyev bildirib ki, bu sistemin tətbiqi dövlətin də "udmasına" səbəb olacaq. Çünki ölkədə göstərilən keyfiyyətli tibbi xidmətlərin sayı artacaq, dövlətin səhiyyə sektoruna ayırdığı xərclər ilbəil azalacaq. Səhiyyə xərclərinin maliyyələşdirilməsinin böyük bir hissəsi işəgötürənlərin hesabına icbari tibbi sığorta şirkətləri tərəfindən həyata keçiriləcək.

Sistemdən ən çox faydalananlar isə əhali, başqa sözlə xəstə şəxslər olacaq. Çünki xəstə az vəsait ödəməklə keyfiyyətli xidmət ala biləcək. Bununla yanaşı, xəstənin lazımsız müayinələrdən keçməsinə ehtiyac qalmayacaq, ona əlavə dərmanlar yazılmayacaq: "Təəssüf ki, bu, hazırkı praktikada var. Lazım olub-olmamasından asılı olmayaraq, pul almaqdan ötrü həkimlər xəstələri lüzumsuz müayinələrə göndərir, ona artıq dərmanlar yazırlar".

Millət vəkilinin sözlərinə görə, ancaq icbari tibbi sığorta olduqda hər bir tibbi sığorta şirkətinin özünün ekspert həkimləri olacaq və onlar belə halların baş verməməsinə nəzarət edəcəklər.

Yeni tibbi sığortadan bəzi insanlar dövlət hesabına istifadə edəcəklər

Maliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda hazırlanan yeni icbari tibbi sığorta sistemi üç mənbədən maliyyələşdiriləcək. Həmin mənbələr dövlət büdcəsi, işəgötürənlər və işçilərin ödənişləri olacaq.

Musa Quliyev də bildirib ki, dövlət əhalinin müəyyən təbəqəsinin icbari tibbi sığortasını təmin edəcək. Bu qruplara uşaqlar, pensiyaçılar, əlillər və işləməyən şəxslər daxil olacaq. İşləyən şəxslər isə özlərini, hətta ailə üzvlərini də tibbi sığorta edə biləcəklər.

MM üzvünün sözlərinə görə, icbari tibbi sığorta müxtəlif paketlər şəklində tətbiq edilir. Bu paketlər qızıl, gümüş və adi olur. Bütün paketlərdə minimum tibbi xidmətlər əhatə olunur. Bahalı xidmətlər gümüş paketə, qızıl paketə isə bütün tibbi xidmətlər daxil edilir. Qızıl paketdən yalnız müqavilə bağlayan, işləyən vətəndaşın özü deyil, onun ailə üzvləri də faydalana bilərlər.

M.Quliyev deyib ki, icbari tibbi sığortanın tətbiqi zamanı hansı paketlərdən istifadə ediləcəyi vətəndaşın, yaxud da onun adından müqavilə bağlayan icbari tibbi sığorta şirkətinin klinika ilə bağlayacağı müqavilələrdən, icbari tibbi sığorta xidmətinin göstəriləcəyi şərtlərdən və ayırmalardan asılı olacaq.

Səhiyyə müəssisələri sığorta vasitəsilə maliyyələşəcək

"CONSULTANT" Tədris və Konsaltinq Mərkəzinin prezidenti Xəyal Məmmədxanlı Trend-ə bildirib ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində artıq səhiyyə müəssisələri sığorta hesabına maliyyələşəcəklər.

Onun sözlərinə görə, bu xidmətin tətbiqi sayəsində səhiyyə müəssisələri öz pasiyentləri ilə birbaşa "pul" münasibətlərinə girməyəcəklər. Xəstəxana sadəcə, öz xidmətlərini göstərəcək. Bunun da müqabilində sığorta şirkətləri onlara xidmət haqlarını ödəyəcəklər: "Bu sistemin digər ən böyük effekti odur ki, insanlar istənilən anda pul, maliyyə sıxıntısı çəkmədən müalicə oluna biləcəklər. Bu gün Azərbaycanda insanlar bir çox hallarda həkimə getməkdən çəkinirlər. Çünki fikirləşirlər ki, yaranan xərcləri necə ödəyəcəklər. Buna görə də xəstələr vəziyyətləri ağırlaşanda həkimə getməyə məcbur olurlar. Bu qanun icra edildikdən sonra hər kəsin tibbi sığortası olacaq. Bu da ümumilikdə əhalinin sağlamlaşmasına gətirib çıxarır. Əgər insanların səhhətində problemlər yoxdursa, bu, özü ölkənin rifahına gətirib çıxaran amillərdəndir".

İcbari tibbi sığortanın tətbiqinin digər əhəmiyyətlərindən də danışan X.Məmmədxanlı bildirib ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycanın sığorta bazarında sığorta haqlarını artıracaq, sığorta bazarının həcmini böyüdəcək, sığorta şirkətlərinin bu sahədəki peşəkarlığını artıracaq, yeni işçi qüvvəsi yaradacaq. İcbari tibbi sığortanın tətbiqi sığorta şirkətlərinin gəlirlərini artıracaq, onların inkişafına səbəb olacaq. Eyni zamanda, səhiyyə sektorunda canlanmaya gətirib çıxaraq.

Rüşvətin qarşısını alacaq sistem

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfayel Cəbrayılov isə Trend-ə bildirib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sistemində korrupsiyanın qarşısını alacaq. Onun sözlərinə görə, bu sistemin tətbiqindən sonra artıq həkimlə xəstə arasında "pul" danışıqları aparılmayacaq: "Bu gün səhiyyə sistemində rüşvətin olması danılmazdır. Ancaq bu sistem tətbiq edildikdən sonra klinika göstərdiyi xidmətin haqqını sığorta şirkətindən alacaq. Buna görə də artıq rüşvət olmayacaq".

R.Cəbrayılovun sözlərinə görə, bu sistemin tətbiqi ölkədəki dövlət tibb müəssisələri üçün olduqca vacibdir. Çünki bu sistem tətbiqi edilməzsə, dövlət tibb müəssisələri inkişaf edə bilməz.

Yaxşı xidmət göstərməyən tibb müəssisələrinin pasiyentləri azalacaq

Azərbaycan Həkimlər Assosiasiyasının prezidenti, Rusiya Tibb-Texnoloji Akademiyasının akademiki, İAPAC Beynalxalq Assosiasiyasının üzvü Qalib Əliyev də hesab edir ki, bu sistem dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemini inkişaf etdirdiyi kimi, Azərbaycan səhiyyəsini də inkişaf etdirəcək. Bu sistemin dünyanın əksər ölkələrində tətbiq olunduğunu xatırladan AHA prezidentinin fikrincə, icbari tibbi siğortanin tətbiqi nəticəsində Azərbaycan səhiyysinin həm özəl, həm də dövlət sektoru inkişaf edər. İcbari tibbi siğortanın tətbiqi eyni zamanda tibb personalına əməkhaqqının ödənilməsi sisteminə də müsbət təsir göstərə bilər.

Q.Əliyevin sözlərinə görə, bu sistem əsasında pasiyentlər yaxşı xidmət göstərməyən tibb müəssisələrini daha yaxşı görə biləcəklər, onların seçim etmək imkanları artacaq. Nəticədə yaxşı xidmət göstərməyən tibb müəssisələrinə gələn pasiyentlərin sayı azalacaq. Siğortanın tətbiqi əhalinin sağlamlıq durumunun yaxşılaşmasına da ciddi təsir göstərəcək.

Yeni sığorta növü sığorta bazarını ciddi şəkildə dəyişəcək

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib ki, Azərbaycanın sığorta bazarının strukturu icbari tibbi sığortanın tətbiqi ilə ciddi şəkildə dəyişəcək: "Yaxın vaxtlarda bazarın strukturunda güclü dəyişiklik olmayacaq. Bu gün bu strukturda ciddi dəyişiklik üçün əsas yoxdur. Lakin bazar icbari tibbi sığortanın tətbiqi ilə ciddi şəkildə dəyişməyə başlayacaq. Bu, həm bazarın həcminə, həm də strukturuna təsir edəcək".

X.Məmmədxanlı deyib ki, sığorta bazarında tibbi sığortanın kifayət qədər ciddi payı var. Əvvəllər tibbi siğorta sahəsinə maraq çox az olsa da, ona maraq getdikcə hər il artır. Hazırda tibbi sığorta Azərbaycanda aparıcı sığorta növləri arasında 4-cü yeri tutur. Azərbaycanda daha çox fərdi qaydada həyata keçirilməyən tibbi sığortanın icrasına şirkətlər daha çox maraq göstərirlər. Buna görə də Azərbaycanda korporativ, yaxud qrup halında tibbi sığorta daha geniş yayılıb. Ancaq ekspert hesab edir ki, icbari tibbi sığorta tətbiq edildikdən sonra bu sığorta növü üzrə fərdi şəxslər də müqavilə bağlayacaqlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.