Cəmiyyət

Evimizə gəlin gəlir: amma neçəyə? - ARAŞDIRMA

12 Aprel 2012 02:00
0 Şərh     Baxış: 2 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Toy günü əsrarəngiz görünmək, gəlinliyi ilə el şənliyinə dəvət olunanları heyrətləndirmək ailə qurmağa hazırlaşan qızların çoxunun arzusudur. Bu arzularını gercəkləşdirmək ücün isə toya hazırlaşan qızlar, hələ iki-üç ay öncədən gəlinlik seçmək üçün bu xidməti təklif mağazaları gəzib ayaqdan salır, istədiyi gəlinlik paltarını tapmaq üçün xeyli zəhmət çəkməli olurlar. Ağ libası bir günlük olsa belə, əyninə geyinmək üçün bəzən aylarla axtarışda olan qızlar hər vəchlə arzuladıqları gəlinliyi tapmağa çalışır, bunun üçün oğlan evini bir ətək pul xərcləməyə, borc-xərclə olsa belə, məcbur edirlər. Milli.Az-ın apardığı araşdırma zamanı bəlli oldu ki, gənc qızların əksəriyyəti gəlinlik seçərkən, paklığın rəmzi olan ağ gəlinliklərin arxasındakı "qara fon"a diqqət yetirmirlər. Bu barədə bir qədər sonra...

Öncə qeyd edək ki, indi gəlinlik satışı ilə məşğul olan mağazaların sayı çox olduğundan, ailə həyatı qurmağa hazırlaşan qızların istədiyi üslubda gəlinlik libası seçmək imkanı var. Necə deyərlər, sadəcə gəzib-dolaşıb axtarmaq, istədiyini tapmaq lazımdır. Biz bu istəkdə olmasaq da, bu arzuda olanlara yardımçı olmaq, gəlinlik paltarlarının satışı bazarında vəziyyəti öyrənmək üçün bir neçə mağazaya, ticarət obyektinə baş çəkdik. Öncə yolumuzu gəlinliklərin satışı ilə məşhur olan mağazaların birindən saldıq. Burada satıcı Rəvanə Məmmədova bizə son dəbdə olan gəlinlikləri göstərib qiymətləri ilə tanış etdi: "Bizim mağazamızda İtaliyanın, Fransanın, İngilərənin ən son dəb gəlinlikləri var. Gəlinliklərin icarə qiymətləri 350 manatdan başlayaraq 3500-5800 manatadək dəyişir".

R.Məmmədova gəlinliklərin qiymətinin ilk növbədə, geyinilib-geyinilmədiyinə görə, dəyişdiyini söylədi: "Geyinilmiş gəlinliklərin kirayə haqqı 350-500 manata, geyinilməmişlərin kirayəsi 500 manatdan 6000 manatadəkdir".

Satıcı gəlinliklərin qiymətinin parçanın keyfiyyətinə və dəbinə, hansı firmanın istehsalı olmasına, eləcə də, üzərindəki işləmələrə daş-qaşlara görə, müəyyənləşdiyini söylədi: "Bizdə elə gəlinliklər var ki, onların qiyməti bir ildir ki, dəyişmir. Buna səbəb həmin gəlinliyin üzərində işləmələrin olması, "Svarovski" qaşlarla libasın bəzədilməsidir. Belə gəlinliklərin qiyməti 1200 manatdan başlayıb 2500, 3700 manatadək dəyişir. Ümumiyyətlə gəlinliyin üzərində "Svarovski" qaşlar nə qədər çoxdursa gəlinliyin qiyməti bir o qədər də baha olur".

Satıcı, gənc qızların son vaxtlar daha çox korset gəlinliklərə, boyundan bağlanan gəlinlik libaslarına üstünlük verdiklərini söyləyir. Onun sözlərinə görə, gəlinlik libasları hər il yenilənsə də, dəblə ayaqlaşıb gəlinlik seçənlər çox azdır.

Bu, paytaxtın məşhur gəlinlik mağazasında rastlaşdığımız mənzərədir. Paytaxtdakı iri ticarət mərkəzlərində isə tamamilə fərqli vəziyyəti müşahidə etdik. Burada qiymətlər ürəkaçan olsa da, keyfiyyət haqda bu sözləri söyləmək olmaz. Ticarət mərkəzlərinin birində bir günlük kirayəsi 170 manata da gəlinlik tapmaq olar. Burada bir günlük kirayə haqqı ən baha olan gəlinliyin qiyməti 800 manat idi ki, satıcı bu ağ libasın aylarla müştəri yolu gözlədiyini bildirdi: "Buraya gələnlər ən yaxşı halda 450-500 manatlıq gəlinlik kirayələyirlər".

Bu məkanda olarkən gəlinliklərlə bağlı maraqlı bir məqamı da öyrəndik. Sən demə, gəlinliklərin ucuz kirayə bazarında təhlükəli vəziyyət də varmış. Alıcılardan bu işdə bir qədər peşəkarı olan Sünbül xanım deyir ki, kirayəsi 150-350 manata olan gəlinliklər təmizlənmək üçün hər dəfə camaşırxanaya verilmir: "Burada elə gəlinlik var ki, hər gün, gün aşırı "prokata" verilir. Bu, çox təhlükəlidir. Gəlinlik təmizlənmədən istifadəyə verildiyinə görə, istənilən dəri xəstəliyinin yoluxma ehtimalı var. Mənim bibimin gəlini burada işlədiyinə görə, bunları bilirəm. O, deyir ki, gəlinlikləri hər dəfə təmizlənməyə vermək onlara sərf etmir".

Həmsöhbətimizin sözləri, öz təsdiqini tapdı. Burada satıcılarla söhbət zamanı bəlli oldu ki, manekenlərdəki gəlinliklərin bəziləri bu ayın 12 günü "zanyat"dır. Satıcı yaxası "büstqalter" formalı bu gəlinliyi bəyənənlər çox olduğundan, onun kirayəsi üçün günlük növbə yarandığını bildirdi. Belə halda isə gəlinliyin camaşırxanaya verilməsi qeyri-mümkündür. Bunu təsdiqləyən Sitarə adlı satıcı bildirdi ki, gəlinlik çirklənərsə, onu əlüstü müəyyən ləkə aparan təmizləyici məhlullarla özləri ağardırlar.

Dermatoloq həkim Məlahət Abbasova isə bunun təhlükəli olduğunu söyləyir. Onun sözlərinə görə, gəlinliklərin kimyəvi təmizlənməyə verilmədən təkrar kirayəyə verilməsi bir sıra təhlükəli dəri xəstəliklərinin yoluxmasına gətirib çıxara bilər: "Bəzi dəri xəstəlikləri var ki, onlar təmasla keçir. Xüsusilə, geyimlə dəri xəstəlikləri daha çox yoluxur. Paltar bədənə sürtüldükcə həmin xəstəliyin infeksiyası parçaya keçir ki, bu yolla da dəmrov, dermosit kimi dəri xəstəlikləri yayıla bilir. Hətta irinli dəri xəstəliyi də bu yolla yayıla bilər. Gəlinliklərin kirayəsi zamanı bu amilə diqqət yetirmək lazımdır. Gəlinlik heç bir halda kimyəvi təmizlənməyə verilmədən təkrar başqasına kirayə verilə bilməz. Gəlinlik seçərkən gənc qızlar dəbə, gəlinliyin modelinə necə diqqət yetirirlərsə, bu amilə də fikir verməlidirlər. Unutmaq olmaz ki, gəlinliyi kimyəvi təmizlənmədən keçmədən geyinməklə insanı eybəcər hala salan, el arasında "ala-tala" kimi tanınan dəmrov növünə yoluxmaq mümkündür".

Ləman Quluyeva
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.