Şou-biznes

Göbəyi havaya vermək, Nadirin Zaura 1700 "atmağı", Elzanın boğazından öpdüyü oğlan, Cenniferin yatağı - HƏFTƏBECƏR

1 May 2017 07:00
31 Şərh     Baxış: 6 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (123-cü say) təqdim edir.

Oxuyuram, yaxşı şərhlər yazırsız. Hətta bəzi şərhlərinizə xeyli gülürəm də. İndi mən də borclu qalmamağa çalışacağam. Görək alınırmı?

Gənc aktrisa Cəmilə Tağızadə göbəyiaçıq libas geyinib. Saytlar da bu möhtəşəm hadisəni eyni möhtəşəmliklə manşetləyiblər. Yadınızdadırsa, Rəqsanə də belə geyinəndə demişdim ki, göbək çox strateji yerdir. Əlavə olaraq qeyd edim ki, biri harasa tez-tez gedib-gələndə "göbəyi filan yerdə kəsilib" deyirlər. Əgər lazım olsa, deyərdilər ki, filankəsin böyrəyi filan yerdə kəsilib. Görün göbək nə dərəcədə əhəmiyyətli bir şeydir. Həm də arabir göbəyi açmaq lazımdır. Hava dəysin, gün işığı görsün, göz oxşasın və sair.

Murad Dadaşovun məşhur "Maşın" şousu başlayır. Çox keçməz bir-birinə ürək, can, ciyər, böyrək, göbək deyən məşhurlar qırarlar bir-birini. Biri deyəcək ki, mənim bu maşına hamınızdan daha çox ehtiyacım var. O biri əsəbləşəcək, söyləyəcək ki, get, sponsorun alsın. Uzun sözün qısası, bir maşınlıq qalmaqal gəlir.

Aktrisa Xuraman Əlizadə çəkisini açıqlayıb - 146 kiloqram. Deməli, bir Xuraman bərabərdi iki Mananaya. Yaxud iki Rəhim Rəhimli bərabərdi bir Xuramana. Ən doğrusu isə belədir - Aşıq Əli = Xuraman Əlizadə.

Rəqsanə uzun müddətdir Moskvada yaşayırmış. Mən də deyirəm niyə camaatın kefi yoxdur. O boyda sənətkar gedib oturub urisyetin göbəyində. Göbək demişkən, sənətçinin şortikli fotosunu heç bəyənmədim. Rəhmətliyin nəvəsi, o boyda Moskvada, özü də şortikdə şəkil çəkdirirsən. Bir göbək nə olan şeydir ki, onu göstərməyi xalqdan əsirgəmisən.

Filmlərin qala gecələrinə qatılan gənc aktrisalar təzə üsul tapıblar. Hərəsi bir "əncir yarpağı"nı geyinib gəlir. Oturanda da göbək nədir e, bütün strateji nöqtələr qalır çöldə. Fotoqraflar da çakkaçukla çəkirlər. Səhəri gün bütün saytlar da yazır ki, filankəsin filan yeri bayırda qaldı - dadanq.

Bu həftə xalq artisti Həmidə Ömərovanın 60 yaşı tamam oldu. Çox istərdim ki, mədəniyyətdən savayı bütün sahələrə diqqət ayıran Mədəniyyət və Turizm Nazirliyi bir zamanların gözəllik kraliçası olan Ömərovanın yubileyini adına layiq şəkildə qeyd etməsi üçün tədbir görəydi. Ən azı teatrlardan birində bununla bağlı bir gecə keçirmək mümkündür. Nə olsun ki, layiq olduqlarının davasını döymür, gəlib nazirliyin kabinetlərinin qabağını kəsdirmir. Axı haqqını tələb etmək üçün sizə niyə baş əyməlidir? Necə düşünürsünüz?

Nadir Qafarzadə Zaur Kamala klip çəkdirib. Axırda da 1700 manat borclu qalıb. Zaur da bunu efirdə deyib. Nadir nə qədər malalamaq istəyibsə, aparıcı imkan verməyib. Deyirəm, Qafarzadə belə iş görməzdi axı. Halal adamdır, eşitdiyimə görə ibadət də edir. Nə əcəb ondan? İndi görərsiniz, bu cümlələrdən sonra yenə zəng vuracaq ki, sən məni tənqid elədikcə, toylarımın sayı artır.

Dünyaca məşhur Cennifer Lopez deyib ki, ilk görüşdə yatağa girmirəm. Adını Hollivud ulduzu qoyub, bunun danışdığına bax. Mənə maraqlıdır ki, o, bu ağılla necə qabağa gedə bilib? Kaş Cenniferin yolu bir də buralardan düşəydi, bizim şou adamları ona həyatı başa salardılar. Camaat buralarda qazlamağa dayday axtarır, bu deyir ki, ilk görüşdə naz eləyirəm. Kefsən e, İsanın goru haqqı.

Bu yaxınlarda bir toydaydım. Bir neçə sənətçi gəldi, oxudu, getdi. Məclisin ortasında Könül Kərimova da gəldi. özü də Cabbar Musayevlə. Könül oxudu, Cabbar da qıraq-bucaqda hərləndi. Axırda bir yerdə çıxıb getdilər. Əşşi mən nə bilim hara? Mikrorayon tikməyə. Tərəf müqabilidilər də, yəqin başqa məclisləri də varmış.

Müğənni Safura Əlizadə deyib ki, bir də səhnəyə çıxmayacağam. Elə deyib ki, guya 37 il, 8 ay 23 gün imiş səhnədəymiş.

Elza bir gənc musiqiçinin boğazından öpüb. Oğlan ifasıyla Elzanı heyran qoyub, o da deyib ki, ayə bir yaxın gəl görüm, boğazından öpüm. Fotolarına baxdım. Elza öpür, oğlanın gözləri az qalır yerindən çıxsın. Elə bil Monika Beluççi öpür, nətəhər təsirlənibsə.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.