Şou-biznes

Azərbaycanlı aparıcı düşdüyü qəzadan danışdı: "Son anda sağ qaldıq" - FOTO

27 Fevral 2017 21:17
0 Şərh     Baxış: 4 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-nin aparıcısı Fərid Rəsulun Milli.Az-a müsahibəsi.

- Fərid, artıq illərdir ki, "İş həmişə var" verilişi efirdədir. İlk haradan "İş həmişə var" deməklə başladınız?

- Artıq 4-cü mövsümdür ki, bu veriliş davam edir. Televiziyada, demək olar ki, uzun ömürlü verilişlərdən biridir. Hələ ki, verilişi bağlamaq fikrimiz yoxdur, çünki adından da göründüyü kimi iş həmişə var. İş bitmir, tükənmir. İşdən iş çıxır, ölkəmiz günü-gündən inkişaf edir, biz də məhz bu verilişdə həmin sahələri göstəririk. Verilişi ilk dəfə zibil emalı zavodunda çəkməyə başladıq. Zibil də yığmışam, burada qəbahət bir şey görmürəm, mən iş vaxtı teleaparıcı yox, o insanlardan biri oluram. Mən görürəm ki, həmin insanlar necə əziyyət çəkir. Onların işini dəyərləndirmək lazımdır.

- ATV-yə ilk gəlişinizi xatırlayırsız?

- Əlbəttə ki, dünənə kimi yadımdadır. 2009-cu ilin soyuq noyabr ayı idi. Sentyabr ayında universitetə qəbul oldum, təsəvvür edin bizi stajor kimi telekanallara aparırdılar ki, praktika keçək. Kamera, rejissor pultu, televiziyada işləyən insanlar mənə qeyri-adi gəlirdi. Keçmiş həmkarım Alidə Mustafayeva ilə mən müsabiqədən keçərək ATV-də çalışmağa başladıq. Mən o vaxt teleaparıcı kimi televiziyaya gəlmişdim, amma yaxşı aparıcı olmaq üçün, ilk növbədə, yaxşı müxbir olmalı idim. Televiziyada bütün işləri görmüşəm. "Bizim səhər" verilişinin mədəniyyət müxbiri kimi ilk dəfə fəaliyyətə başlamışdım, müxtəlif tədbirləri, sənət adamlarını çəkirdim. 4 il müxbir işlədim, sonra fikirləşdim ki, nəsə yeni bir layihə etmək lazımdır. 2013-cü ildə "Çox gəzən bilər" adlı yay layihəm var idi. Bu layihə ilə teleaparıcılığa başladım.

- Bu layihənin təməli məgər 2013-cü ildə qoyulub? Bəs niyə uzun ömürlü olmadı?

- Bəli, bu layihə 3 ay davam etdi. O zaman peşəkar deyildim, müxtəlif qüsurları özümdə görəndən sonra bu işi yarımçıq qoydum. Hazırda o verilişlərə baxanda utanıram (gülür). Bu, bir növ mənim üçün praktika idi. Sonra yenə "Atv səhər"ə qayıtdım, orada canlı yayımlar etdim. Daha sonra Nanə Ağamalıyeva ilə "Gün keçir" verilişində redaktor, rejissor, müxbir vəzifələrində işləməyə başladım. Məqsədim var idi ki, nəsə bir yeni iş görüm. O vaxtı "Atv səhər" verilişində qısa bir rubrikam var idi, müxtəlif peşə sahiblərini çəkirdim. Demək olar ki, "İş həmişə var"ın qısa variantı idi. Bu verilişi ərsəyə gətirmək, həqiqətən də, böyük əmək tələb edirdi.

- Sizə bu yolda kimlər dəstək oldu?

- O vaxtı ATV-də Elçin Əlibəyli və jurnalist Fatimə Paşayeva var idi, onlar məni seçdi. Daha sonra isə jurnalist Lalə Ədalətqızından çox şeylər öyrəndim. Teleaparıcı Nanə də mənə dəstək olanlar siyahısındadır. ATV-nin indiki rəhbərliyinə minnətdaram ki, mənə həmişə etimad göstərir.

- Ən maraqlı "İş həmişə var" sizə görə hansı olub?

- Çəkib göstərdiyimiz ən maraqlı veriliş hava yolları idi. Çünki təyyarə sehrli bir qutudur, mənə maraqlı idi ki, onun içində nə var, nə yox. Ən əziyyətlisi isə zibil emalı zavodu ilə metropoliten nəqliyyat vasitəsi oldu.

- Nələr öyrəndiniz bu illər ərzində?

- İlk növbədə, insanlarla münasibət qurmağı, pisi yaxşıdan ayrımağı öyrəndim. Ümumilikdə götürəndə veriliş mənim üçün həyat təcrübəsi oldu, həyatımı dəyişdi.

- Hansı işdə özünüzü tam olaraq gördünüz?

- Mənim üçün işin fərqi yoxdur. Bu gün əgər mən televiziyada çalışmasaydım, bütün işlərdə işləyərdim. Əsas odur ki, evimə çörək apara bilim. Çəkiliş apardığım bir-iki müəssisədən mənə iş təklifləri də gəlib.

- Televiziyanı o işlərə dəyişəcəksiz?

- Bəli, nə vaxtsa olacaq ki, dəyişəcəyəm.

- Çəkiliş vaxtı ekstrimal hadisələrlə üz-üzə qalmısınızmı?

- Bəli, atdan yıxılmışam, avtobus sürərkən isə qəzaya düşmüşəm. Operatorumuz Əli də xəsarət almışdı. Əlim yanıb, kəsilib, saçım yanıb. Daha nə olmayıb ki? (gülür)

- Zaman-zaman qınaqlara da sinə gəldiniz. Bəzən çəkdiyiniz verilişləri insanları lağa qoyma kimi qələmə verirdilər.

- Həmin insanların artıq baxış bucağı dəyişib. Tənqid olmasa insan inkişaf etməz. Heç vaxt yazılan tənqidlərdən pis olmuram, əksinə bundan nəticə çıxarıram. Bəzi teleaparıcılar kimi mənə yazanları qara siyahıya atmıram. Ürəyi istəyən insan həmişə dostuna yaxşını yox, ilk növbədə, pisi deyir. Mənə həmişə kim yaxşını deyirsə, o insanın səmimiyyətinə inanmıram.

- Daha çox tənqid eşitmisiz, yoxsa tərif?

- 80-90 faiz yaxşı sözlər eşidirəm, 10-20 faiz isə yalnız tərif. Əvvəl isə yarı-yarı idi. Xoşlamıram ki, məni kimsə tərifləsin. Tənqidi isə çox bəyənirəm.

- Hazırda "İş həmişə var", "Toy əhvalatı" və "Çox gəzən bilər" adlı layihələrə aparıcılıq edirsiz. Hansında daha rahatsız?

- Təbii ki, "İş həmişə var"da. "Çox gəzən bilər" çox ağır bir layihədir. Avtomobillə dünya səyahətinə çıxaraq bu layihəni reallaşdırdım. Sağ olsun ki, Mir Səməd mənə dəstək oldu. Bu layihəni yuxuda görmüşdüm. Xarici telekanallarda bu kimi layihələr çox idi, amma bizdə yox idi. Fikirləşdim ki, bu əjdahadan bizdə niyə olmasın (gülür)?! Öz-özümə sual verirdim ki, maşınla Fransaya getmək olar? Avropanı avtomobillə turne etdik. Bu layihə teleməkanda ilk idi. Sponsor qeyri-adi layihəyə pul yatırır. Atv-dən yayda çıxdıq, payızda qayıtdıq.

- Yol boyu avtomobili yalnız siz idarə etdiniz?

- Demək olar ki, avtomobili mən idarə edirdim. Yuxulu olanda isə Mir Səmədlə operatorumuz Əli idarə edirdi. Bəzən elə olurdu ki, sağımı, solumu görmədən maşını sürürdüm. Hava dumanlı olurdu. Hər səhəri bir şəhərdə açırdıq. Yalnız yemək yeyəndə istirahət edirdik. Hətta gözüyumulu da maşın idarə etmişdim. Az qalmışdı ki, yolun kənarındakı bardyura dəyim, son anda təhlükədən qurtulub, sağ qaldıq. Həqiqətən, bu, yol əhvalatı idi. Macəra bitmirdi, çətinlik bitmirdi. Buna bir film də çəkmək olar (gülür).

- "Toy əhvalatı"da nə vaxt sizin öz toyunuzu görəcəyik?

- Valideynlərimə qalsa, onlar məni elə bu il evləndirərlər (gülür). Amma ailə qurmaq xatirinə evlənmək istəmirəm. Ürəyim istəyən biri, hələ ki, qarşıma çıxmayıb. Həmin insanı tapan kimi evlənəcəyəm.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.