Şou-biznes

Niyamın sumqayıtlılara qarşı sözləri, Nadirin oriental oynamağı, Rəhimin "Kişidi bu"su - HƏFTƏBECƏR

13 Fevral 2017 09:15
28 Şərh     Baxış: 3 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (113-cü say) təqdim edir.

Azərbaycanda sənət adamları dəfələrlə tamaşaçını təhqir ediblər. Yəni, bu, heç kimə sirr deyil. Amma birbaşa hansısa şəhərin sakinlərini təhqir etmək kimi bir yaramazlığı Niyam Səlami adlı müğənni etdi. Keçmiş aşpaz, indiki müğənni Niyam Səlamini deyirəm. Adam verilişlərdə yemək bişirəndə bundan yüz dəfə hörmətliydi. Müsahibələrinin birində soruşublar ki, evinizdən oğurluq olmuşdu, kim olduğu bilindimi? O da deyib ki, Sumqayıtda yaşayanların əksəriyyəti "nəxənəy" (hər şeyi müftə əldə etməyə çalışan, fürsətcil şəxslərə deyilir) adamlardı. Yəni, onun evindən oğurluq edən şəxs sumqayıtlı imiş. Axı bir şəxsə görə yarım milyonluq şəhərin yarısını "nəxənəy" adlandırmağa kimin ixtiyarı çatır? Sumqayıtda elə oğlanlar, elə qadınlar var ki, bəlkə Niyamın əhatəsində o cür dəyərli insanlar yoxdur və olmayıb da. Amma bir sevindirici məqam ondan ibarətdir ki, sənətçi səhvini tez anlayıb və üzr istəyib. Əgər ona üzr demək olarsa.

Nadir Qafarzadə əvvəl əsgərlərə baş çəkərdi, retro mahnılarımızı oxuyardı, arabir imkan düşəndə sosial şəbəkədə izləyiciləri təhqir edərdi. İndi canlı efirdə oriental oynayır. Bax bu, əsl irəliləyişdir. Toylar azalanda sənətçi elan versə ki, məclislərə rəqqas kimi gedirəm, təəccüblənməyin.

Xalq artistləri Canəli Əkbərov, Arif Babayev, Mənsum İbrahimov, Əlibaba Məmmədov, Səkinə İsmayılova arasındakı gərginlik səngimək bilmir. İndi iş o həddə çatıb ki, cənub zonasından olanlar Canəli Əkbərovu, Qarabağdan olanlar Arif Babayevi, Bakı əhli Əlibaba müəllimi dəstəkləyir. Bu da sizə muğam ifaçıları. İndi adam bilmir ki, Rəqsanəni, Elzanı, Röyanı necə qınasın? Görün iş nə yerə çatıb ki, "Faytonçu" Nazim də söhbətə girişib. O da Əkbərovu dəstəkləyib. Bu arada qeyd edim ki, Nazim də Canəli müəllim kimi lənkəranlıdır. Sabah Samiraldo da çıxıb söhbətə "kurs" olsa, təəccüblənmərəm. Burada söhbət Nazimlə Samiraldonun müqayisəsindən getmir ha. Yəni görün sənətkarlar necə şərait yaratdılar ki, işə onların yanında "dünənin uşağı" olan Nazim də qarışdı.

Bu arada tanınmış rejissor Şahin Zəkizadənin vəziyyəti yenidən ağırlaşıb. Qan xərçəngindən əziyyət çəkən rejissorun durumu kritikdir. Yaxşı vaxtlarında Şahinin böyür-başında hərlənən sənət adamlarını belə məqamda onun yanında görmək pis olmazdı.

Əməkdar artist İlqar Muradov gileylənib ki, gənclər məsləhətə qulaq asmırlar. İlqar müəllim, babat məsləhət olsa, niyə qulaq asmırlar ki? Məsələn, bir gecəyə yaxşı sponsor tapmaq, lütlənib saytlara poz vermək kimi məsləhətlərə onlar hər zaman açıqdırlar.

Əməkdar artist Cavanşir Məmmədovun bu açıqlamasını olduğu kimi oxuyun. Çünki dedikləri həqiqətdir:

"42 ildir toya gedirəm. 21 ildir Firuzə İbadova ilə birlikdə çalışırıq. Heç vaxt qiymət oxumamışam. Kiminsə ürəyində arzusu məni toya çağırmaqdır. Gedib nəyi var banka qoyub, borc götürsün, mənə versin? Axı bu pul mənə haram olar. Müğənnilər özlərinə qiymət qoyur, sabah da vergi üstlərinə düşəndə danırlar. Toya baha getmək yaxşı oxumaqdan irəli gəlmir. Ola bilsin ki, kiminsə uç-dörd mağazası var, oradan pul qazanır. Ayda bir bahalı toya gedir, ona bəs edir. Elə olub ki, Firuzə İbadova ilə 50 manata toya getmişəm. İnsan zəng edib ki, imkanım yoxdur, gəlin. Getmişik, 50 manat almışıq. Belə insan başqa yerdə sənə rast gələndə qucaqlayır".

Bu sitatı, məncə, "ayda 30 toyum var" deyib, vergi işçisi görəndə "acından ölürük" deyən sənətçilər oxusa, pis olmaz. Ümumiyyətlə, bu sənətçilərin əksəriyyəti özlərini supermarket vitrinindəki mal kimi hiss edirlər. Yəni, üstünə 5 manat yazılıbsa, elə 5 manat da verməlisən. Hələ bir oxumaqları da ola...

Rəhim Rəhimlidə Samiraldolaşma getdiyini yazmışdım. İndi isə Samirbağırovlaşma gedir. Məclislərin birinə məhz Bağırovun geyindiyi tərzdə, eyni saç boyasında və xalatda gəlib. Əldə etdiyim məlumata görə, Rəhim yaxın zamanlarda məşhur "Kişidi bu, kişidi bu" mahnısını yeni aranjmanda oxuyacaq. Səbrsizliklə gözləyirik...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.