Şou-biznes

Tolikin ağlı, Rəqsanənin güvəndiyi, restoran müdirlərinin müğənnilərə şərti - HƏFTƏBECƏR

9 Yanvar 2017 09:15
32 Şərh     Baxış: 5 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (108-ci say) təqdim edir.

Prodüser Tolik ağıllı adamdır, işini biləndir, harada bir az parlayan müğənni varsa, dərhal onun yanında peyda olmağı bacarır, restoran müdirləri, vəzifəli şəxslərlə arası yaxşıdır, gənc sənətçilərin onların məclislərində iştirakına şərait yaradır. Yaman dəbdəbəli təqdimat oldu ha. Bu təqdimatdan sonra Tolik də Məşhəd ziyarətinə gedəcək. Hələ bir də gördün ki, evləndi. İntəhası prodüser deyib ki, 19 yaşında qızı alıb bədbəxt edə bilmərəm. Görün necə kövrək ürəyi var.

Gənc müğənni Damlanın (Məsumə Məmmədova) keçmiş həyat yoldaşının Bakıdakı bir terror hadisəsiylə bağlı həbsdə olduğu xəbəri yayılıb. Sənətçi deyib ki, övladının atasının həbsdə olması xəbəri doğrudur, amma məscid partlatmayıb. Qulpqoyan dayı indicə qulağıma deyir ki, ora ləhcə ilə yaz - Damla helə qız döylü.

Əgər indiyə kimi mənim başım salamatdırsa, böyük adamam. Bu manıs tayfasının arasında baş çıxartmaq səkkiz il Əfqanıstan ordusunda vuruşmaqdan, İŞİD-ə qarşı döyüşməkdən daha ağırdır. Sosial şəbəkədə bir izləyicisi Rəqsanə haqda tənqidi nəsə yazıb. Rəqsanə deyib ki,  belə düzgün oğlansansa, buraya nömrəni yaz. Sənin kimi insanlar millətə ləkədir. Burada durub ağzına gələni yazırsan, amma ördək kimi gizlənirsən. Yazdığın sözlərə görə sənin dilini boğazından çıxardıb, səni yox eləyərlər. 
Gördünüz? Bu hələ heç bir titulu-zadı olmayan ortabab müğənnidir. Deyir ki, səni yox eləyərlər. İndi gör o birilərin arxasında hansı qüvvələr dayanır e. Yeri gəlmişkən, həmin oğlan əgər təhqir yazıbsa, mən də deyirəm ki, ayıb olsun. Amma əgər bir sənətçi xalqdan dolanırsa, xalqın nümayəndəsiylə belə davrana bilməz. Yox, əgər həmin sənətçinin dolanışıq mənbəyi xalq yox, "sponsor"dursa, bu başqa məsələ.

Hər dəfə Türkiyənin kişi sənətçiləri Bakıya gələndə düşünürəm ki, yenə biabırçılıq olacaq. Həmin sənətçilər buraya hansısa xanım həmkarlarıyla gələndə, bilirsiniz, nə baş verir? Bakıdakı pərəstişkarları - qızlar özlərini elə aparırlar ki, guya Murat Boz, yaxud Burak Özcivit bunların üstünə ikinci arvad alıb. Sizə elə gəlmirmi ki, çox iyrənc görünür?

Yeri gəlmişkən, Özcan Dənizin təxminən on il əvvəl Azərbaycan mahnısını ermənicə oxuduğu üzə çıxıb, sonradan üzr istəyib ki, bilməmişəm. Kim bilir, Murat Boz indi hansı mahnımızı ermənicə oxuyub və illər sonra üstü açılacaq?! "Atamdan eşitmişəm ki, Qarabağ erməni torpağıdır" deyən Sosonun Bakıdakı konsertində zal dolmuşdusa, Murat Boza sarılanları qınamaq da olmur bir tərəfdən.

Rusiyalı müğənni Sati Kazanova deyib ki, Bakıda qalıb muğam öyrənmək istəyirəm. Deyəsən, manıslar demişkən, toy tutmaq istəyir. Amma ona biri başa salsın ki, burada toyu bir az başqa metodlarla tuturlar. Vaxtın olsa, muğamdan əvvəl restoran müdirlərinin istəklərini də öyrən. Təbii ki, istisnalar hər zaman mövcuddur.

Müğənni Mənzurə Musayeva doqquz dəfə əməliyyat etdirib. Nə deyə bilərik? Sağlığına qismət.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.