Şou-biznes

Tünzalənin sevgilisi, Fatimənin hicabı, Hadisənin gecəsinə 190 min HƏFTƏBECƏR

13 Dekabr 2016 10:54
36 Şərh     Baxış: 4 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (104-cü say) təqdim edir.

94 şərhin hər birinin müəllifinə, xüsusən Asi və Əsmər adlı oxucularımıza şərhlərinə görə təşəkkür edib keçək xəbərlərə.

Əvvəl qalmaqalı cavan uşaqlar, sənətə yeni gələnlər edərdilər ki, gözə girsinlər, yadda qalsınlar, sponsor tapsınlar, sonra o sponsorun hesabına ev-eşik yiyəsi olsunlar. İndi ağsaqallar da qalmaqala girişiblər. Müğənni Elxan Şirinovla bəstəkar Cabbar Musayev bir mahnını bölə bilmirlər. Şirinov Musayevin bir mahnısını oxuyub, bəstəkar da deyib ki, işi görən mən, çörəyi qazanan Elxan?

Şirinov da cavab verib ki, Cabbar buna görə fəxr etməlidir.

Lap gəlinlə qayınananın məsələsinə döndü. Bir işbilməz gəlin olur, qayınanası həmişə bunun bacarıqsızlığını ört-basdır edir. Bir gün bunlara qonaq gəlir. Qayınana deyir ki, sən bir stəkan çay gətir, qalan işləri özüm görəcəm. Gəlin çayı gətirəndə qarnının yelini saxlaya bilmir və pərt olub tez mətbəxə qaçır. Qayınana görür ki, gəlin pərt oldu, "məsuliyyəti" öz üzərinə götürür. Deyir ki, bərk ağrıyıram, hətta qarnımın yelini də saxlaya bilmirəm, gərək oğluma deyim, məni Moskvaya "doxdur"a aparsın. Gəlin də işbilməz olmaqla bərabər, həm də dilli imiş. Mətbəxdən qışqırır ki, Allah vurmuşdu səni. Biabır olan mən, Moskvaya gedən sən? İndi mahnını yazan Cabbar, pulu qazanan Elxan?

Hadisə Yeni il gecəsi Bakıda ikicə saat çıxış üçün cəmi 190 min manat qonorar alacaq. Bu, təxminən Azərbaycan müəlliminin 600 aylıq əmək haqqı deməkdir. Yəni, bir müəllim yeməsə, içməsə, əlli il işlədiyini yığsa, Hadisəyə iki saat üçün veriləcək pulu qazana bilər. Doğrusu, türk sənətçinin burada oxumaqdan başqa hansı bacarığını nümayiş etdirəcəyini bilmirəm. Amma onu bilirəm ki, oxumaq bacarıq sayılırsa, Hadisənin belə bir bacarığı yoxdur. Fotolardan gördüyüm qədər, yaxşı əndamı var. Sağlığına və yiyəsinə qismət.

Gənc müğənni Aysel Əlizadə deyib ki, artıq sevgili yox, həyat yoldaşı arzulayıram. Arzuya bax, sevgilim...

"Hazırda sevgilim yoxdur. Son günlər bir qərar vermişəm: artıq mən sevgili yox, dost, həyat yoldaşı, hörmət edəcəyim və mənə hörmət edəcək, sonda isə sevəcəyim birini arzulayıram".

Allah arzuna çatdırsın. Amma məsləhət kimi çıxmasın, elə bil bir az tezdir axı. Həyat yoldaşı haqda otuzdan sonra düşünərsən. Elə deyil, dostlar?

Vasif Məhərrəmli başına gələn toy əhvalatlarından danışıb. Həmin xəbəri iki-üç dəfə oxudum, başa düşmədim deyə, sizə də bir söz yaza bilmirəm. Amma adamın Allahı var, Vasif Məhərrəmlinin nəyi də olmasa, qəşəng xaric oxumağı var. Səs diapazonu da öz yerində.

Rəqqasə Fatimə hicab bağlayıb, fotosunu çəkdirib. Əhsən! O gün efirlərin birində rəqqasəyə deyirəm ki, Məşhəd ziyarətinə get, məndən inciyir. Bu mənada Fatimə bütün həmkarlarını qabaqlayıb. Özü məşədi xanımdır, həci xanımlığa da namizəddir. Nə olsun ki, keçmişdə göbək rəqsi oynayıb? Göbəyi var, oynayıb da. Göbəyini kəsdirməli deyildi ki?

Alla Puqaçova müsahibələrinin birində deyib ki, Azərbaycanda yaraşıqlı kişilər var. Nəsə bir az qəribə və şübhəli açıqlama oldu. Alla dadına baxmadığı "yeməyi" tərifləməz. Sənətkar adamdı, boşuna söz deməz e.

2017-ci ildəki "Eurovision" təmsilçimiz Diana, builki təmsilçimiz Səmra Rəhimlinin bek-vokalçısı olub. Mən Diananın fotolarına baxdım. Doğrusu, onu hələ "Bəri bax" qrupundan tanıyırdım. Amma bu qədər inkişaf etdiyini düşünmürdüm. Adamın əynində əynidir. Səmradan daha tədbirli olduğunu demək olar. Çünki Səmra gedib orada soyundu, bu soyunub hazır gedir. Sabah kimsə deyə bilməz ki, Diana getdi orada soyundu, kiminsə qucağında oturdu. Əhsən, Diana!

Tünzalə Ağayeva əsəbləşib sevgilisinə mahnı yazıb. Sosial şəbəkədə də yazıb ki, gülüşümü hamıya, ürəyimi bir nəfərə hədiyyə edirəm. Bu statusdan sonra camaat dəyib bir-birinə. Əcəba, Tünzalə kimisə sevirmi? Qulqoyan dayı da deyib ki, ə bəs bunu maa niyə demirsinqiz? Ara sakitləşəndən sonra Ağayeva deyib ki, məni də duyğulandıran məqam və insan var. 16-17 ildir ki, heç kim məndən şəxsi həyatla bağlı bir cümlə qopara bilmir:

"Amma onu deyim ki, xoşbəxtəm. Bütün mahnılarımı ona həsr etmişəm. Hətta sonuncu "Güzgü" mahnımı əsəbləşib yazdım: "Bu güzgüyə bir vaxtlar qoşa baxardıq".
Gördünüz, heç kim ondan şəxsi həyatı barədə bir cümlə qopara bilmir. Ağzıbütov adam olmaq başqa şeydir. Heç kim qopara bilmir, amma özü deyir. Cığallıq eləməyin, bu qoparmaq sayılmır ki.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.