Şou-biznes

Röyanın tualetdəki fotoları, Fədayənin qısqanc əri, ağıllanmış Nadir və Xatirə - HƏFTƏBECƏR

5 Dekabr 2016 09:16
94 Şərh     Baxış: 14 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (103-cü say) təqdim edir.

Ötən həftə yazılan 54 şərhin hər birinin müəllifinə səmimi təşəkkürlər. Əksəriyyət Qulpqoyan dayını soruşub deyə, hansısa şərhi fərqləndirmək istəmirəm. Əvəzində ağsaqqalın hamınıza salamı var. Deyir ki, Yeni il ərəfəsində buralarda olmayacaq. Eşitdiyimə görə, səfəri Ukrayna tərəfədir. Yayda eşitmişdi ki, Ukraynanın bəzi şəhərlərində hər yüz qadına cəmi on beş kişi düşür. Evdə də arvada deyib ki, alverə gedir. Qayıdanda görək nə olur.

Bir məqam həmişə mənə maraqlı olub. Sənətçilərin əksəriyyəti boşanmamışdan əvvəl ciddi qadağalar altında yaşayıblar. Məsələn, aylarla qohum-əqrəba üzünə həsrət qalıblar, bazar-dükana getməyiblər, geyim-keçimlərinə fikir veriblər. Hətta Fədayə Laçın kimi eyvana icazəylə, o da ki uzunqol koftada çıxıblar. Əcəba, bu cür qadağalı həyat yaşamış biriləri nədən sonradan "aç, burax" kampaniyası keçirirlər? Söhbət təkcə Fədayədən getmir.

Elza Seyidcahan onun adından saxta şeirlər yazan şəxsləri məhkəməyə verəcək. Sözə bax ha, saxta şeirlər. Özü orijinal, fısqırıq, şedevr yazırmış, onun adından yazılanlar saxtaymış. Maraqlıdır, Elza məhkəmədə həmin şəxslərə hansı cəzanı istəyəcək? Bəs görəsən, Elzanın özünə belə mənasız şeirlərə, ifalara, açıqlamalara görə hansı cəza düşür? Bax, əsas məsələ budur.

Nadir Qafarzadə ağıllanıb. Deyib ki, bundan sonra adı heç bir qalmaqalda hallanmayacaq:

"Söz-söhbətdən qaçıram. 46 yaşım var, mənə qalmaqal yaraşmaz. Bundan sonra mən etdiklərimlə hər kəsə örnək olmalıyam. Bütün müğənnilərin həyatında qalmaqal olub. Onları unutmaq lazımdır. Gənclər bizə baxıb, yaxşı şeylər götürsünlər".

Bilmirəm, jurnalistlər zarafat edib bu açıqlamanı yayıblar, yoxsa Nadir özü belə bir açıqlama verib. Bir az qəliz məsələdir. Ancaq əgər belədirsə, sevinməyə dəyər. Mübariz Tağıyev demişkən, intəhası, Nadirin populyarlığının doxsan faizi qalmaqallar idi. Əgər qalmaqallar olmayacaqsa, onu kimsə toyuna aparacaqmı? Necə deyərlər, hər şey yaxşlığa doğru.

Elməddin Cəfərovu təvazökar, yerini bilən adam kimi tanıyırdım. Ancaq, deyəsən, onun da "buynuzları" çıxmağa başlayır. Deyib ki, məşhur "Fəlakət" obrazını mənim komandam yaradıb:

"Dram janrında da oynamaq fikrim yoxdur, çünki özümü təsdiq etməyə ehtiyacım yoxdur. Azərbaycanda ən böyük komanda məndədir. Hazırda 36 nəfər aktyorla çalışıram. Ümumilikdə isə bu rəqəm 60-a çatır. Ən böyük komanda, əslində, bizdədir. İndinin özündə komediya janrında 4 film çəkirik. Sadəcə, bunları reklam etmirik. Başımızı aşağı salıb öz işimizi görürük. Mən artıq serial sahəsində sözümü demişəm. Hər şeydə damcı olmaqdansa, bir şeydə mükəmməl olmağı daha üstün tuturam".

Yeri gəlmişkən, Elməddinin "mənim komandam" adlandırdığı heyətdə xalq artisti Firəngiz Mütəllimova da var. O Mütəllimova ki, bir obrazı Elməddinin indiyə kimi oynadıqları və bundan sonra oynayacaqlarından daha üstün, daha peşəkardır.

Röya ilə jurnalistlər arasında söz-söhbət səngimək bilmir. Sənətçi deyib ki, jurnalistlərlə qalmaqalından sonra 15 il əvvəl tualetdə çəkdirdiyi fotoların yenidən ortaya çıxarılacağını gözləyir. Maraqlı və kreativ yanaşmadır. Hadisələri qabaqlamaq və həmin fotoları oxucu gözündə adiləşdirmək cəhdi...

Adama deyərlər ki, tualetdə yox, hamamda çəkdirəydin, o fotoları yayaydılar. Ümumiyyətlə, sənət adamlarına, onların az-çox olan sənətlərinə hörmətin qalması üçün şəxsi həyatlarını bilməmək lazımdır. İş burasındadır ki, bu adamlar da əvvəlcə şəxsi həyatlarıyla gündəmə gəlirlər, sonra çıxıb sənətdən danışırlar. Şəxsən mən Röyanı oxuduğu qrupdan, ardınca isə lüt fotolarından tanımışam. 15-16 il əvvəl o cür oxumaq adi şey idisə, soyunmaq fövqəladə cəsarət tələb edirdi.

Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac atası haqda danışıb, illərin ötüb keçməsindən bəhs edib: "İllər necə tez ötüb keçdi. Bu 5 ildə nələr oldu, bitdi... Görəsən, heç xəbərin oldumu? Hər dəfə səni yuxularımda bir cür görürdüm və darıxmaq hissi gələndə boğulurdum. Yenə də darıxıram. Övladlarına qarşı istəyin, o gülüşün bambaşqa idi".

Aytac fikirlərini bu kimi həssas sözlərlə dava etdirib. Bu yerdə mərhum xalq şairi Cabir Novruzun bir misrası durumu tam izah edir - sağlığında qiymət verin insanlara.

Xatirə İslam deyib ki, əri toydan sonra bir il işləyib ona aldığı qızılların pulunu ödəyib. Xatirə özü belə istəyib. Deyib, almalıydı, necə ödəmək onun problemidir. Görəsən, toydan sonrakı bir ildə bunlar nə yeyib, nə içiblər? Sitat: "Qızıl baxımından nə seçdimsə, yoldaşım aldı. Toydan sonra isə 1 il işləyib onun pulunu ödədi. Toyda qayda-qanunla hər şey etdi. Almalıydı, sonra necə ödəmək onun problemidir. Xanım dostları və həyat yoldaşı tərəfindən qiymətləndirilməlidir".

Nə deyə bilərik? Allah xoşbəxt eləsin. Qulpqoyan dayı demişkən, ona görə indi qızların çoxu ərə gedəndə cehizi cəmi bir çamadan olur. Niyəsini özünüz düşünün.

Manaf Ağayev də deyib ki, oğlanlarıma elçi getmək istəyəndə bilsəm, "yox" deyiləcək, o qapıya getmərəm, onları heç kimin qarşısında alçaltmaram. Kiminsə minnəti olsun ki, oğluma ərə gəlir. Sadəlik başqa şeydir də. Əgər elçi gedən kimi qızı verəcəkdilərsə, daha əziyyət çəkib elçiliyə niyə gedirsiniz? Elə qız özü gəlib sizdə otursun da.

Əməkdar artist  Şəbnəm Tapdığın da bir-iki açıqlaması var. İntəhası, vaxtınızı almaq istəmirəm. Di salamat qalın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.