Şou-biznes

“O səs Türkiyə”yə gedənlər: “Nə day-dayları, nə də pulları var”

10 Noyabr 2016 21:56
9 Şərh     Baxış: 3 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı gənc ifaçıların "O səs Türkiyə" müsabiqəsinə üz tutması müzakirələrə səbəb olub. Tamaşaçıların əksəriyyəti onları alqışlasa da, bir çoxları bildirirlər ki, istedadı olan şəxslər özünü vətənində də tanıda bilər, bunun üçün Türkiyəyə üz tutmaq yersizdir. Müsabiqə iştirakçıları isə Azərbaycanda efirə çıxmağın çətin olduğunu, onlardan müəyyən məbləğdə pul tələb etdiklərini, "O səs Türkiyə"nin onlar üçün bir şans olduğunu qeyd edirlər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bəstəkar Sevinc Tofiqqızının dediyinə görə, istedadlı gənclərin ölkənin adını ucaltdığı istənilən layihədə yer alması alqışlanacaq haldır: "Mən istəsəydim, birinci xarici ölkələrdə tanınardım. Amma mən vətənimi seçdim. Vətənpərvər xanımam, azərbaycanlı olduğum üçün fəxr edirəm. İstəyirdim ki, birinci öz ölkəmdə tanınım və buna nail oldum. Azərbaycanda tanındıqdan sonra xarici ölkələrə üz tutdum, konsertlər verdim, vacib tədbirlərdə iştirak etdim, ölkəmi gözəl şəkildə təmsil etdim. Bu, mənim üçün qürurdur. İstedadı olan gec-tez, əziyyətlə olsa da, tanınır. Mən də ölkəmdə film, klip çəkdirirəm, vətənpərvərlik mövzusunda mahnılar yazıram. Öncə burada, sonra xaricdə onları təqdim edirəm. Gənclərin "O səs Türkiyə" müsabiqəsinə üz tutması qəbahət deyil. Orada Azərbaycan vətəndaşı olduqlarını bildirirlər, ölkənin adını ucaldırlar. Azərbaycanın adına uğur qazandıran gənclərin addımları yüksək qiymətləndirilməlidir. Mən müsabiqəni izləyirəm, Azərbaycanın adı gələndə sevinirəm, gözüm yaşarır. İstedadlı gənclərə dəstək olmaq lazımdır. Onların uğuru bizim uğurumuzdur".

Sənətşünas Xəyalə Rəis vurğulayıb ki, "O səs Türkiyə" Azərbaycanda az tanınan və səsinə güvənən ifaçılar üçün əsl sənət meydanıdır: "O səs Türkiyə" əsl meydandır. Çünki bizdə efirə çıxmaq üçün ilk növbədə külli miqdarda pul lazımdır. Efirə çıxmaq mahnı yazdırmaq, PR işləri ilə məşğul olmaq üçün yaxşı sponsora ehtiyac var. Məlum məsələdir ki, indi sponsorlar kimlərə və hansı əməyin qarşılığında köməklik edirlər. Bunun üçün səsi olan ifaçıya o meydan özlərini sübut etmək üçün ən böyük arenadır. Çünki bilirlər ki, həmin arenada çıxış etsələr, həm pul xərcləmədən Azərbaycanda tanınacaq, həm də Türkiyədə prodakşınlar tərəfindən təkliflər alacaq. Təklif dedikdə onlar ifaçını götürür, sıfırdan onu yetişdirir, PR-ı ilə məşğul olur və dünyada tanıdır. İfaçı tanınandan sonra onun üzərindən pul qazanırlar. Burda onlara kim pul buraxacaq? Hətta beynəlxalq müsabiqələrə gedən ifaçılarımız gələndən sonra passivləşir. Onları da qınamaq olmur. Nə etsinlər? Kiçik klublarda mahnı oxuyurlar. Daha Telli Borçalı ilə eyni efirə çıxıb, saz döyüşdürməyəcəklər ki... Beynəlxalq arenalarda səsi ilə dünyanı lərzəyə gətirən ifaçılarımızı tanımalıyıq. Lakin bu günün tamaşaçısı öz ifaçılarını tanımaq istəmir. Bu işdə əsas günahkarlar televiziyalarımızdır. Çünki televiziya tamaşaçıya nə verirsə, tamaşaçı da onu qəbul edir. Nə vaxta qədər efirlərimizdə toy mahnıları olacaqsa, biz "O səs Türkiyə" kimi layihələrə ağzı açıq baxacağıq. "O səs Türkiyə"yə gedən, orada tanınan hansı ifaçılarımızı bir dəfə efirlərimizdə görmüsünüz? Görə bilməzsiniz. Çünki onların nə day-dayları, nə də pulu yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.