Şou-biznes

"Ailə qurmaq istəmirdim" - FOTO

29 Avqust 2016 12:04
8 Şərh     Baxış: 4 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Məryəm Şabanovanın "qafqazinfo"-ya müsahibəsi

- Üç ildir ki, heç bir klip çəkdirmirdiniz. Ən son layihəniz "Mənim dünyam" olub. İndi yeni mövsümə necə hazırlaşırsınız? Nələr olacaq?

- Doğrusu, öz işimi çox sevirəm. Bu, mənim üçün çox maraqlıdır. Özüm musiqilər bəstələyirəm, sözlərini yazıram və müxtəlif rejissorlarla işləməyi sevirəm. Bu, çox çətin və maraqlı prosesdir. Amma son üç ilimi əsasən ailəmə həsr etmişəm. Elə kiçik oğlum da üç yaş yarımlıqdır. "Mənim dünyam" klipini çəkdirəndə oğlumun bir yaşı var idi. Bu mahnı analıq hissi, övlad haqda idi. Mən o zamanlar bir az kilolu idim. Mənə dedilər ki, "Məryəm, problem deyil. Sən anasan. Ona görə də, bu, normaldır". Mən utanırdım. Belə dolu olmağım xoşuma gəlmirdi. Arıqlamaq, özümü formaya salmaq istəyirdim. İdman, pəhriz...

Və bir ay əvvəl Nail Naiboğlu mənə zəng etdi. Soruşdu ki, "Məryəm, yeni mahnılar var? Bəs niyə mənə zəng vurmursan? Nəsə çəkməyimizi istəmirsən?" "Ay Nail, yay... Ora-bura getdik. Min işim var". O dedi ki, "Məryəm, sən müğənnisən, ya?.. Başa düşürəm, anasan, ailən var. Amma gəl, çəkək. Vəssalam". Dedim: "Yaxşı. Harada? Nə vaxt?" O dedi ki, "Mahnını göndər". Mən də göndərdim. O dedi ki, "Çox şən mahnıdır. Əsl yay hiti. Məryəm, gəl, dəniz qırağında çəkək". Fikirləşdim ki, nə geyinim? Qısası, üç günə "nə geyinək, haraya gedək, nə çəkək" - hər şeyə qərar verdik. Bir gitaraçı, bir qarmon ifaçısı... Çox yaxşı uşaqlardır, tanış musiqiçilərdir. Fikirləşirdim ki, sadəcə musiqi nömrəsi çəkərik. Çox sadə olacaq. Amma bu gün Nail mənə zəng eləmişdi. Deyir: "Məryəm, çox qəşəng alınıb".

- Bəs yay hiti üçün bir az gecikməmisiniz? Artıq yay bitib...

- Yox, bu, məhz yay haqda mahnı deyil. Orada "narın qumlarda" və sairə sözlər də var. Mahnı sevgi haqdadır. Adı "Uzaqlarda"dır. Yəni, məhz yay mahnısı deyil.

- Artıq neçə ildir, sizi eyni imicdə görürük. Bu klipdə nəsə yenilik etmisiniz?

- Saçım təbiətdən belədir. Uşaqlıqdan belə kürən və qıvrımsaçam. Əvvəl anam mənə deyirdi ki, "Məryəm, əgər saçını kəssən, rəngləsən, ya da düzləşdirsən, səni boğaram". Mən də "oldu" deyirdim. Sonra ailə qurdum. Bu dəfə də həyat yoldaşım saçımı kəsməyə, rəngləməyə, düzləşdirməyə icazə vermədi. Hərdən güzgüyə baxıb fikirləşirəm ki, görəsən, nə dəyişiklik edim? Hörük hörüm, yeni saç forması verim. Sonra görənlər bəyənmirlər. Yəni, hamı deyir, imicini dəyiş, amma dəyişəndə də bəyənmirlər. Mənim saçım artıq vizit kartım kimidir.

- Amma sizə bənzəyənlər də çoxdur. Məsələn, Vəfa Zeynallını sizə oxşadırlar. Saç düzümü-filan. Bir dəfə demişdiniz ki, onu tanımırsınız. Artıq tanış olmusunuz?

- Kim?

- Vəfa Zeynallı, aktrisa...

- Bəlkə də, tanıyıram. Adlarla problemim var. Unuda bilərəm.

- Şakiraya da bənzədirlər sizi. Rəqs, oynamaq tərzinizə görə. Bəs siz özünüzü ona oxşatmırsınız? Mahnılarını da ifa etmişdiniz.

- Düzünü desəm, özümü heç kimə oxşatmıram. Şakiraya ona görə bənzədirlər ki, onun da saçları qıvrımdır, boyu da qısa. Burnu da balacadır. Amma bir-birimizə tamamilə oxşamırıq.

- Sizi "Eurovision" seçim turlarında tanıdıq. Əsas o zaman məşhur oldunuz. Hələ də "Eurovision"a həvəsiniz var?

- 2003-cü ildə mən "Bakı payızı" müsabiqəsində iştirak etdim. Bu müsabiqədə bizim bütün müğənnilərimiz iştirak edirdilər. O zaman Azərbaycanda telelayihələr, demək olar ki, yox idi. Əsasən konsertlər, jurnallar və qəzetlər idi. Hələ də hansısa aparıcı səhnəyə çağıranda məni "Eurovision" müsabiqəsinin seçmə mərhələsinin iştirakçısı kimi təqdim edir. Hesab edirəm ki, bu, artıq mənə lazım deyil. "Eurovision"dan sonra "Maşın şou" oldu. Sonra AzTV, Space, Lider TV... Bu, mənə kömək etdi. Layihə maraqlı idi. Amma hazırda məni təqdim edəndə o layihənin adının çəkilməsinə ehtiyacım yoxdur.

- Siz milli seçim turunun final mərhələsində iştirak etdiniz. Hamı sizi dəstəkləyirdi. Səfurə Əlizadə birinci seçiləndə hər kəs təəccübləndi. Bu, sizə necə təsir etdi?

- Mənə uzun illərdir bunu deyirlər. Hamı mənə azarkeşlik etdiyini bildirir. Hətta həyat yoldaşım və uşaqlarımızla bulvarda gəzəndə müxtəlif insanlar bizə yaxınlaşır, 6 il əvvəl mənə azarkeşlik etdiklərini söyləyirlər. Mən evə gələndə anam, həyat yoldaşım çox əsəbi idilər. Onlara dedim ki, hərdən insanlar uduza bilərlər. Amma bu, məğlubiyyət deyil. Dedim ki, nə olsun ki, oraya gedə bilməyəcəm. Amma görün, nə qədər insan mənə zəng elədi, dəstəklədi. İnsanlar soruşurdular ki, "Məryəm, axı niyə? Niyə belə oldu?"

- Həqiqətən, niyə? Sizcə, niyə belə oldu? Artıq illər keçib. Nə fikirləşirsiniz o müsabiqə haqda?

- Hamı soruşur ki, Məryəm, axı niyə sən yox, ora Safura getdi? Sadəcə gülümsəyib heç nə demirəm. Dərhal deyir ki, "Hə, anladım. Çünki biz Azərbaycanda yaşayırıq". Bu da sualın cavabı (gülür) .

- Sizə üç mahnı verilmişdi. O üç mahnıdan "Drip drop"u hamınız səsləndirdiniz. Məsələn, Safura müsabiqə zamanı mahnını oxuyanda fikirləşmədiniz ki, siz bunu oxusaydınız, daha fərqli şeylər edərdiniz?

- Mən yox, amma doğmalarım elə fikirləşirlər. Safuradan əvvəl, Rusiyadan Yulya Saviçeva 17 yaşında "Eurosivion"a getmişdi. Saviçevanın yaradıcılığını çox sevirəm. Yaxşı qızdır və gözəl oxuyur. "Eurovision"da o qədər həyəcanlı idi ki, çətinliklə ifa edirdi. Safuraya baxanda fikirləşirdim ki, 17 yaşlı qızı "Eurovision"a göndərən insanlar, görəsən, nə fikirləşirmişlər? Birincisi, o çox həyəcanlı idi. İkincisi, mahnı xəyanət haqda idi. Kişinin qadına qarşı xəyanətindən... Uşağın 17 yaşı var. Nə xəyanət? Hansı kişi? O heç bir dəfə aşiq də olmayıb. Yəni, onun nə hiss etdiyini başa düşürdüm.

Onun həyəcanını və qorxusunu anlaya bilirdim. Heç vaxt Safuraya, Dilarə Kazımovaya qarşı ədavətim olmayıb. Çünki istər müsabiqə olsun, istər festival... Mən həmişə birinci olacağam deyə bilməzsən. Bu, real deyil. Kiminsə xoşuna gələ bilərsən, kiminsə yox. Layihəyə də qatılanda əlimdən gələni edəcəyimi demişdim. Gecə-gündüz çalışırdım. Amma uduzsam da bunu özümə dərd etmədim. Sadəcə dərindən nəfəs alıb həyatıma davam etdim. Safura indi oxuyur?

- "Bakı, Bakı" mahnısını ifa edib. Klipində oğlunu da çəkiblər...

- Heç görməmişəm. Əlaqəm də yoxdur. Mənim doğmalarım məni tanka bənzədirlər. Ona görə ki, mən dünən, bu gün, sabah, həmişə oxuyacağam. Qalib gəldim, müsabiqəyə getdim, ya yox. Heç vacib deyil. Oxumaq mənim üçün həyatdır. Məndən soruşurlar ki, həyat yoldaşın oxumağa icazə verirmi? Buna sadəcə gülürəm. Biz onunla tanış olanda ona müğənni olduğumu demişdim. Bu, mənim işim deyil, həyatımdır. O da razılaşdı. Əgər həyatımdakı kişi evlənəndən sonra evdə oturacağımı desəydi, dərhal ayrılardım.

- Siz 20 yaşınızda ailə qurmusunuz? Çox gənc idiniz. Necə oldu ki, hər şey bu qədər uğurlu alındı?

- Mən 17 yaşımda restoranlarda oxumağa başladım. "Bakı payızı"na da elə 18 yaşımda qatıldım. Çox insanlar görmüşəm. Uşaqlıqdan oxuyuram. Ailəm yaradıcı insanlardan ibarətdir. Həmişə kişilər tərəfindən diqqət mərkəzində olmuşam. 17 yaşlı, qıvrımsaç, arıq, oxuyanda hər kəs mənə baxırdı. Kişilər tez-tez mənə yaxınlaşmağa çalışırdılar. Ailə qurmaq istəmirdim.

Çünki kişilərdən ancaq kobudluq görürdüm. Bu, məni bezdirirdi. 20 yaşımda həyat yoldaşımla tanış olanda onun 22 yaşı var idi. Onun gözlərinə baxanda sevgi, heyranlıq görürdüm. Orada heç bir kobudluq yox idi. Bu, mənim çox xoşuma gəldi. Həmişə həyatı birlikdə yaşayacağım kişinin mənim beynimi, qəlbimi qəbul etməsini istəyirdim. Bu, mənimçün çox vacib idi. Bəxtim gətirdi.

- Həyat yoldaşınızla sosial şəbəkələr vasitəsilə tanış olmusunuz. Sizcə, bu, bir az riskli deyil?

- Yox, bu, tanışlıq saytı deyildi ki. Bu, sadəcə forum idi. Adi müzakirə mərkəzi. İndiki jurnalistlər, yaradıcı gənclər orada müxtəlif mövzularda müzakirələr aparırdılar. Onun nədən yazdığını görürdüm. Tibdən, poeziyadan danışırdı. Onun necə insan olduğunu bildim. Daha sonra hər hansı bir məkanda toplaşdıq. Və beləcə hər şey başladı. O mənə öz telefon nömrəsini verdi. Basketbolçu olduğunu dedi. Hündürboy, qıvrımsaç idi.

- İndi Rüstəm bəy sizə işlərinizdə kömək edirmi?

- Məsələn, dünən çəkilişə mənimlə getmişdi. Bütün gün kömək etdi. Mahnı seçəndə də onunla məsləhətləşirəm. 6-7 il əvvəl o belə şeylərdən uzaq idi. Mənimlə yaşaya-yaşaya zövqümü, sevdiyim şeyləri öyrənib. Musiqiçi deyil, şou-bizneslə əlaqəsi yoxdur, amma çox gözəl zövqü var.

- Yoldaşınız nə işlə məşğuldur?

- Tikinti mühəndisidir. Amma şəxsi biznesi var.

- Siz Azərbaycan şou-biznesindən uzaq gəzənlərdənsiniz. Amma bu şou-biznesdə o qədər planlı evliliklər olub ki...

- Bir söz deyim. Bu yaxınlarda bir müğənnimiz öz həyat yoldaşı ilə boşandı. İki övladı da var. KİV də bundan xəbər tutdu. Əvvəlcə həmin müğənninin adını çəkdilər. Sonra sadəcə hansısa ikiuşaqlı müğənninin həyat yoldaşından boşandığını yazmağa başladılar. Beləcə mənim haqqımda şayiələr yayılmağa başladı. Məni görənlər hələ də evli olub-olmadığımı soruşurlar. Artıq əsəbləşməyə başlamışdım. Həyat yoldaşımla internetdə axtarış edəndə söhbətin əslində kimdən getdiyini anladıq. Həyat yoldaşım çox əsəbləşdi. Açıqlama verib evli olduğumu söyləməmi istədi. İnsanlar danışmağı sevirlər. Mənim yalandan ailə qurduğumu deyirdilər. Guya ərim var, nə bilim, hansısa sponsorlar-filan...

- Siz tərzinizə, geyiminizə də sadiqsiniz. Amma bir məsələ də var ki, məsələn, telefon nömrənizə də çox sadiqsiniz. Məsələn, on ildir eyni nömrəni işlədirsiniz. Niyə dəyişmirsiniz? Narahat edən yoxdur? Adətən müğənnilər hər ay bir nömrə dəyişirlər.

- Bu yaxında mənə zəng gəlmişdi. Eşitməmişdim. Sonra geri zəng elədim. Hansısa oğlan dəstəyi götürdü. Niyə zəng elədiyini soruşdum. Deyir, siz kimsiniz? Deyirəm, siz mənə zəng eləmisiniz. Deyir, nömrəmi ona hansısa prodüser verib. Deyirəm, deməli, kim olduğumu bilirsiniz? Deyir, siz zəhmət olmasa, deyin də siz kimsiniz? Mən də dəstəyi yerinə qoydum. Geri zəng elədi. Telefonu həyat yoldaşıma verdim. Vəssalam... Məsələ həll olundu. Bir nağaraçı "Facebook"da yazıb ki, hansısa toyda guya mən buna gülmüşəm. Bu da məni sevir. Münasibət qurmağımızı istəyirdi. Öz-özümə fikirləşdim ki, getdiyim hər toyda musiqiçilər oturur.

Yaxınlaşıb salamlaşıram. Bəlkə də səhnədə oxuyanda o da arxada ifa edirmiş. Mən də çönüb gülümsünmüşəm. Ola bilər. O, bütün bunları mənə yazır. Mən də fikirləşirəm axı bu kimdir? Yazdım ki, bağışlayın, tanımıram siz kimsiniz. İkincisi, xeyir ola, mənə yazırsınız? Mən evliyəm və iki övladım var. Deyir, sən evlisən? Deyirəm, hə. Aç "Facebook"da ailəmlə şəkillərimə bax. Deyir, indi mən neyləyim? Dedim, ya daha mənə yazmırsan, ya da səni qara siyahıya salıram. Vəssalam.

- Nə qədər tolerant olsa da, yəqin ki, həyat yoldaşınız qısqancdır. O, bunu necə büruzə verir?

- Evdə uzun zaman olmamağımı sevmir. Çox darıxır. Günlərlə səsyazmada, çəkilişdə, müsahibələrdə oluram. Həftələrlə evdə olmaya bilərəm. Evə gələndə qaraqabaq olur. Bir az şirinlik edirəm. Amma heç bir nəticəsinin olmadığını görəndə mətbəxə dadlı bir şey hazırlamağa qaçıram. Adətən mənimlə çəkilişlərə getməsini istəyirəm. Məşqlərə tək gedirəm. Amma səsimi telefonla ona göndərirəm ki, həyatımda o da iştirak etsin. Işimlə həyatımı birləşdirməyə çalışıram ki, bizim ayrı dünyaların insanları olduğumuzu fikirləşməsin.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.