Şou-biznes

Brilliantın yarıçılpaq fotoları, həbsdəki Qulpqoyan dayı və təmkinli Rəqsanə - HƏFTƏBECƏR

25 İyul 2016 09:52
15 Şərh     Baxış: 7 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (86-cı say) təqdim edir.

Əsas məsələyə keçməzdən öncə, ondan da vacib bir xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Qulpqoyan dayını polis saxlayıb. Deyilənə görə, arvadı atıb, qoşulub bir cavan qıza Bodruma getmək istəyirmiş. Arvad da gedib polisə ərizə yazıb ki, neçə vaxtdır məni döyür, söyür, pensiyasını üzə çıxartmır. İşə polis qarışıb, kişini hava limanında saxlayıblar, yanında da cavan qız. İlkin ifadəsində deyib ki, bu qızla sinif yoldaşı olmuşuq. Sinif yoldaşı ha. İndi "içəri"dədir, bir nəfərdən xəbər göndərib ki, "həftəbecər" vasitəsilə üzrxahlığımı arvadıma çatdırın. Yazmaq bizdən, söhbəti Qulpqoyan dayının arvadına çatdırmaq da sizdən. 

Cavan qız demişkən, Rafet El Romanın özündən 20 yaş kiçik olan model həyat yoldaşı Ceren Kaplakarslan başqa bir məşhurla hoqqa çıxarırmış. Deməli, bu Ceren xanımla Mehmet Ali Erbilin fotosunu çəkiblər, şəkil müzakirə olunub, Rafet zəng vurub, qadın telefona cavab verməyib. Bu hadisəni niyə xatırlatdım? Tam ciddi bir sualım var. Sizcə, son illər gənc xanımlar niyə yaşlı insanlara bu qədər maraq göstərirlər? Çərçivə daxilində bu suala şərhlərdə fikrinizi yazmağınızı istərdim.

İlin, günün bu vaxtında xalq artisti Brilliant Dadaşovanın yarıçılpaq fotoları yayılıb. İnsafən demək lazımdır ki, 57 yaşı olan yüz qadından doxsan doqquzu Dadaşovaya həsəd apara bilər. Amma məsələnin bir başqa tərəfi var. Xanım Dadaşovanın mətbuat xidməti bir neçə sayta həmin fotolarla birgə açıqlama göndərib. Açıqlamada qeyd olunur ki, fotonu çəkən şəxs məhkəməyə veriləcək. Qəribəsi odur ki, fotolar loqosuz göndərilib. Yəni original formada. Əcəba, əgər fotolar gizli çəkilibsə, original variant xalq artistinin mətbuat xidmətində haradandır?  Dadaşova reklama ehtiyacı olmayan, sənətinin və sənətin zirvəsində olan sənətkardır. Təkcə ifa texnikası ilə istənilən dünya miqyaslı müğənniylə müqayisə oluna bilər. Amma və lakin bu, reklam üçün atılmış addımdırsa, çox təəssüf. Hər halda, Brilliant Dadaşovanın "kupalnik"li reklama ehtiyacı yoxdur.

Bəlkə də ilk dəfə Rəqsanə haqda xoş söz yazacağam. Çünki özü bunu haqq edib. Deməli, müğənninin sosial şəbəkədə ünvanına təhqir yazıblar. O da belə cavab verib:
"Düşündüm bu İnstaqram-da bir-iki adama cavab verim, sonra dedim boş ver. Hələ anlamırlar, sonra başa düşərlər. Mənim çəkimə düşmək üçün dözüm, iradə, səbr lazımdır. İkinci, mənim saçım anadangəlmə seyrəkdir. 1979-cu il təvəllüdlüyəm, yaşımı siz hesablayın. Nə edim, bütün günü yemək yeyib, qarşınıza üç-dörd mərtəbə çıxım? O ki qaldı geyimimə... Şortik geyinmək eyibdirsə, siz geyinməyin. Mənim səsim olmasa, əlimə mikrofon almaram. Sizinlə paylaşdığım videolar isə məşqdəndir. Burada olan aparat yüksək keyfiyyət verə bilməz. Məni istəyən də, istəməyən də sağ olsun. Mənim insanlığım, sadəliyim, təmizliyim imkan vermir ki, sizin qəlbinizə dəyim".
Sizi inandırım ki, bəlkə də Rəqsanə ürəyində onu tənqid edənləri əlli dəfə söyüb. Amma sosial şəbəkədəki təmkininə əhsən. Çünki sənət adamları bilməlidirlər ki, onları xalq dolandırır. Müəllim, həkim, polis deyillər ki, ayın axırında az-çox bəlli məvacibləri olsun. Camaatın gözündən düşən müğənnini kimsə toya çağırmasa, məcburdur ki, başqa işlə məşğul olsun, ya da acından ölsün. Rəqsanənin statusunda bircə məqamla razılaşa bilmədim. Deyir, səsim olmasa, əlimə mikrofon götürmərəm. Onun sosial şəbəkədə səsyazma studiyasında yazılmış bir görüntüsünü izləmişəm. Əgər o oxumaq səsdirsə, onda mən Xan Şuşinskiyəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.