Şou-biznes

Gənc müğənni: "Evlilik təklifi almamışam..." - FOTO

1 İyul 2016 17:15
5 Şərh     Baxış: 4 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səs Azərbaycan"ın qalibi Emiliya Yaqubovanın qafqazinfo-ya müsahibəsi

- "Səs Azərbaycan"ın ilk qalibisiz. Yarışma iştirakçıları arasında münasibətlər necədir? Hələ də əlaqə saxlayırsız?

- Heç ayrılmamışıq. Konsertlərə birgə gedirik, hər gün əlaqə saxlayırıq. "Watsapp"da qruplarımız var, yazışırıq, görüşürük.

- Həmkarınız, yarışmanın eks-üzvü Səmra Rəhimli sizin dediyinizin əksini söyləyir. O bilirib ki, "O ses Türkiye" və "Eurovision" iştirakçıları ilə əlaqə saxlayır, ancaq "Səs Azərbaycan iştirakçıları ilə yox. Çünki digər iştirakçıların daha səmimi olduğunu iddia edib...

- Mən Səmra ilə əlaqə saxlayıram. Yazışırıq, ancaq son həftələrdə görüşməyə vaxt yoxdu. Ad günümdə də iştirak edib. Mən ona, o da mənə yaza bilər, problemimiz yoxdur.

- Hər kəs "Səs Azərbaycan"ın qalibi kimi Samirə Əfəndiyevanı görürdü. Siz birinci olanda müəyyən etirazlar oldu, sosial şəbəkələrdə müzakirə mövzusuna çevirildiz. Sizə etiraz şərhləri psixoloji təsir etmədi?

- Mən şərhləri oxumurdum. Ancaq öz səhifəmdə yazılan rəylərə diqqət edirdim. O şərhləri oxumağa evdəkilər və komanda rəhbərim Mübariz Tağıyev də icazə vermirdi. Əvvəl qrupda ifa edən zaman da rəhbərimiz Rəşad müəllim də imkan yaratmırdı. Sənətlə məşğul olmaq lazımdır, dedi-qodulara baş qoşmaq lazım deyil. Əlbəttə, insanların rəyləri vacibdir.

Qeyd edim ki, layihə bütün istedadlı gəncləri aşkarladı, təqdim etdi. Hər bir iştirakçı qalib ola bilərdi. Məni və başqalarını dəstəkləyənlər olurdu, sevməyənlərə də rast gəlmək mümkün idi. Özümə heç bir psixoloji təsiri olmadı, az səs toplamadım ki? Yığdığım səslərin sayəsində qalib oldum.

- Siz də Mübariz Tağıyev kimi sakit və təmkinli insanlara bənzəyirsiz. Bu əlamətlərə görə seçiminizi ondan yana etdiz?

- Biz sakit deyilik ( gülür). Tək ona görə yox. O, böyük sənətçidir. Digər münsiflərə də böyük hörmətim var. Mənə uyğun Mübariz müəllim idi. O, insanın daxili aləmini görür. İndiyənə kimi mənə köməklik edir. Biz seçiminizdə yanılmadıq.

- Adətən bu tipli müsabiqə iştirakçıları xarici dildə olan mahnılara üstünlük verirlər. Siz necə? Hansı janrda mahnılar ifa edərək özünüzü formalaşdıracaqsız?

- Yəqin ki, məlumatınız var, əcnəbi musiqiləri çox sevirəm, ancaq biz Azərbaycanda yaşayırıq. Özümüzün estradamıza uyğun mahnılar yazılır, bir musiqimdə ərsəyə gəldi. Sözləri və musiqisi Aytən İsmixanovaya məxsus olan əsər "Azərbaycan" adlanır. Bir neçə gün sonra təqdim etməyi planlaşdırırıq. Bu günə kimi xarici dildə olan mahnılar oxuyurdum, çünki öz musiqi parçalarım yox idi. İndi isə öz mahnılarımın olmağını istəyirəm. Nigar xanım çox sağ olsun, bütün arzularımı çin edir. Bir müğənni üçün nə lazımdı? Mahnılarını tamaşaçılar sevsin.

- Azərbaycan şou-biznesində toydan başqa gəlir yerinin az olduğu hər kəsə məlumdur. Siz necə? Toya gedirsiz?

- Azərbaycanda, demək olar ki, sənətçilərin 99 faizin gəliri toydandır. Biri var toy aparan, biri də var ki, məclisdə müəyyən vaxt ərzində çıxış edəsən. Mən də toya gedirəm, başqa cür mümkün deyil. Ancaq qeyd edim ki, nadir hallarda toya gedirəm. Yeni başlamışam, addımlayıram. Özümü tam tapandan sonra mən də konsertlər verəcəm, toyda bütöv çıxış edəcəm.

- Adətən müsabiqə iştirakçıları yarışmada olan zaman keçmişi ilə bağlı müxtəlif şayiələr yayırlar. Onların müsabiqədən əvvəl ki, kliplərini gündəmə gətirirlər. Buna Səmra Rəhimlinin açıq-saçıq klipini misal gətirə bilərik. Amma sizin şəxsi həyatınız və ya keçmişiniz barədə mətbuatda heç bir xəbər yayımlanmadı...

- Birinci ondan başlayaq ki, solo kariyerama yeni addımlayıram. Müsabiqədən əvvəl qrupda çalışmışam. Sadəcə olaraq gizlədiləsi bir şey yoxdur. Şəxsi həyatım mənə aiddir, gizli bir aləmimdir. Yenə deyirəm, gizlədiləsi bir şey yoxdur. Bir anam, atam, bacım və özüm, bir arada yaşayırıq. Özüm necəyəmsə, eləyəm, səmimi olmağa çalışıram.

-Ailəlisiz?

- Xeyr, ailəli deyiləm.

- Yarışmadan çıxan iştirakçılara adətən evlilik təklifləri çox olur. Sizdə necə oldu? Toy nə vaxtdır?

- (Gülür). Elə bir şey olmayıb, evlilik təklifi almamışam. Mən musiqiyə aşiqəm. Allahın işidir, qismət deyilən bir şey var. Mənə elə gəlir ki, gələcək həyat yoldaşım sənətimi sevsin, mənə dəstək olsun.

- Artıq sizi şou-biznesin bir üzvü saya bilərik? Bu aləmdən baş çıxara biləcəksiz?

- Həmişə düşünürdüm ki, şansım olsa, şou-biznesdən uzaq gəzəcəm. Böyük çıxmasın, özümü sənət aləmində hesab edirəm, şou-biznesdə yox! Artıq mənə heç nə lazım deyil. Şou-biznes təsəvvür etdiyim kimidir. Ancaq pərdəni gərək götürməyəsən, sərhədi keçməyəsən. Hətta, dostluq etdiyin, görüşdüyün, danışdığın insanları seçəsən. Ağılla hərəkət etmək lazımdır. Bəlkə də, 18 yaşım olsa idi məni evdə idarə edərdilər. Artıq öz başım çiynimdədir. 30 yaşım var, yaşlı deyiləm, ancaq balaca da deyiləm.

- Yarışmadan sonra AzTV-nin solisti olduz. Bu ad sizə müəyyən əngəllər törətmir?

- Mənim üçün böyük bir şərəfdir. Prodüserim Nigar xanım və mənim arzum idi. Üzərimə böyük bir məsuliyyət düşdü. Atdığım hər bir addıma, dediyim sözlərə fikir verən insanam. Bu oyun deyil, necəyəmsə, eləyəm. O cür adı yüksəklikdə saxlamağa çalışacam. Mənim üçün elə bir bariyer qoymayıblar. AzTV mənə çox şanlar yaradır.

- Müsabiqə iştirakçıları arasında barmaqla sayılacaq şəxslər var ki, məşhurlaşıblar. Digərləri isə passiv həyat sürməyə davam edirlər...

- Bizim böyük komandamız var, özüm də passiv insan deyiləm. Nə qədər ki, bacarıram, səsim buna imkan verirsə, işlər görəcəm. Uşaqlar necə qabağa getsin? Kim onlara kömək edir? Azərbaycanda prodüser məktəbi yoxdur. Ona görə də, kimsə özü üçün mahnı yazır. Ancaq onun aranjimanı, reklamı vəasitdir. Onları qınamaq mümkündür.

- Yarışmadan qazandığınız 30 min manatı hara xərclədiz?

- Bu sirdir, amma inanın mənə ki, yaxşı işlərə xərcləmişəm. Mən hər zaman qazandığım pulu valideynlərimlə bölüşürəm. Düzdü, onların heç bir ehtiyacı yoxdu. Ancaq belə etməsəm ruzim olmaz. Pullar yaxşı şeylərə xərclənir (gülür).

- Siz Zülfiyyə Xanbabyevanın prodüseri Nigar Hacızadə ilə işbirliyinə başlamısız. Ancaq şahidi oluruq ki, prodüserlər yeni çalışdığı ifaçını ilk əməkdaşlıq etdiyi müğənniyə bənzətməyə çalışır. Sizdə necə?

- Çox adam düşünə bilər ki, eyni layihədir, Emiliya Zülfiyyə Xanbabayeva olacaq. Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva kimi müğənnilərə qulaq asaraq böyümüşük. Mən heç ağlıma gətirmirdim ki, müğənni olacam. Çünki fortepiano üzrə təhsil almışam. Ancaq belə oldu. Öz təbiətim Z. Xanbabayevaya uyğun gəlir. Onun davranışı, geyim tərzi, səs tembri və ürəyini bəyənirəm.

Baxın, o cür xanım olmaq istərdim. Evdə baxıb həsəd aparırdım ki, necə şou-biznesdə qalıb da, bu cür gözəl qala biləsən. Nigar xanım Xanbabyevadan başqa heç kəslə çalışmayıb. Neçə ildir ki, yaxın rəfiqədirlər. Görürsüz, neçə illərdir ki, bir-birilərinə xəyanət etməyiblər. Yəqin ki, çox şanslı bir insanam.  O, mənim daxilim kimi olmağımı məsləhət görür, heç vaxt müqayisə etmir.

- Ailə həyatı və sənət- ikisini bir arada saxlamaq mümkündür?

- Ağıllı qadın bunları bacarmalıdır. Bu şansdan, xasiyyətdən və tərəf müqabilindən irəli gəlir. Şanslı və ağıllı qadın ikisini bir arada saxlamalıdır. Mən belə olmaq istəyirəm. Musiqi vurğunuyam, əlbəttə ki, insanlar sevməlidir. İnanıram ki, sevdiyim bir şəxsdə olacaq. Musiqi necə xəyanət edəcəyimi isə bilmirəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.