Şou-biznes

"Anam diplomat, atam mühəndis olub" - FOTO

29 İyun 2016 17:55
16 Şərh     Baxış: 17 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış stilst Samir Əliyev (Samiraldo) teleqraf.com-a müsahibə verib. Milli.Az müsahibəni təqdim edir.

- Öz sahənizdə tanınmış olduğunuz üçün bu sualla başlayaq. Sizcə, şou-biznesin zövqlü və zövqsüz müğənniləri kimdir?
 
- Zövqlü müğənnilər çoxdur. Amma geyimi mahnıya, tədbirə uyğun geyinsələr daha yaxşı olar. Röya Ayxan, Aygün Kazımova, Natavan Həbibi çox gözəl geyinirlər. 

- Bəs, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Abbas Bağırov, Zamiq Hüseynovun stilini becə dəyərləndirirsiniz?

- Onlar yaxşı, amma standart geyinirlər. Yəni hər mövsümdə onları eyni stildə görürük. Mən dəyişkənliyi sevirəm. Məsələn, Namiq Qaraçuxurlu keçən il başqa, bu il isə başqa stildə geyinib. Stil hər il, hər ay dəyişir. Yaxın günlərdə Mətanət Əsədovanın evinə getmişdim, onun geyimlərini görəndə şoka düşdüm. Gələn ilin dəbdə olan paltarlarını da alıb. Ona dedim ki, bu geyimlər gələn il dəbdə olacaq, niyə indi almısan? Paltarlar xoşuna gəldiyi üçün aldığını söylədi. Bu mənim çox xoşuma gəldi. 

- Zövqsüz adlandırdığınız şou-biznes nümayəndəsi kimlərdir? 
 
- Bəli, zövqsüz müğənnilər var...

- Ad çəkə bilərsiniz?
 
 - Ad çəkməyəcəm. Heç kimdən çəkinən insan deyiləm, amma o insanlar bir sözümə görə hər tərəfdən vururlar, yollarımı bağlayırlar. Ona görə də onlarla düşmənçilik etmək, qıcıqlandırmaq istəmirəm. Onsuz da insanlar zövqlü və zövqsüz müğənniləri görürlər. Hansısa müğənnilərin adını çəkmirəmsə, deməli, onlar zövqsüzdürlər. Onların ifasını belə dinləmirəm. Rastlaşanda, görüşəndə deyirlər, niyə bizi tənqid etmişdin? Bu, mənim sənətimdir, niyə ağa qara deməliyəm? 

- Qeyd etdiniz ki, tənqid etdiyiniz müğənnilər sizə mane olurlar. Necə? 

- Hətta fotolarımı falçılara aparırlar, qara magiya etdirirlər. O, insanlara lənət olsun! Mənə bu haqda tanışlarım məlumar verirlər. Fotomu falçıya aparanların adlarını demiyəcəm. Sadəcə demək istəyirəm ki, Bakı balaca şəhərdir və Samiraldonun böyük çevrəsi, sevənləri var. 

- Fotonuzu falçıya aparanlar, müğənnilərdir, yoxsa həmkarlarınız?
 
- Bütün sənət nümayəndələrindən - müğənni, aktyor, stilist, aparacı var. 

- Siz necə falçıya inanırsınızmı və getmisinizmi? 

- Xeyr, heç vaxt falçıya getməmişəm. Allaha inanan insanam. Bütün günü Allahla danışıram, dua edirəm, ağlayıram. İnsanlara inanmıram və həyatımı etibar etmirəm. 

- Sizi nə ağladır?
 
 - Məni yalnız insanların məhəbbəti ağlada bilər. Çünki sevgi içində böyüməmişəm. Ona görə də heç vaxt dərddən ağlamıram. Həyatda çox güclü insanam, amma milyonlarla insan mənə xoş sözlər yazırlar. Bundan böyük xoşbəxtlik varmı? Məni bu xoş münasibət ağladır. O zaman zəifləyirirəm. Qorxuram ki, insanların sevgisindən ağlaya bilərəm. Son iki ayda insanlar məni daha çox sevməyə, hörmət etməyə başladılar.
 
- Siz Azərbaycan mentalitetindən uzaq, fərqli bir stilistsiniz. Buna görə insanlarda sizə aqressiya var idi. Bu mərhələni necə keçdiniz? Müasirlik sizə münasibəti dəyişə bildi?
 
- Düşünürəm ki, artıq məni çox sevirlər. Əvvəl insanların qəbul etmədiyi biri olmuşam. Bəlkə insanlara özümü olduğum kimi göstərməmişəm. Xaraktercə qapalı olduğum üçün hər şeyi gizlətmişəm. Amma onlar məni yaxşı tanıdıqdan sonra sevgilərini göstərdilər. Hər zaman insanların yaxşı münasibətinə möhtac qalmışdım. Tənha insanlara həyatda sevgidən başqa heç nə lazım deyil. Bir insanın diqqəti onlara milyonlara bərabərdir. Mən sevinirəm ki, 40 yaşımda məni sevməyə, qəbul etməyə başladılar. Buna görə dünyanın ən xoşbəxt insanıyam. 
 
Bəzi insanlar məndən soruşurlar: "Evlərimiz, maşınlarımız var. Bütün dünyanı gəzirik, amma xoşbəxt ola bilmirik. Sən kasıb adamsan, necə belə xoşbəxt ola bilirsən?" Mən də deyirəm ki, hər şeyə mərhələ-mərhələ nail olmuşam. Birinci mərtəbədən 17-ci mərtəbəyə qalxdım. İndi isə nə yuxarı qalxmaq, nə aşağı enmək olur. Düşünürəm ki, bu qədər tanındım, əziyyət çəkdim, göz yaşları axıtdım, amma indi mənim üçün heç nəyin ləzzəti yoxdu. Sadəcə nail olduğum pillədə qalmaq istəyirəm. Amma o günlər üçün darıxıram. Əvvəlki kimi mübarizə aparmaq istəyirəm. Mənə yalnız insanların sevgisini qazanmaq qalmışdı. Onu da qazandım, artıq çalışıram ki, qazandıqlarımı saxlayım və Allahın gözündən düşməyim.

- Müsahibələrinizin birində nişanlanacağıznıı qeyd etmisiniz, amma hələ də evlilik yolunda addım atmırsınız... 
 
- İnsan bəzən özünün şəxsi həyatına belə müdaxilə edə bilmir. Mən də istəyirəm ki, ailəm, uşağım, "ata" deyənim olsun. Amma mən kiməm ki, bunları həyata keçirim? Allah nəyi məsləhət görübsə, onu da yaşamalıyam. Allah sevdiyi bəndəsinə, pislik etməz! Allah bilir ki, mənim övladım olsa, sabah onu qınaq obyektinə çevirə, atan "mavi" olub və sair deyə bilərlər. Həyat yoldaşım insanlar tərəfindən fərqli münasibət görəcək. Mən bunları düşünürəm, yoxsa evlənməyə nə var ki... Mən normal insanam. Amma evlənməyin məsuliyyətini daşımaq, ailə sahibi olmaq məsuliyyətli işdir. Mən çəkdiyim əziyyəti övladımın yaşamasını istəmirəm. Valideynlərimin günahlarını mən yaşamışam. 

İnsanlar məni bu cür qəbul edib, bu həyatıma alışmışam. İnsanlarla mübarizə apara-apara kim olduğumu sübut elədim. Amma inanmıram ki, yaşadıqlarımı həyat yoldaşım qəbul edə bilər. Mənə sevgi etirafları çox olur. Nişanlanacağım qızla hələ də əlaqəm var, məndən övlad istəyir.  Amma ona dedim ki, mənim yaşadıqlarımı, insanların təhqirlərinə dözə bilərsənmi? Dedi, yox. 

- Hansı təhqirləri nəzərdə tutursunuz? 

- Təhqirlər çoxdur. Məsələn, deyirlər ki, "mavi"yəm. Əslində mən elə insan deyiləm, başqa cür həyat yaşayıram. Guya kişiləri sevirəm. Əgər mən kişiləri sevsəydim, kişi olmaq istərdim. Həmişə özümü qadın kimi görmüşəm. Qadınlara qarşı sevgi varsa, heç vaxt kişilərə məhəbbətim ola bilməz. Bəlkə də fikrimi tam çatdıra bilmirəm. Həyatda heç nədən çəkinmirəm. Kişiləri sevsəydim, gizlətməzdim. Ən çox məni o tipli böhtanlar qorxudur. Hazırda həyatımda heç kim yoxdur. 

İstəsəm bu dəqiqə evlənərəm. Hazırda bir çox insanlar Samiraldonun həyat yoldaşı olmağı arzulayır. Allahın qismətidir. Hər şeyin öz vaxtı var. 

- Sizinlə evlənmək istəyən xanımlar arasında şou-biznes nümayəndələri də varmı? 

- Şou-biznesdə mənə sevgi etirafı edən müğənnilər çoxdur. Müğənni ilə evlənməyə də pis baxmamışam. Mənimlə evlənmək istəyən ifaçının adını açıqlamaq istəmirəm. Çünki bu, ikimizin arasında baş verib. Lazım olsa özləri açıqlayardılar. Amma bir gün müğənnilərdən birinə deyəcəm ki, mənimlə evlənməyə hazırsanmı? Hələlik onun adını deyə bilmərəm. 

Onu da deyim ki, şou- biznesdə yaxşı insana rast gələndə də ona şübhə ilə yanaşıram. Düşünürəm ki, maskalanıb. Bu özümdən asılı deyil. Çünki şou-biznesdə normal adam yoxdur. Normal adam görəndə də şübhə ilə yanaşıram. Mənim üçün sadə insanlar daha maraqlıdır. Özüm də sadəliyimi qoruyub saxlayıram. 

- Bir müddət öncə öz adlarınızın izahında qeyd etmisiniz ki, Samir Əliyevlə Samiraldo fərqlidir. Xarakterizə etməyinizi istərdik... 

- Samir Əliyev savadlı insandır, Şahsevən və Hüseyn Əliyevlərin oğludur. Anam diplomat, atam mühəndis olub. Samiraldo isə gündəmdə qalmaq, insanların sevgisini qazanmaq üçün əlindən gələni edən insandır. 

Samir Əliyevi təhqir edən olsa cavablarını verərəm. Axı Samir - Samiraldo deyil. Normal, obraza girməyən insandır. Samirlə Samiraldonun fərqi böyükdür. Samiraldo fanatlarla yaşayan tanınmış, maraqlı insandır. Zarafatçıldır, hər sözü yumordur. Samir isə çox qapalı insandır, evdən bayıra çıxmır. 

- Uşaq evində böyümüsünüz, tanındıqdan sonra valideynləriniz sizi axtardı? 

- Bəli, uşaq evində böyümüşəm. Amma bunu heç vaxt özümə dərd etməmişəm. İndi məni axtarsalar da onları qəbul etmərəm. Valideynlərimi tanımıram. 

- Bildiyimizə görə, müğənni Samir Bağırovla dostluq edirsiniz. Hazırda münasibətiniz necədir? 

- Samir Bağırov haqqında danışmaq istəmirəm. Allah onun köməyi olsun. Yaxşı müğənnidir, sənətkardır. Amma insan kimi insan deyil. 

- Küsülüsünüz? 

- Danışmaq istəmirəm. Ondan mənə neqativ enerji gəlir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.