Şou-biznes

Ərli Elza, Səmranın anası, Kənanın gecəsi, Enrikenin qucağına tullanan qız - HƏFTƏBECƏR

28 İyun 2016 07:45
28 Şərh     Baxış: 8 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (82-ci say) təqdim edir.
Xalq artisti Niyaməddin Musayev çoxdandı efirə çıxmırdı. O gün dahi sənətkarı Şəbnəm Tovuzluyla verilişə çağırmışdılar. Musayev də əlində şikayət ərizəsi studiyaya gəlmişdi. Deyirdi ki, müğənnilər düzgün oxumurlar.
"Tələffüzün özü böyük şərtdir. Çoxlarında bu, düz deyil. Əksəriyyəti "x" sözünü çatdıra bilmir. "Xatırlayarsan" əvəzinə "qatırlayarsan" deyirlər. Belə olmaz... Bunu müğənnilərə izah etməyə çalışıram ki, düz oxusunlar".
Niyaməddin müəlllim, mən bir müğənni tanıyıram, heç "qatırlayarsan" da demir, "qoturlayarsan" deyir. Yeri gəlmişkən, Musayev də öz dövrünün qəbul edilməyən sənətçilərindən olub. Yeniliklərini çox adam qəbul etmirmiş. Bu üzdən müəllimin "qatır-qotur" oxuyan sənətçilərə dəstək olması savabdır.

Yəqin eşitmisiniz, həmişə sarsaq, oğru, çəkilməyəcək adamları erməniylə müqayisə edirlər. Bu dəfə isə insanlığın üz qaraları Nadir Qafarzadənin "Maral, maral" mahnısını oğurlayıblar. Düzdür, mahnını Nadir yazmayıb. Amma yüz faiz əminəm ki, bu ifaya qədər onların belə bir mahnının mövcudluğundan xəbəri yox idi. Hər halda "Sarı gəlin"dən sonra "Maral, maral"la sovuşmaq pis deyil.

Əməkdar artist Elza Seyidcahan neçə vaxtdir şeir zad yazmırdı. Axı deyirlər ki, şeiri tək, dərdli adamlar yazır. Sən demə, Elzanın da başı qarışıbmış. Ərə gedir. Türkiyədə yaşayan əcnəbi iş adamıdır. Uşaqları olsa, adını ya qlobus, ya xəritə, ya da atlas qoyacaqlar. Elza deyir ki, mənə çox elçi düşən olub. Traktor sürəndən tutmuş prokurora kimi. İndi düşünün də traktor sürənlə prokurorun arasında hansı peşələr var? "KamAZ" sürücüsü, liftçi, tankist, dəmirçi, işıqçı... Hə, bu əcnəbi müəllimin bir yaxşı cəhəti də var ki, odda yanmır, suda batmır, qısqanmır, pul verəndə demir ki, hara xərclədin. Elza demişkən, çox yaxşı pulqabıdı, üzr istəyirəm, yaxşı insandı.

"Eurovision" təmsilçimiz Səmranın anasının fotolarını görəndən bəlkə 50 nəfərdən soruşmuşam ki, sən canın, doğrudan, bunlar ana-baladılar. İntəhası, zahirən avropalı olan xanım qızını özü məsləhət bildiyi adama, özü də avropalıya ərə verəcək. Yerli gənclər, gözünüzü və əlinizi qızdan çəkin. Gələcək kürəkən avropalı olmalıdır. 
"Hər zaman Səmraya da məsləhət verirəm ki, tənqidlərə əhəmiyyət verməsin. O da elə edir. Onun ailə qurmasını hələ istəmirəm. Nə zaman ailə qurmaq istəsə, onun avropalı bir bəylə ailə qurmasını istərdim. Çünki ailə qurub, sənətdən uzaqlaşmasını istəmirəm. Hər şeyin öz vaxtı var. Hələ ki, bütün diqqətini sənətinə yönəldib".
Bəlkə bir az sərt səslənəcək. Amma mənə görə azərbaycanlı oğlanları bəyənməyib, müasir dəyərlərlə yaşayan Avropaya qız vermək istəyən qadının düşüncəsi ucqar dağ kəndindəki qadının fikirlərindən çox da fərqlənmədi.

Qadın sənətçilərin 3 gün ərzində ev, maşın aldıqları haqda eşitməmiş olmazsınız. Əslində, burada əsas yük gecələrin üzərinə düşür. Məsələn, birinci gecə ev, ikinci gecə maşın və sair. Əvvəl isə sənətdə olan kişilərin də bu imkanı varmış. Məsələn, vaxtında ayıb da olmasın, rejissor Kənan M.M.-in gecəsinə bir maşın vermək istəyən qızlar olub. Ancaq rejissor görün nə edib:
"Evlənənə qədər neçə dəfə sevmişəm. İlk sevgim ingilis dili müəlliməm olub. O qədər evli qadınlardan təkliflər almışam ki... Özümü onun kişisinin yerinə qoymuşam, razılaşmamışam. Bir qız 2 ay mənə yazdı, görüşmək istədi. Axırda görüşdüm, o qədər gözəl idi ki... Ətrinin iyi özündən əvvəl gəlirdi. Özümü söyürdüm ki, 2 ay bunu necə geri çevirmişəm? Ad günüm ərəfəsində qız mənlə görüşdü, stolun üstünə maşın açarı atdı ki, "1 gecə mənim ol". Etiraz etdim, nəfsimin qurbanı olmadım. Halbuki, çox ehtiyacım var idi, maşın alacaq qədər qazanmırdım. Sonra öz gücümə ev də, maşın da aldım".
Elə indicə bu açıqlamanı Qulpqoyan dayıyla oxuyuruq. Deyir ki, bala, mənim də yaxşı vaxtlarım olub. İndi heç gecəmə bir "Desna" velosipedi də verməzlər.

Gənc aktrisa Mələk Heydərovanın "istədiyim pulu versələr, yatağa girərəm" açıqlaması sosial şəbəkələrdə müzakirə olunur. Mələyin həmkarı Diana da açıqlama verib ki, bəs mənə 200 min rubl verirdilər, özüm soyunmadım. Bilmirəm, qonorarın qiymətini qaldırmaq istəyib, yoxsa soyunmağa qarşı allergiyası var.

Enrike İqlesias peşman oldu Bakıya gəldi. Bir 14 yaşlı qız eləmə tənbəllik, uzaqdan gəl tullan bu gədənin qucağına. Bunun da 41 yaşı var, zəif uşaqdı da. Nəysə, birtəhər qızı qucağında saxlaya bilib. İndi bu söhbət də bütün ölkə mətbuatıyla birdi. Artıq 7-8 qız "Enrikenin qucağına tullanan qız" qismində müsahibə verib. İndi ümid qalıb Enrikenin qucağına. Ya da bir kaskadyor-ekspert yoxlamalıdır ki, o sürətlə tullanan kim olub. Eşitdiyimə görə yaxın vaxtlarda Cennifer Lopezin Bakıda konserti olacaq. Hazırda bir neçə gənc oğlan Cenniferin qucağına tullanmaq üçün məşqlərə başlayıb. Əvvəlcə uzaqdan qucağa tullanma üzrə ölkə birinciliyi keçiriləcək. İlk üç yeri tutan idmançılar Lopezin qucağına tullana biləcəklər.
Vergilər Nazirliyi də borcu olan müğənnilərin siyahısını yayıb. Bir qismi də çıxıb deyib ki, borcumuz zadımız yoxdur. Necə deyərlər, müğənninin əlində toyda mikrofonu tutursan, deyir ki, kürdandı (diş çöpü), dişimi qurdalayırdım.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.