Şou-biznes

"Yoxlama" verlişi bağlanıb? - AÇIQLAMA

13 İyun 2016 16:53
24 Şərh     Baxış: 9 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan, hazırda sosial şəbəkədə tənqid hədəfinə çevrilən "Yoxlama" verilişinin yayımının dayandırılması barədə məlumat yayılıb. 

Səsləndirilən iradlardan sonra ATV rəhbərliyinin həftənin cümə günü efirə gedən "Yoxlama" verilişinin növbəti buraxılışını proqramdan çıxardığı iddia olunur.

Milli.Az xəbər verir ki, musavat.com məsələyə aydınlıq gətirmək üçün verilişin aparıcısı Azər İsmayılovla əlaqə saxlayıb. 

Teleaparıcı bildirib ki, proqramın yayım günü dəyişdirilib:
 
"Proqram bağlanmayıb. Bu gün axşam saat 23:00-da efirdə olacaq. Sadəcə Avropa çempionatına görə proqramın vaxtını dəyişmişik".

A. İsmayılov onu reketlik etməkdə ittiham edənlərə, məmurların deyil, adi vətəndaşların restoranlarına baxış keçirdiyi üçün irad bildirənlərə cavab verib: 

"Siz proqramda reketlik görürsünüz? Məndən inciməyin, mənasız söhbətlərə münasibət bildirmək istəmirəm.  Hər adamın öz fikri var, onlara hörmətlə yanaşırıq. Hər kəs istədiyini deməkdə sərbəstdir. Biz Azərbaycan xalqının yaxşılığı üçün çalışırıq. Hamımızın doğmaları o restoranlarda qidalanır, biz insanların xoş günü üçün çalışırıq.  Bizim əməyimizi necə pis hal kimi qarşılaya bilirlər? Reketlik etmirik, maddi təmənnasız, pulsuz "Yoxlama" layihəsini həyata keçiririk. Heç kimdən pul almırıq, təmənna güdmədən layihəni davam etdiririk".

Qeyd edək ki, ötən həftə Şamaxı şəhərində yerləşən restoranda çəkiliş zamanı "Yoxlama" verilişinin əməkdaşları fiziki zorakılığa məruz qalıblar. Restoranın sahibi çəkiliş qrupuna mane olmaq istəyib. Ancaq aparıcı Azər İsmayılov buna qarşı çıxanda gərginlik daha da artıb. Restoran sahibi və yanındakılar çəkiliş qrupuna hücum ediblər. Onlar "Yoxlama"çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqiredici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb. Bu hadisədən sonra proqram sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunub. Bəziləri jurnalistlərin döyülməsini mənfi hal kimi qiymətləndirsə də,  çoxları layihənin reketlik xarakterli olduğunu iddia edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.